İdman

Dünya Velosiped Mərkəzinə dəvət alan azərbaycanlı gənc - Portret - FOTO

13 Yanvar 2019 20:24
0 Şərh     Baxış: 876
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, bu uğura cəmi dörd il ərzində nail olub 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Yola salmağa hazırlaşdığımız 2018-ci il digər sahələrdə olduğu kimi, idmanda da əlamətdar hadisələrlə yadda qaldı. Belə ki, tarixdə ilk dəfə olaraq cüdo və velosiped idmanının BMX növü üzrə dünya çempionatına ev sahibliyi etdik. Yüksək səviyyədə baş tutan sözügedən mundiallarla yanaşı, dünya idmanının elit qrupunda yer alan Formula1 üzrə sayca üçüncü Azərbaycan Qran-prisi mövsümün ən yaxşı yarışlarından biri seçildi. Bu və digər faktlarla "odlar yurdu"nun idman ölkəsi imici növbəti dəfə təsdiqlənmiş oldu. 

Velosiped idmanı ilə bağlı digər diqqətçəkən məqam isə iki həmyerlimizin Dünya Velosiped Mərkəzinə dəvət almasıdır. Gənclərdən ibarət yığmanın üzvləri Musa Mikayılzadə və Kərim Şirəliyev altı ay müddətində adlı-sanlı həmkarları ilə bir araya gələrək, mükəmməl təcrübə toplayacaq. Onu da vurğulayaq ki, iki təmsilçimizin İsveçrədə keçirilən ənənəvi təcrübə proqramına çağırılması, Azərbaycan velosiped idmanında ilk haldır. Bu gün o gənclərdən birini - Kərimi sizə yaxından tanıdacağıq.

Veloidmana gəlişinin maraqlı tarixçəsi var. Belə ki, o, velosiped sürdüyü günlərin birində, yolda təsadüfən rastlaşdığı şəxslə yarışa çıxaraq, sonda üstün tərəf olur. Sonradan söhbət əsnasında məlum olur ki, həmin şəxs əslində, peşəkar velosipedçi imiş. Potensialına heyrət edən "rəqibi", Kərimə bu idman növü haqqında danışaraq, peşəkar karyera qurmağı tövsiyə edir. Şirəliyev, bir ay çək-çevir etdikdən sonra onunla əlaqə saxlayıb, koordinatları alır və beləcə, həyatında yeni səhifə açılır. 

Halbuki...
 
Şirəliyev Kərim Rəhim oğlu 3 iyun 1999-cu ildə Bakıda doğulub. İdmançıların əksəriyyətində maraq lap kiçik yaşlardan özünü büruzə versə də, Kərim, 15 yaşına qədər ümumiyyətlə, idmançı olmaq sevdasına düşməyib. Maraqlıdır ki, onun heç futbolla da arası olmayıb. Məhəllələrində digər uşaqlar hər gün futbol oynasa da, onu çox nadir hallarda top qovan görüblər. Əvəzində, orta məktəbdə yaxşı oxuyan şagird kimi ad çıxarıb. Dediyinə görə, ailəsində daim təhsil prioritet kimi qəbul edilib. Bu səbəbdən də, ilk vaxtlar valideynləri idmanla məşğul olmasına narazılıqlarını bildiriblər.

2014-cü ildən "Lokomotiv"də ilk addımlarını atan Şirəliyev, tezliklə adından söz etdirir. Heç üç ay keçmir ki, U-17 kateqoriyasında Azərbaycan çempionatının gümüş medalına sahib çıxır. Bununla da, dərslərinə də vaxt ayırmaq şərti ilə ata-anasının razılığını alır.
 
Azərbaycanın ən güclü velosipedçisi
 
İlk ilini o, Federasiya Kuboku və ölkə çempionatının iki qızıl medalı ilə başa vurur. Növbəti - 2015-ci ildə Azərbaycan çempionatının daha üç qızıl medalına sahib çıxan Kərim, Federasiya Kubokunda gümüş və bürünc medalları boynundan asır.

2016-cı il gənclər kateqoriyasında ilk ili olsa da, ölkə çempionatını qızıl, Federasiya Kubokunu isə gümüş medalla başa vurur. Uğurlara doymayan Şirəliyev, 2017-ci ildə də Federasiya Kubokunda fərqlənir. Burada bürünc medalla kolleksiyasını zənginləşdirən qəhrəmanımız, beynəlxalq yarışlarda da nəzərəçarpacaq uğurlara imza atır. Bunlardan biri də Türkiyədə baş tutan iki günlük "Fatih Sultan Mehmet" veloturunun qızıl və gümüş medallarıdır. Belə ki, 2017-ci ildə ümumi nəticədə gümüş medal qazanan Kərim, növbəti il dağ mərhələsində ikinci olub.

Beləliklə, cari ildən 23 yaşadək velosipedçilərdən ibarət millimizin heyətinə cəlb olunub. Geridə qalan bir il ərzində sadəcə, beynəlxalq yarışlarda iştirak edib. Qəhrəmanımız, bir ara "Sinerji Bakı" komandasında da çıxış edib. Kərim, komandanın adlı-sanlı üzvləri ilə çiyin-çiyinə üç mötəbər yarışa qatılıb. Bir sözlə, Şirəliyev bu gün Azərbaycanın ən perspektivli velosipedçilərindən sayılır.

Əvəzsiz fürsət
 
Məlumdur ki, velosiped idmanı ölkəmiz üçün ənənəvi növlərdən deyil. İdmançılarımızdan qitə və dünya miqyaslı mötəbər yarışlarda, olimpiadalarda böyük uğurlar gözləmək, sadəlövhlük olar. Bu gün üçün əsas məqsəd növün kütləviləşməsini təmin etməkdir. Kərim və onun komanda yoldaşlarının qazandığı nailiyyətlər məhz bu baxımdan olduqca əhəmiyyətlidir. Bununla belə, qəhrəmanımız, tarixdə sıradan biri kimi qalmaq istəmir, o, böyük zirvələri hədəfləyib. Dünya Velosiped Mərkəzində özünü ən yaxşı tərəfdən göstərib, nüfuzlu komandaların birinin diqqətini cəlb etməyi düşünür. Özünün dediyinə görə, bu təcrübə proqramında iştirak edən velosipedçilərin əksəriyyətinin əziyyəti yerdə qalmır. Nəzərə çatdıraq ki, proqram 2019-cu il, yanvarın 15-də start götürəcək.
 
İki il hobbi, iki il peşə
 
Veloidmanla məşğul olduğu illəri iki yerə ayırır. Belə ki, iki il hobbi, sonrakı iki ili peşə kimi səciyyələndirir. Karyerasını otuz yaşa qədər davam etdirməyi düşünən gənc velosipedçi, bunda xaricdən dəvətin gəlib-gəlməməsinin də rolunu istisna etmir. Nüfuzlu klublardan biri ilə anlaşacağı təqdirdə, hələ uzun illər onu idmanda görəcəyik.

"Velosipedçi kimi ən üstün cəhətim verilən tapşırıqları düzgün yerinə yetirməyimdir" - deyir. İşinə qarşı məsuliyyətinə görə, daim diqqət mərkəzində olub. Onun canfəşanlığını bir çox yerli və xarici mütəxəssislərlə yanaşı, komandamızın təcrübəli və titullu velosipedçilərindən olan Kiril Pozdnyakov da dəfələrlə yüksək qiymətləndirib.

Gələcəyin iqtisadçısı
 
Kumiri "Sinerji Bakı"da çiyin-çiyinə çıxış etdiyi, keçmiş komanda yoldaşı Aleksandr Polivadadır.
 
Hobbisi bilyard oynamaqdır. Dediyinə görə, burada da onunla bacarmaq çətin məsələdir. 

Hazırda Tbilisi Dövlət Universitetinin iqtisadiyyat fakültəsində təhsil alan Şirəliyev, bununla, valideynlərinə və böyük qardaşına verdiyi sözü tutub. İntellektual səviyyəsi ilə seçilən Kərim, ingilis və rus dillərini də yaxşı səviyyədə bilir. Dil biliklərini və ümumi dünyagörüşünü genişləndirmək üçün mütəmadi hekayələr oxuyur, filmlər izləyir.

Bu arada onu da vurğulayaq ki, veloidman həm də səyahət etməyi sevən, dünyanın hər yerini gəzib-görməyi arzulayan gənc qəhrəmanımız üçün bir vasitə rolunu oynayır.
 
Xaraktercə ünsiyyətcil, səmimi olan Kərim, əhatə dairəsini genişləndirməyi, daim yeni insanlarla tanış olub, onların bilik və bacarıqlarından faydalanmağı qarşısına məqsəd qoyub.

Portret

Belə bir deyim var: Bir işə necə başlasan, elə də davam edəcəksən. Cəmi dörd il ərzində gəldiyi nöqtə, onun istedadını, əzmkarlığını, bir sözlə, potensialını bütün təfərrüatı ilə ortaya qoyur. Özü hələ çox gənc olsa da, həmkarlarının ondan öyrənməli olduğu çox şey var.

Kərim, Azərbaycanda daha populyar olan növləri deyil, velosiped idmanını seçdiyinə görə qətiyyən peşman deyil. Hesab edir ki, onun üçün ən uyğun növ məhz budur.
 
Təvazökarlığı, yüksək təlim-tərbiyəsi ilə seçilən qəhrəmanımız, ölkə velosiped idmanı camiəsində hamının hörmətini qazanıb, az yaşına rəğmən, nümunəvi idmançı kimi qəbul edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.