İdman

"Sotomayor kimi boynu nazik olan boksçular tez nokauta düşür" - Ağacan Abiyev

6 Dekabr 2018 16:56
0 Şərh     Baxış: 571

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev ölkə çempionatının yekunlarını dəyərləndirib.

Milli.Az xəbər verir ki, o, oxu.az-a verdiyi müsahibəsində gənclərin fərqləndiyini bildirib:

"Xoşagələn hadisə odur ki, yaxşı, yeni gənclərimiz var. Hesab edirəm ki, həmin gənclər gələcəkdə indiki milli üzvlərindən yaxşı yerlər tutacaq. Ümumiyyətlə, hazırlığa gəlincə, ilin sonudur, döyüşlər hələ irəlidədir. Amma ilin sonuna baxmayaraq, uşaqlar yaxşı boks göstərdilər. Bu sözlərim istər adlı-sanlı boksçularımıza, istərsə də gənclərə aiddir".

O, 69 kq çəki dərəcəsinin yarımfinalında Elnur Süleymanov tərəfindən nokauta düşmüş millimizin üzvü, Olimpiya mükafatçısı Lorenso Sotomayor haqda da sualımıza cavab verib. 

Millət vəkili bildirib ki, Sotomayorun bu nokautdan sonra özünə gəlməsi çətin olacaq:

"Sotomayor kimi sifəti arıq, boynu nazik olan boksçular tez-tez nokauta düşür. Əgər o nokaut olmasaydı, bəlkə də, qalib gələcəkdi. Amma bərk zərbə ilə sarsıdıldı. Belə zərbə ilə daha qalib gəlmək olmaz. Ola bilsin ki, bir-iki aydan sonra məşq edib yenidən özünə gəlsin. Amma hər boksçu belə zərbədən sonra özünə gələ bilmir. Onun bəxti gətirmədi. Bəzən görürsən ki, orta səviyyəli boksçu güclü rəqibi ilə görüşdə bəxti gətirir və zərbəsi düz onun çənəsinə dəyir, nokauta salır. Halbuki xal hesabı ilə uduzurmuş. Burda da elə oldu. 

Sotomayorun fizioloji forması elədir ki, hər zaman özünü zərbədən qorumalıdır. Bir neçə dəfə nokdauna düşüb, amma ona zərbə zəif vurulub deyə uduzmayıb. Hündürboyludur, amma bərk zərbəyə o cavab verə bilmir. Bu dəfə isə nokdaun yox, nokaut olduğundan, rəqibinə tam üstünlüklə qələbə verildi. 

Özü də çox da gənc deyil ki, deyəsən, bu yarışdan sonra yığmada olmayacaq. Belə nokautdan sonra ən azı altı ay məşq etməməlidir. Altı ay məşq etməsə, Olimpiadanın seçmə yarışlarına getməyin də mənası yoxdur. Baxaq, görək, öz boksçularımızdan onun yerinə kimi götürmək olar".

Boks millimizin yeni baş məşqçisi Vaqif Şirinov saytımıza verdiyi müsahibəsində bütün medalçıların yığmaya götürüləcəyini desə də, federasiya vitse-prezidenti fərqli danışıb. O, ancaq qızıl və gümüş medalçıların yığmaya çağırılacağını bildirib:

"Sözsüz ki, həmin çəkidə ilk iki yeri tutan idmançılar yığmaya götürüləcək. I və II yeri tutmuş idmançılar millinin təlim-məşq toplanışlarında iştirak edəcəklər. Beynəlxalq yarışlardakı nəticələrinə görə, millinin baş məşqçisi onlar arasından əsas boksçunu seçəcək. Seçim olacaq".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.