İdman

Millini dirçəldən qələbə və ya bayram hədiyyəsi - REPORTAJ

17 Noyabr 2018 23:27
0 Şərh     Baxış: 1 583
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Azərbaycan yığma komandası UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

Milli.Az "Report"a istinadən bildirir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin V turunda Farer adalarını qəbul edib. Milli Dirçəliş Gününə təsadüf edən matç Bakı Olimpiya Stadionunda baş tutub.

Qurbanov son iki oyunla müqayisədə start heyətində bir dəyişiklik edib. Rahil Məmmədovu "11-lik"dən çıxaran baş məşqçi Maksim Medvedevi müdafiənin mərkəzinə - Bədavi Hüseynovun yanına çəkib. Onun mövqeyinə Pavlo Paşayev keçib. Məmmədovu əvəzləyən Təmkin Xəlilzadə isə müdafiənin solunda yer alıb.

Qapı yenə kapitan Kamran Ağayevə həvalə olunub. Müdafiənin önündə Qara Qarayevlə pleymeyker Riçard Almeyda qərarlaşıb. Araz Abdullayevlə Mahir Mədətov yarımmüdafiənin cinahlarında, Dimitri Nazarov isə mərkəzində yer alıb. Rüfət Dadaşov isə tək forvard qismində öndə lövbər salıb.

Səfərdə Farer adalarını 3 cavabsız qolla məğlub edən yığma Bakıdakı oyuna da hücumlarla başlayıb. Artıq 8-ci dəqiqədə A.Abdullayev hesabı açmağa yaxın olub. Lakin onun cərimə zərbəsindən vurduğu topu rəqib qapıçı dəf etməyi bacarıb. Nəhayət, 16-cı dəqiqədə adalıların kapitanı Atli Qeqersen avtoqola imza atmağa yaxın olsa da, top qapı xəttindən çıxıb. Künc zərbəsindən ötürülən topu isə D.Nazarov qapı istiqəmətinə yönəldib. Sonni Raqnar Nattestadda dəyən top istiqamətini dəyişərək, tora daxil olub -1:0.

Bir qədər sonra isə M.Mədətov ön plana çıxıb. Gənc futbolçu təxminən 30 metr məsafədən mükəmməl zərbə ilə üstünlüyü artırıb. Ardınca R.Dadaşov fərqlənməyə yaxın olub. Lakin D.Nazarovun cərimə zərbəsindən ötürməsindən sonra onun başla vurduğu top dirəyin yanından keçib.

Milli ikinci hissəyə bir əvəzetmə ilə başlayıb. İlk yarının sonunda zədələnən K.Ağayevin yerinə qapıya Səlahət Ağayev keçib. Fasilədən sonra oyunun mənzərəsi xeyli dəyişib, temp aşağı düşüb. Demək olar ki, qapılar önündə ciddi təhlükə yaranmayıb. 71-ci dəqiqədə isə P.Paşayev zədələnərək yerini R.Məmmədova verib. 78-ci dəqiqədə isə R.Dadaşovun əvəzinə meydana daxil olan Mirabdulla Abbasov millidə debüt edib.

Görüşün ən fəallarından olan D.Nazarov 87-ci dəqiqədə qol vurmağa yaxın olsa da, onun zərbəsi qapıya düşməyib. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə isə M.Abdulla Abbasovla T.Xəlilzadə qol şanslarını qaçırıblar. Birincinin zərbəsini qapıçı dəf edib, digəri isə topu qapının üstündən vurub.

Beləliklə, Azərbaycan millisi 2 cavabsız qolla önəmli qələbə qazanaraq xalını 9-a çatdırıb və 2-ci pillədə qalıb.

D liqasının III qrupunda paralel keçən digər oyunda Kosovo səfərdə Maltanı 5:0 hesabı ilə məğlub edib. Bununla da lider xalını 11-ə çatdırıb. Bu isə o deməkdir ki, Azərbaycan millisi qrup qalibi kimi pley-offa vəsiqə qazanmaq üçün noyabrın 20-də Priştinada Kosovonu mütləq məğlub etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.