İdman

İnsan iradəsinin sərhəd tanımadığını dünyaya göstərən azərbaycanlı gənc - Portret - FOTO

21 Oktyabr 2018 20:24
4 Şərh     Baxış: 2 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, tarixi uğurun astanasındadır 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Günümüzdə, idman həm də fiziki məhdudiyyətli insanların mənəvi reabilitasiyası, cəmiyyətə uyğunlaşması üçün böyük əhəmiyyət kəsb edir. Nəcib maraqlar 1960-cı ildən bu yana ali səviyyədə əksini tapır. Çox qürurludur ki, Azərbaycan paralimpiya hərəkatının geniş təbliğ olunduğu ölkələrdəndir. Dövlətimizin paralimpiyaçılara göstərdiyi diqqət və qayğı dünyada nümunəvi model kimi təqdim edilir.

Alman neyrocərrah Lüdviq Quttmanın başlatdığı hərəkat, bu gün minlərlə fiziki məhdudiyyətli insan kimi, hipofizar nanizm sindromundan - başqa sözlə, qısaboyluqdan əziyyət çəkən Pərvinin də qəhrəman xarakterini ortaya çıxarmaq üçün əvəzsiz fürsətə çevrilib.
 
Dərslərini yaxşı oxumasa da...
 
Məmmədov Pərvin Rasim oğlu 1995-ci ildə Bakıda dünyaya göz açıb. Mübarizə apardığı xəstəliklərlə əlaqədar olaraq, orta məktəbə iki il gec gedib. Dərslərini yaxşı oxumasa da, uşaqlıqdan rəsm bacarığı ilə diqqət mərkəzində olub. Bu səbəbdən, orta təhsilini 9-cu sinifdən başa vuraraq, sənədlərini  Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinə verib. Qabiliyyət imtahanından məqbul qiymət alan Pərvin, testdən lazım olan balı toplaya bilməyib. Bununla belə, sevdiyi sənətdən uzaqlaşmayıb. O, bir ara hətta portret sifarişləri də qəbul edib.
 
Telefon ustasının məsləhəti
 
Pərvin, bəhs olunan dövrdə rəssamlıqla yanaşı, idmanın karate növü ilə də məşğul olub. Pauerliftinqə gəlişi isə təsadüfi alınıb. Belə ki, bir gün telefon təmiri üçün müraciət etdiyi usta, ona bu idman növü haqqında məlumat verir, tanıdığı mütəxəssisə yönləndirir. Pərvin, əvvəlcə atası ilə məsləhətləşir. Lakin Rasim bəy ehtiyat edir, bir müddət istəyinə qarşı çıxır. Çox təkid etdiyini gördükdə, ata, həkimlə məsləhətləşir və məlum olur ki, səhhəti üçün heç bir təhlükə yoxdur. Beləliklə, Pərvin məşqlərə başlayır. Cəmi üç ay sonra isə o, Ağsuya - ölkə çempionatına yollanır. 49 kiloqram çəki dərəcəsində yarışan Məmmədov, yekunda 80 kiloqramı ram etməklə, gümüş medal qazanır. Debütdəcə qazanılan nailiyyət həvəsini birə beş artırır. Beləliklə, bütün diqqətini bu idman növünə yönəldir. Gün keçdikcə, özündə həm psixoloji, həm də fiziki-texniki planda ciddi irəliləyiş hiss edir. "Qaldırdığım yük xoşbəxtlik olsun, yorulmaz qollarım" deyərək, böyük uğurlara doğru inamla addımlayır. Növbəti iki ildə Sumqayıtda təşkil olunan Azərbaycan çempionatlarında nəticəsini bir xeyli yaxşılaşdırmaqla, fəxri kürsünün ən yüksək pilləsində dayanır. Bununla da, Milli Paralimpiya Komitəsinin pauerliftinq idman növü üzrə baş məşqçisi İlqar İbişov fitri istedadı yığmaya cəlb edir.
 
"İroniya"ya tutarlı cavab
 
Bu hadisə 2016-cı ilin sonlarına təsadüf edib. Növbəti ilin təqvimində isə öncə dünya kuboku, ardınca isə dünya çempionatı yer almışdı. Hər iki yarışa qatılmağı hədəfləyən Pərvin, ilk günlərdən bütün potensialını ortaya qoymağa çalışır, əzmkarlığı, işinə məsuliyyəti ilə İbişovun nəzərini üzərinə çəkməyi bacarır. Beləliklə, çalışdırıcı onu may ayında Macarıstanın Eger şəhərində keçirilən dünya kubokuna aparır. Bu yarışı İlqar bəy şərh edir: "İlk beynəlxalq təcrübəsi idi deyə, birinci cəhddə riskə getmədim. Şəxsi göstəricisindən xeyli az, 110 kiloqram sifariş verdim. Pərvin çox rahatlıqla, qüsursuz şəkildə bunu qaldırsa da, hakimlər nədənsə hesaba almadılar. Səbəbini soruşanda, kənardan ukraynalılar ironiya ilə cavab verdi ki, çox yaxşı qaldırdı, ona görə. Açığı, çox pisimə gəldi. Öz-özümə dedim, indi baxarsınız. Baxdım ki, Pərvinin də əhvalı korlanıb. İkinci cəhddə 125 kiloqram sifariş etdim. Bu hərəkətini bütün hakimlər qeydə aldı. Nəticədə dördüncü yerə yüksəldi. Çox istəyirdi ki, medalla qayıtsın. Bütün ehtimalları nəzərə alıb, 131 kiloqram sifariş elədik. Bu çəkini də ram edib, yekunda bürünc medal qazandı. Əla nəticə idi. Bu cür yarışlara ilk dəfə qatılıb, medal qazanmaq çox az idmançıya nəsib olur".
 
Haqsızlıqla üzləşir
 
Sentyabrda ölkə çempionatına qatılan Məmmədov, bu dəfə də rəqib tanımır. Növbəti dayanacaq isə Meksika idi. Bu, Pərvinin ilk mundialı olsa da, o, ən güclülərin yer aldığı A qrupunda qərarlaşmışdı. Məmmədov, yekun nəticədə 136 kiloqramlıq nəticə ilə səkkizinci nəticə göstərir. Burada da ona qarşı haqsızlıq edilir. Son yanaşmasında 145 kiloqramı ram etsə də, hakimlər bu çəkini qeydə almır. Nəticə qeydə alınsaydı, o, "beşlik"də qərarlaşacaqdı. Haşiyə çıxaraq bildirək ki, qaydalara görə, protest üçün 100 avro tələb olunur, üstəlik, bunu münsiflər heyətinin 5 üzvü də təsdiqləməlidir. Belədə, çox nadir hallarda hakimlərin qərarında dəyişiklik edilir.
 
Avropa çempionluğu!
 
2018-ci ilin proqramında sadəcə, bir mötəbər yarış yer alırdı ki, bu, Avropa çempionatı idi. Pərvin, 143 kiloqram nəticə ilə beynəlxalq arenada ən yüksək göstəricisini müəyyənləşdirərək, qitənin ən güclüsü adını qazanır. Yarış həm də açıq status daşıdığından, burada digər qitə təmsilçiləri də mübarizə aparırdı. Məmmədovun bu göstəricisi hamı üçün əlçatmaz olur, nəticədə o, vətənə bir deyil, iki qızıl medalla dönür.

Ötən həftə isə Pərvin, 146 kiloqram nəticə ilə yenidən Azərbaycan çempionu olub. Qeyd edək ki, onun 49 kiloqram çəkidə imza atdığı bu göstərici, yuxarı çəkilərdə qalib adını qazananların bir neçəsindən yüksəkdir.
 
Hər şeyə rəğmən...
 
Pərvin, hər bir idmançı kimi, olimpiya zirvəsini fəth etmək arzusundadır. O, hazırda dünya reytinqində ilk "səkkizlik"dədir. Zirvə yarışına da sadəcə, səkkiz yer lisenziya verir. Növbəti il isə pauerliftinqçiləri üç mühüm yarış gözləyir. Odur ki, qətiyyən arxayınlaşmaq olmaz. Pərvin, fevral və may aylarında, müvafiq olaraq, Birləşmiş Ərəb Əmirlikləri və Macarıstanda baş tutacaq dünya kubokunda, iyulda isə Qazaxıstanda təşkil ediləcək dünya çempionatına qatılıb, həm beynəlxalq yarış təcrübəsini artırmaq, həm də reytinqdəki mövqeyini yaxşılaşdırmaq niyyətindədir.

Paralimpiya, məram etibarilə nə qədər möhtəşəmdirsə, bir o qədər də kənar maraqların dövr etdiyi yerdir. Əlillik kateqoriyalarının müəyyənləşdirilməsində saxtakarlıqlar qeydə alınır, yarışlar idman prinsiplərindən kənar formada təşkil olunur. Məsələn, cüdoda tam görmə məhdudiyyətli insanlar 30-40 faiz civarında görmə imkanına malik şəxslərlə birgə mübarizə aparırlar. Eləcə də, pauerliftinqdə insanların imkanları nəzərə alınmır. Pərvin kimi qısaboylu atletlər, ayaqları anadangəlmə mövcud olmayan və ya bir və ya hər iki ayağını qəza nəticəsində itirmiş paralimpiyaçılarla yarışır. Belədə, çəki balansı itir, üstəlik, qısaboyluların əllərinin normadan xeyli kiçik olması, ştanqa yanaşmada böyük uyğunsuzluq yaradır. Bunun nəticəsidir ki, hipofizar nanizm sindromlu pauerliftinqçilər çox az hallarda dördilliyin zirvə yarışında fərqlənirlər. Çempionluq isə ümumiyyətlə, nadir hallarda qeydə alınır. Tarixə düşmək istəyən Pərvinin potensialı mütəxəssislər tərəfindən kifayət qədər yüksək qiymətləndirilir. Bir sözlə, fenomenlə vətəndaşlıq şərəfini bölüşürük.
Məmmədov, Tokioda qazanacağı digər əyyarlı medalla pauerliftinq üzrə ilk mükafatçımız kimi, adını Azərbaycan paralimpiya tarixinə yazdıra bilər. Buna qədər cüdo, atletika, üzgüçülükdə onlarla medal qazansaq da, təəssüf ki, pauerliftinqçilərimiz zirvə yarışında fərqlənə bilməyib. Dünya rekordçusu Elşən Hüseynovla üç dəfə buna yaxın olsaq da, talesizlik nəticəsində sonda əliboş qalmışıq.
 
"Əminəm ki, birinci yeri tutar"
 
Pərvin haqqında yığmamızın baş məşqçisi İlqar İbişov danışır: "Onu ilk dəfə Ağsuda keçirilən respublika çempionatında görmüşdüm. Komandaya çağırmağımı məsləhət gördülər, razılaşmadım. Fikirləşdim ki, hələ çox tezdir. Dedim, bir-iki il gözləyək, bədəni bir az da möhkəmlənsin. İki il sonra yığmaya dəvət etdim. Pərvin, iki ildə on ilə planlaşdırılan nəticələri göstərib. İdmançı xarakterinə söz ola bilməz.  Bizim bütün diqqətimiz Paralimpiya Oyunlarına yönəlib. Ona görə də Pərvini və digər uşaqları çox yükləmək istəmirəm. Yoxsa o, bu gün 143-146 deyil, 160 kiloqramı da rahatlıqla ram edə bilər. İstəyirəm, digər millilər elə bilsin ki, bizim iddiamız yoxdur. Bir növ, kəşfiyyatçı mövqeyi tutmuşuq. Biz komanda olaraq, sözümüzü Tokioda deyəcəyik. Pərvin orada medal qazanmasa belə, inanıram ki, sonrakı oyunlarda fərqlənəcək. Hələ çox gəncdir, uzun yolun başlanğıcındadır. Bu gün, dünya çempionatı və Paralimpiya Oyunlarında boy məhdudiyyətli insanlar üçün ayrıca kateqoriya müəyyənləşdirilsə, əminəm ki, Pərvin orada birinci yeri tutar".
 
Rəssamlıqdan ayrı qala bilmir
 
Pərvin, idmançı karyerası ilə əlaqədar rəssamlığı ikinci plana keçirib. Amma yenə də imkan düşdükcə, əlinə karandaş, kağız götürüb,  sevimli sənəti ilə məşğul olur. Daha çox natürmortlara, peyzajlara üstünlük verən qəhrəmanımızda portret janrı da pis alınmır. Qalereyasında ümummilli lider Heydər Əliyevin və bir sıra məşhur simaların portretləri yer alır.
 
Bodibildinq sevgisi

İki ildir ki, həm də bodibildinqlə məşğuldur. Sosial şəbəkə hesablarını da məhz bu yöndə istifadə edir. Fitnessə yeni başlayanlara məsləhətlər verir, bildiyi sirləri paylaşır. Bodibildinqə meyllənməsinin səbəbkarı kumiri, dünyaca məşhur bodibildinqçi, səkkizqat mister olimpiya çempionu Ronni Kolemandır. Fiziki məhdudiyyətli insanlar üçün imkanlar yaransa, Pərvin, gələcəkdə bu növdə də özünü sınamağı düşünür.
 
Portret

Yarışlarına baxdıqda, ilk növbədə simasındakı soyuqqanlılıq diqqəti cəlb edir. Hisslərini ustalıqla cilovlayan Pərvin, meydana əsl məğlubedilməz kimi çıxır. Əminliklə, "mən, olimpiya çempionu olacağam", deyir. Əzmi, durmadan artan göstəriciləri ona bu inamı aşılayıb. Həkimlərin barəsində "onsuz da yaşamayacaq, boşuna ümid etməyin" dediyi balaca Pərvin, bu gün Avropanı fəth edib, daha böyük zirvələrə iddialıdır. O, insan iradəsinin qüdrətini bütün dünyaya nümayiş etdirmək niyyətindədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.