İdman

Tərlan Əhmədovdan ŞOK açıqlamalar: Ceyhun niyə 100 faiz mükafat alırdı?

22 İyul 2018 19:21
1 Şərh     Baxış: 2 341
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az apasport.az-a istinadən "Neftçi"nin sabiq baş məşqçisi Tərlan Əhmədovun müsahibəsini təqdim edir

- Avropa Liqasına daşıdığınız "Neftçi" ilk mərhələdəcə "Uypeşt"ə böyük hesabla (0:4) məğlub olaraq, mübarizəni dayandırdı. Bu nəticədən sonra hansı hissləri keçirdiniz?

- Sadəcə, çəkdiyimiz əziyyətə heyfim gəldi. Bakıdakı oyundan sonra dostlarımla oturub söhbət edəndə dedim ki, bu komanda faciəyə gedir. Çünki komandanın burdakı matçda da qol vurmaq ehtimalı sıfıra bərabər idi. "Uypeşt"in qapıçısına "çox sağ ol" deməlidilər ki, ilk iki qolu hədiyyə etdi. Yoxsa "Neftçi" heç burda qol vura bilməyəcəkdi. 2 top fərqi ilə üstünlük əldə etmisən, səfərdə 5 müdafiəçi ilə oynayırsan. Hələ də mənə çatmır ki, bəzi məşqçilər niyə "5-li" müdafiə sisteminə keçirlər? Belədə rəqibə üstünlük verirsən ki, meydanın sizə aid olan hissəsində oynasın. Niyə komanda orda qələbə qazanmaq istəmədi, niyə müdafiəyə oturdu, niyə rəqibin oyunu düzgün təhlil olunmamışdı və niyə futbolçular motivasiya olunmamışdı? Azərbaycan çempionatında 8-ci olan komandanın imtina etdiyi legioner bir futbolçunu gətirirsənsə, deməli, bu nəticə gözlənilən idi. Şəhriyar Rəhimov kimi yerli futbolçu desələr, canla-başla razı olaram. Amma araşdırmaq lazımdı ki, autsayder komandanın bəyənmədiyi futbolçunu nə üçün gətiriblər?

Faciə dünən yox, mən orda işləyəndə Kamran Quliyev "Neftçi" Avropa Liqasında qrupa düşməsə faciə olacaq" açıqlamasını verəndə oldu. O vaxt deyirdim ki, "Neftçi" avrokuboka gedə bilər, amma komanda hələ tam hazır deyil. Komanda iki il əvvəl 5-ci yeri tutaraq avrokuboka getmişdi. "Neftçi"ni təhvil alanda məndən soruşurdular ki, bu futbolçularla nəsə etmək olar? Onda demişdim ki, yaya qədər bacardığımız qədər çox xal toplamağa çalışacağıq və oyun baxımından heç kimdən geri qalmayacağıq. Amma Avropa Liqasına vəsiqə qazanacağına və orda nəsə edəcəyinə söz verməmişdim.

Qış fasiləsində transferlərə görə, mənə irad bildirildi. Amma həmin vaxt büdcə azaldıldı, menecerlərə veriləcək kompensasiya ləğv olundu. Çox şeyi açıb demək istəmirdim. Hamı üzdə görünəndən danışır. Daxildə nə baş verir, görən yoxdu. Halbuki hər şey yalan üstündə qurulub. Həmişə yalandan qaçmışam və boynuma düşən yükü qaldırmağa çalışmışam. Heç bir transferdə də pul əldə etməmişəm.

- Deyirsiniz ki, sizin vaxtınızda büdcə azaldıldı, transferlərə az pul ayrıldı. Ancaq yeni baş məşqçi və futbolçular üçün külli miqdarda pullar xərcləndi. Bu təzadın səbəbi nədi?

- Hələ çempionatın gedişində işimə təzyiqlər çox idi. Bəlkə də, 3-cü yox, 2-ci yeri tuta bilərdik. "Qəbələ"dən cəmi 3 xal geri qaldıq. Təsəvvür edin ki, komanda pik nöqtəyə çatıb, ardıcıl qələbələr qazanılır və "Keşlə" ilə vacib səfər matçına hazırlaşırıq. Qarşılaşmanın gedişində gördüm ki, futbolçular oynamaq istəmirlər, köhnə ab-hava qayıdıb, inam qalmayıb. Özüm buna təəccüblənmişdim. Fasilədə uşaqları həvəsləndirməyə çalışdım, amma gördüm ki, istəkli deyillər. Oyundan sonra çağırıb hamısı ilə bir-bir söhbət etdim. Aydın oldu ki, bir neçə gün əvvəl idman direktoru Ceyhun Sultanov oyunçuların bir neçəsini çağırıb deyib ki, sizinlə yeni müqavilə bağlayacağıq və maaşlarınız 50 faiz endiriləcək. Bu görüş çempionatın ən kritik vaxtında, komandanın medallar barədə düşündüyü məqamda olub. Futbolçuları danladım ki, niyə bu barədə mənə məlumat verməmisiniz? Belə vəziyyətdə oyunçunu motivasiya etmək

çox çətindi. Yenə də uşaqlar sağ olsunlar ki, çıxıb mübarizə apardılar. Gedişat onu göstərirdi ki, rəhbərlik məni istəmir. Hələ AZAL-da işlədiyim zaman "Sumqayıt"dan mənə təkliflər olmuşdu. Ceyhun bir neçə dəfə mənimlə görüşüb bu istəklərini çatdırdı. Amma dedim ki, mən nə Fikrət Hüseynovu bu ağır gündə tək qoymaram. İkincisi, az büdcə ilə qurduğum bu komandanı qoyub gedə bilmərəm. Üçüncüsü və ən əsası, Samir Abasov baş məşqçi postunda ola-ola razılıq verə bilmərəm. Mövsüm bitər, Samir istefa verər, o yer boş qalar, onda bəlkə gələrəm. "Neftçi"dəki müdaxilələrindən sonra başa düşdüm ki, həmin vaxtkı imtinam onlara pis təsir edib. "Qarabağ"la matçdan əvvəl məndən gizli iclas keçirmək istədilər, gəlib buna mane oldum, aramızda mübahisə düşdü. Mükafata da əl atırdılar. Futbolçulara həmişə mükafatı qiymətlə yazırdım. Sonra başladılar bunu özləri yazmağa. Söz çıxardılar ki, Tərlan özü gətirdiyi oyunçulara çox pul yazır. Hələ bir oyunda Qarsiyanı mükafatdan məhrum etmişdim, yəni cərimələmişdim. Çünki oyunun gedişində komanda yoldaşlarının ünvanına təhqiramiz sözlər işlədirdi. Fasilədə Errera və Qarsiyanın həmyerlisi olan Meza Kolli yaxınlaşıb mənə dedilər ki, istəkli oynamır, "yola verir", söz deyəndə də bizi söyür. Qarsiyadan kəsdiyim pulu ağır iş görən işçilərə yazdım, hərəsinin maaşının üzərinə əlavə 100 manat yazdırdım. Bunu mənə irad tutdular. Amma mənə çatmayan o idi ki, Ceyhun Sultanov niyə 100 faiz mükafat alırdı? Axı qələbədə nəyə şərik olurdu ki, baş məşqçi və start heyətində olan futbolçularla eyni mükafatı alırdı? Bunları özlərinə dediyim üçün mənimlə işləmək onlara sərf etmirdi.

İndi baş məşqçiyə 700 min, onun köməkçisinə isə 300 min manat verirlər. Halbuki mən "Neftçi"ni qəbul edəndə komanda futbol oynamırdı, qol vura bilmirdi. Mənə də dəfələrlə deyirdilər ki, ağır yerə gəlmisən, bunlar futbol oynamırlar, bütün heyəti dəyişmək lazımdı. Onda demişdim ki, zamanla hər şeyi görəcəksiniz. Antalyada qış toplanışında olanda futbolçuları bir araya yığıb dedim ki, bütün oyunlarda uduzmağınız istəyirəm. Belədə boşluqları görə biləcəm. Çünki apreldə ağır qrafiklə oyunlarımız olacaqdı. Mən də bütün çatışmazlıqları toplanışda aradan qaldırmaq istəyirdim. Buna görə, mənə iradlar oldu. Bəziləri yazdı ki, Tərlan ora kef eləməyə, komanda istirahətə gedib. Həmin vaxt demişdim ki, mövsümün sonunu gözləyin. Həm kənar, həm də daxili təzyiqlərin fonunda komandanı 3-cü yerə çıxardım.

- Ancaq sonda başqa cür dəyər verildi...

- Əgər əcnəbi məşqçi gətirmisənsə və o heç bir xeyir vermirsə, Kamran və Ceyhun müəllimdən bunun hesabatı tələb olunmalıdı. Bir oyunda uduzmaq olar, futbolda belə hallar yaşanır. Sadəcə, "Uypeşt"lə görüşdə komandanın nə oynadığını başa düşə bilmədim. Sistemi, taktikanı, ora hansı məqsədlə getdiklərini anlaya bilmədim. Təsəvvür edin, "Qəbələ" ilə kubok oyunundan sonra necə təzyiqlərlə üzləşdim. Amma demişdim ki, çempionata söz vermişəm. Əlbəttə ki, kuboku qazanmağı çox istəyirdim. Ancaq 2 gündən bir oyuna komanda hazır deyildi. Ya bir cəbhədə yola davam etməli, ya da hər ikisində uğursuzluğa düçar olmalı idik. Sözümün də üstündə durdum. Deməli, məqsədləri uğur deyilmiş. Uğuru istəməyən şəxslər bunu öz adlarına qələmə verdilər. Mənə deyəndə ki, Müşahidə Şurası səninlə davam etmək istəmir, öz-özümə fikirləşdim ki, 9 ay ərzində bircə dəfə Müşahidə Şurasını görmədim. Orda olduğum müddətdə Müşahidə Şurasından bir nəfər də gəlib heç nə ilə maraqlanmadı. Sağ olsun Çingiz Abdullayev, hər qələbədən sonra mənə təbrik mesajı göndərib. Onu cəmi 2 dəfə gördüm. "Qəbələ"ni evdə 1:0 hesabı ilə məğlub etdiyimiz oyundan sonra paltardəyişmə otağında bizi təbrik etdi. Bir də mükafatlandırmada gördüm. Səmimi təbrikini edib getdi.

- Deməli, ortada başqa səbəblər var...

- Dedilər ki, qışda gətirilən legioner futbolçular zəif idi. Zəif idilərsə, niyə "Qarabağ"a, "Qəbələ"yə qalib gəldik, ikinci yarıda ən çox xal topladıq, qol vurduq?

- Sizə də indiki kimi şərait yaradılsaydı, "Sevilya"nı Bakıya gətirərdinizmi?

- Deyə bilməzdim ki, mən olsaydım, mərhələ keçəcəkdim. Ancaq həmişə işimi təkmilləşdirməyə çalışıram. Heç bir komandadan da oyun baxımından geri qalmırdıq. Əlbəttə ki, bu transferlər olsaydı, daha yaxşı nəticə göstərərdik. "Neftçi" kimi komandada artıq futbolçuya ehtiyac yoxdu. Yeni oyunçular lazım idi ki, ab-hava dəyişsin. Məsələn, Dario Frederikonun oyununa hamımız bələd idik. Onu asanlıqla zərərsizləşdirməyin yolunu bilirdik. Fərdi ustalığı yaxşı ola bilər, ancaq ötürmə vermək, oyun qurmaq, kollektiv oyun bacarığı yox idi. Əlbəttə ki, bu şərait mənə yaradılsaydı, daha iddialı komanda qurardım. Ancaq mənə yaxın olan şəxsləri bir-bir "vurdular". Bu yaxınlarda bir işçini də çıxarıblar. Nədi-nədi, 3-cü yeri tutanda mənimlə çəkdirdiyi şəkli feysbuk profilinə qoyub. Çağırıb deyiblər ki, niyə Tərlan Əhmədovla şəklini profilə qoymusan? Belə şeyləri Allah götürməz. Mənimlə ədavətiniz varsa, işçiləri niyə incidirsiniz?

- Kənardan hər şey aydın görünürdü ki, klub prezidenti sizi komandada görmək istəmir. Özünüz bunu ilk dəfə nə vaxt hiss etdiniz?

- Mart ayının sonlarında artıq bildim ki, aramızda böyük problem yaranacaq. Başımızı aşağı salıb öz işimizi görürdük. Gördüm ki, ətrafım bir-bir "vurulmağa" başlayıb. Administrator Pərviz Əhmədov mənə yaxın olduğu üçün "vuruldu". Asif Səfərovla AZAL-da 11 il bir yerdə çalışmışıq, akademiyaya gətirdim. Çox gözəl təklifləri var idi, bura gəldi. Onu da çıxardılar. Qapıçı məşqçisi Namiq Bəşirovu uzaqlaşdırdılar. Köməkçim Mehman Babayevi hərdən göndərirdim rəqiblərin məşqlərini izləməyə. Bir gün eşitdim ki, çıxarmaq istəyirlər. Səbəbini soruşdum, dedilər ki, məşqlərə gəlmir. Dedim ki, o mənə tabe olan şəxsdi, iş üçün göndərirəm. Deyirlər ki, biz hər şeyi bilməliyik. Buna görə mübahisəmiz düşdü. Mənə aid olan işə niyə qarışmalısan? Rəhbərlik işinə, maliyyə, reklam, marketinq işinə qarışmıram. Vəzifəm komandanı qurmaqdı, bunun da yolunu özüm bilərəm. Otağımızda daxili telefon var idi. Kamran Quliyev həmin telefon vasitəsilə əlaqə saxlamır, klubun meneceri ilə söz göndərirdi. Bir dəfə görüşüb dedim ki, sən prezidentsən, mən baş məşqçi, sözün varsa daxili telefonla yığ. Bazada deyilsənsə, əl telefonu ilə əlaqə saxla. Onda gördüm ki, məni istəmirlər. "Sumqayıt"la 2:2 hesablı bərabərə qaldığımız oyundan sonra Samir Abasov "Neftçi" azarkeşləri ilə görüşəndə hər şey bəlli idi. Həmin matçdan əvvəl Samirlə danışıq apardıqlarını bilirdim. Həmin vaxt əmin oldum ki, mövsümün sonunda yollarımız ayrılacaq. İstefa verə də bilməzdim. Onlar mənə nifrət edən insanlar idi. İstefa versəydim, çıxıb deyəcəkdilər ki, biz Tərlanı saxlayacaqdıq, o özü getdi. Az da olsa qalacağıma ümidim var idi. Amma getdikcə o ehtimal da məhv oldu.

- Azarkeşlərin "Tərlan Əhmədov getməli, ya qalmalıdı?" sorğusuna Kamran Quliyev də qatılmış və "Getsin"i işarələmişdi. Buna görə klub prezidenti ilə söhbətiniz oldumu?

- Dəfələrlə görüşmək istədim, qaçdı. Həm də bütün ictimaiyyət bilirsə ki, prezident məni komandada görmək istəmir, onunla görüşüb nə söhbət edəcəkdim? Mən sadəcə, öz işimi yüksək səviyyədə başa çatdırdım.

- "Neftçi" azarkeşləri hələ də sizin dönüşünüzü tələb edirlər. Belə bir ehtimal nə dərəcədə realdı?

- Bu rəhbərliklə işləməyim mümkün deyil. Ümumiyyətlə, inanmıram ki, hansısa azərbaycanlı məşqçi onlarla işləyə bilər. Məşqçi komandanın oyununa, futbolçuların motivasiyasına cavabdehdi. Ancaq orda prezident və idman direktoru hər şeydə söz sahibi olmaq istəyirlər. Deyirlər ki, komanda onların gəlişindən sonra uğur qazanmağa başladı. Axı sizə nə etdiniz ki, komandanın uğurunda özünüzə pay götürürsünüz? Məni çıxarmaq üçün mətbuata olmayan söhbətlər yaydıqlarını da bilirəm. Kamran Quliyevin müsahibəsinə baxıram, deyir ki, elə şeylər var, demək olmur. Qardaş, mənim işimə qiymət verilsin. Mən axşam hara gedirəm, nə iş görürəm, bunun heç kimə dəxli yoxdu. Mən işimə köklənmişdim. Komanda zəif çıxış etsəydi, bunlarla razılaşardım. Gətirdiyim 3 legionerə görə mənə irad tutdular. Yaxşı, razıyam. Amma məsələnin kökünü araşdıran yoxdu. Niyə belə baş vermişdi, bunu heç kim soruşmaq istəmirdi. Artıq yalanın qurbanı olmuşdum. Yenə də hamıya sübut etdim ki, AZAL-da da aşağı büdcə ilə yaxşı iş gördüm, "Neftçi"də də. Yalan reklamlara, təyyarəni bəzəməyə ehtiyac yoxdu. Kollektiv, güclü komanda qurmaq lazımdı. O kollektiv ki, bir nöqtəyə vurmalıdı. Bunu isə mən görmədim. Yəni nə qədər ki, o rəhbərlik ordadı, heç vaxt qayıtmaram.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.