İdman

Bəxtsiz yeniyetməlikdən parlaq gəncliyə - Portret - FOTO

13 İyul 2018 23:18
0 Şərh     Baxış: 1 397

Tatamidə aqressiv, həyatda isə sakit və təvazökar 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Cüdo müasir dövrün sevilib-seçilən idman növlərindədir. Yaponiyalı tanınmış ictimai xadim Ciqoro Kanonun 1882-ci ildə əsasını qoyduğu döyüş təlimi tezliklə dünyaya yayılıb. Hazırda iddialı ölkələrin sayına görə, cüdo olimpiya növləri arasında ilk sıralardadır.  Cüdo Azərbaycanda da çox sevilir. Ölkəmizin müstəqillik dövründə  olimpiadalarda qazandığı 45 medaldan beşi - iki "qızıl", iki "gümüş", bir "bürünc" cüdonun payına düşür. Bu da keyfiyyətə görə, güləşdən sonra ikinci nəticədir. Hazırda ölkədə cüdo ilə məşğul olan on mindən artıq gəncdən biri də Orxan Səfərovdur. Orxan karyerasını tatamiyə  bağlayan minlərlə insana nümunədir. 
 
Lənkəran - Sankt-Peterburq - Bakı marşrutu
 
Orxan 10 avqust 1991-ci ildə Lənkəran şəhərində hərbçi İlham Səfərovun ailəsində dünyaya göz açıb. Səfərov üç yaşında olarkən, ailəsi ilə birgə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə köçüb. 1998-ci ildə şəhərdə fəaliyyət göstərən cüdo məktəblərindən birinə yazılıb. Burada yaşadığı dörd il ərzində kiçik yaşlı yeniyetmələr arasında Sankt-Peterburq çempionu olub. 

2002-ci ildə Səfərovlar vətənə dönür. Lakin onlar bu dəfə Bakıda məskunlaşırlar. Vətənə qayıtdıqdan sonra da cüdo ilə məşğul olmaq istəyi Orxanı bir an belə tərk etmir. Oğlunun cüdoya olan həvəsini görən ata, keyfiyyətli klub axtarışına çıxır. Bu yol İlham Səfərovu ilk olaraq o zamankı Gənclər, İdman və Turizm Nazirliyinə aparır.  Nazirlikdən ona "Atilla" klubu məsləhət görülür. "Atilla" o vaxtlar həm də yığma komandaların da əsas məşq bazası idi.

Beləliklə, 11 yaşlı Orxan klubun gənc mütəxəssisi Fərhad Məmmədovun rəhbərliyi altında məşqlərə başlayır. İlk günlərdən xüsusi aktivlik göstərməyə başlayır ki, bu da Məmmədovun diqqətini cəlb edir. Bir müddətdən sonra Fərhad müəllim onu Bakı birinciliyində yoxlamaq qərarına gəlir. Orxan bu şansı yaxşı dəyərləndirir. Qazandığı ikinciliklə iddiasını nümayiş etdirmiş olur.

2007-ci ildən məşqlərinə klubun təcrübəli mütəxəssisi Əli Dəvrişov da nəzarət etməyə başlayır. Orxan həm də klubda hazırlıq keçən yığma üzvləri ilə birgə məşqlərdə iştirak edirdi ki, bu, onun stimulunu daha da artırırdı.
 
Məcburiyyət qarşısında idmanı buraxmaq qərarı
 
Səfərovun idman karyerasının yeniyetmə və ilk gənclik çağları arzuolunmaz məqamlarla zəngindir. İştirak etdiyi turnirlərdə heç cür stabillik əldə edə bilmir, nəticədə, ilin əsas yarışlarına gedən yol üzünə bağlanırdı. Sindrom 2010-cu ildə pik səviyyəyə çatır. Həmin il Avropa çempionatında iştirak şansı olsa da, dizindən aldığı zədə ona baha başa gəlir. Yayda əməliyyat keçirir, ilin sonuna kimi məşqlərdən kənar qalır. Bu, onun psixologiyasına təsirsiz ötüşmür. Hətta bir ara idmandan tamamən uzaqlaşmaq qərarına gəlir. Əsas səbəb isə ailəsinin maddi çətinlikləri idi. Bu durum məşqlərə adaptasiya olmasına böyük əngəl yaradırdı. Fikirləşir ki, idmandan bir nəticə hasil olmayacaq, yaxşısı budur, gedim, özümə bir iş tapım. Bunu bilən Əli Dəvrişov və Fərhad Məmmədov onu ruhlandırır, qayğılarına şərik olurlar. Qısa müddətdən sonra özünəinamını bərpa etmək üçün Sloveniyada təşkil olunan böyüklər arasında Avropa Kubokuna göndərirlər. Orxan bu yarışda beşinci olur. Ardından Türkiyədə keçirilən beynəlxalq turnirdə qazanılan qalibiyyət Orxanı yenidən cüdoya bağlayır. Çəkisində onunla birlikdə beş  Azərbaycan təmsilçisi də çıxış edirdi ki, bu rəqabətdə ən yaxşı nəticə göstərməsi böyüklərdən ibarət yığma komandanın baş məşqçisi Ağayar Axundzadənin diqqətini cəlb edir. 
 
Zeyzenbaxerin uzaqgörənliyi
 
London Yay Olimpiya Oyunlarındakı uğursuzluqdan sonra yığma komandanın baş məşqçisi postunda dəyişiklik edilir. Yığma  ikiqat olimpiya çempionu, avstriyalı Piter Zeyzenbaxerə həvalə olunur. 

Əfsanəvi cüdoçunun tətbiq etdiyi intensiv məşq proqramları digər komanda yoldaşları kimi Orxanın da hazırlığını xeyli gücləndirir. Lakin Səfərov Zeyzenbaxerin bir neçə dəfə etimadını qazansa da, 2013-cü ilin avqustuna kimi iştirak etdiyi bütün turnirlərdə əliboş qalır.

İlk baxışdan elə görünürdü ki, çalışdırıcının ilin əsas yarışı üçün müəyyənləşdirəcəyi heyətdə Orxan ümumiyyətlə, müzakirə mövzusu deyil. Lakin hadisələr proqnozların əksinə cərəyan edir. Orxanın özünün də ağlına gəlməzdi ki, mundial kimi mötəbər yarışda iştirak hüququ qazanacaq. Sadəcə, bir üstünlüyü var idi ki, bu, məşqlərdəki davamiyyəti, əzmi idi. Məhz bu amilə görə, təcrübəli Zeyzenbaxer böyük daxili rəqabət olan 60 kiloqram çəki dərəcəsində İlqar Müşkiyevlə birlikdə onu da sınaqdan keçirmək qərarına gəlmişdi. 

Səfərov qazandığı bürünc medalla etimadı artıqlaması ilə  doğruldur. Bu yolda Beslan Mudranov, Yeldos Smetov, Amiran Papinaşvili kimi rəqiblərini məğlub edərək, Azərbaycana mundialların sayca 11-ci medalını qazandırır.

Yaxalanan stabillik 
 
Bunadək heç cür əldə edilməyən stabillik dünya çempionatından sonra yüksək səviyyədə qorunur. 2015-ci ilin yayınadək Qran-Pri və "Böyük Dəbilqə" turnirlərində üçü qızıl olmaqla, beş medal qazanır.  Avropa çempionatında beşinci, Mərakeşdə təşkil olunan "World Masters" turnirində ikinci olur. Tarixdə ilk dəfə olaraq ölkəmizdə keçirilən Avropa Oyunlarında isə cüdo yığmamıza yeganə medalı qazandırır.
 
İki fürsətdə əldən qaçan olimpiya medalı 

Orxan Rioya 60 kiloqram çəki dərəcəsinin reytinq ikincisi kimi getmişdi. Belədə püşkatmaya görə, öz cəbhəsində lider olaraq qərarlaşmışdı. Bu liderlik onu yarımfinala kimi çox rahatlıqla aparır. Yarımfinalda rəqib kifayət qədər ciddi idi. 2013-cü il dünya çempionatında ilk təsəlliverici görüşdə Orxana uduzan qazaxıstanlı Yeldos Smetov Braziliyaya son dünya çempionu kimi gəlmişdi. Bərabər səviyyədə keçən görüşdə qeydə alınan bir "vazari" xalı Smetovu finala daşıyır, Səfərovu isə yaponiyalı sabiq dünya çempionu Naohisa Takato ilə "bürünc" mübarizəsinə göndərir. Bu dəfə də görüş başabaş mübarizə şəraitində keçir. Orxan rəqibin həmlələrinin qarşısını ustalıqla alır, əks-hücumda onu bir neçə dəfə yaxalamaq fürsəti əldə edir.  Lakin görüşün gedişində aldığı xəbərdarlıq o vaxtkı qaydalara əsasən, Orxanı beşinciliklə kifayətlənməyə məcbur edir.

Ən uğurlu il
 
Yay Olimpiya Oyunlarında medalsız qalsa da, qazandığı beşinci yerlə xallarının sayını bir xeyli artırır. Olimpiadaya reytinq lideri kimi qatılan cənubi koreyalı Von-jin ilk mərhələdəcə uduzmuşdu ki, belədə Orxan 2016-cı ili 60 kiloqram çəki dərəcəsinin birincisi kimi başa vurur. 

2017-ci ilə Paris "Böyük Dəbilqə"sindəki bürünc medalla başlayır. Bir ay sonra Bakıda keçirilən analoji turnirdə nəticəni təkrarlayır. Zədəli halda qatıldığı Avropa çempionatında bürünc, üstündən bir ay keçməmiş "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanır. Avqust ayında isə karyerasının ən böyük uğuruna imza atır. Budapeştdə təşkil olunan dünya çempionatında yalnız finalda məğlub olaraq, mundialın gümüş medalını qazanır. Burada olimpiadada uduzduğu hər iki rəqib üzərində revanş şansı qazanır ki, 1/4 finalda Yeldos Smetovu məğlub etsə də, bu, Naohisa Takato ilə görüşdə alınmır.

Yeni çəki

Orxanın fiziki göstəriciləri yuxarı çəkilərdə çıxış etmək üçün daha uyğundur. Özü bir neçə dəfə çəki dərəcəsini dəyişmək istəsə də, buna məşqçiləri razılıq verməyib. Lakin yaş artdıqca çəkini qorumaq daha da çətinləşirdi. Beləliklə, bu ildən etibarən 66 kiloqramda özünü sınaması qərarlaşdırılıb. 66 kiloqramda çıxış etdiyi qısa müddətdə o, Avropa Kubokunda çempion,  Avropa çempionatında beşinci olub.

Bununla belə, ölkəmizin tarixdə ilk dəfə ev sahibliyi edəcəyi dünya çempionatında Səfərov əvvəlki - 60 kiloqram çəkidə mübarizə aparmaq istəyir. Ona görə ki, vətəndə dünya çempionluğunu hədəfləyib. Bunun üçün də, təbii olaraq, rəqibləri yaxından tanıdığı köhnə çəki daha əlverişli görünür.
 
Ustad xatirələri
 
Orxan haqqında şəxsi məşqçisi Fərhad Məmmədov danışır: "İlk dəfə yanıma gələndə çox arıq, cılız bədənli uşaq idi. Amma məşqlərə davamiyyəti, əzmkarlığına söz ola bilməzdi. İndiki qətiyyəti onda uşaqlıqdan var. Ən böyük problemi çəki idi. Şəhərdaxili turnirlərdə ən aşağı çəkilərdə çıxış edirdi. Respublika çempionatında minimum çəki dərəcəsi 46, Orxanın çəkisi isə 35 idi. Buna görə, heç cür yarışlara apara bilmirdim. Bir gün ona mikser aldım, valideynlərinə tapşırdım ki, vitaminli meyvə-tərəvəzlərdən kokteyl hazırlasınlar, içsin. Futbola həvəsli idi. Yaxşı da oynayırdı. Bir gün eşitdim ki, hər gün məşqdən sonra  düşüb həyətdə futbol oynayır. Çəkisi onsuz da qalxmaq bilmirdi, bir yandan da futbolda enerji itirirdi. Çox əsəbiləşdim. Atasına dedim ki, buna mütləq qadağa qoysun.

Vaxt keçdikcə, çəkisi qalxmağa başladı. Yerli və beynəlxalq yarışlara göndərdik. Bəzən nəticələr olurdu, bəzən də uzun uğursuzluq zolağına düşürdü. Amma mən ona inanırdım. Bilirdim ki, gec-tez bu əzm, xarakter özünü doğruldacaq".
 
Asiyalılarla rəqabətdə rekordçu 

Uzun müddət çıxış etdiyi 60 kiloqram çəki dərəcəsində əsasən asiyalılar mükafata layiq yerlər tuturlar. Yaponiya, Cənubi Koreya, Monqolustan, Qazaxıstan və Özbəkistan təmsilçilərinin qatıldığı yarışlarda fəxri kürsüdə əksər hallarda sadəcə, bir "qonaq" görmək mümkündür. Orxan isə bu məsələdə lap rekordçudur. Misal üçün, son beş dünya çempionatında iki qeyri-asiyalı finala yüksəlib ki, onlardan biri Səfərovdur. Bu vaxtadək yeddi dəfə təşkil olunan "World Masters" turnirində isə bir qızıl, bir  gümüş medalla ən yaxşı göstəriciyə malik qeyri-asiyalıdır.
 
Sevimli fəndlər
 
Orxan "seoi nage" texnikasının bir neçə fəndini ustalıqla yerinə yetirsə də, ən çox üstünlük verdiyi "reverse"dir. Həm də "Korean morote" kimi qələmə verilən fəndi loru dildə "burma" da adlandırırlar. Bunda isə kumirinin təsiri birbaşadır. Çoy Min-Ho xüsusən cənubi koreyalıların timsalında məşhur olan bu fəndin ən mahir ustalarından hesab edilir. 

Bundan başqa, "uçi mata"nı da çox bəyənir. "Seoi nage"yə nisbətdə uğursuz alınsa da, bu baxımlı fəndi Orxanın tez-tez icra etməyə çalışması diqqətdən qaçmır.

Portret 

Tatamidə nə qədər aqressiv, iddialıdırsa, kənarda bir o qədər sakit təbiətli, təvazökardır. Qalibiyyət üçün son ana qədər, lap bir əli və ya ayağı ilə də olsa, vuruşacaq qətiyyətə sahibdir. Bunlar da ağıllı, məqsədli, hədəfi üçün min bir əziyyətə qatlaşan insana xas xüsusiyyətlərdir. Hələ gəncdir, ən böyük amalına - olimpiya zirvəsinə çatmaq üçün enerjisi, potensialı yetərincədir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.