İdman

Mahmud Qurbanov: "Futbolçu karyeramı başa vuranda çox çətin günlər yaşadım" - FOTO

20 İyun 2018 20:14
0 Şərh     Baxış: 1 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış futbolçu Mahmud Qurbanovun Milli.Az-a müsahibəsi.

- Mahmud bəy, ilk öncə, sizi "Neftçi"in əvəzedici komandasına baş məşqçi təyin olunmağınız münasibəti ilə təbrik edirik.

- Çox sağ olun! Çox təşəkkür edirəm.

- "Neftçi" ilə bağlı qarşıda duran fikirlərinizi bizimlə bölüşə bilərsiniz?

- Əsas məqsədimiz, təbii ki, futbolçu yetişdirmək olacaq. Sözsüz ki, əsas komandanın diqqətini oyunumuzla əvəzedici heyətə cəlb edəcəyik.

- Uzun müddətdir görünmürdünüz. Nə mətbuatda, nə də efirlərdə. Buna xüsusi bir səbəb varmı?

- Bunun, əslində, xüsusi səbəbi yoxdur. Sadəcə, loru dildə desək, bir az dağlara çəkilmişdim. Bildiyiniz kimi idman karyeramda uzun fasilə oldu. Nə olacaqsa, bundan sonra olacaq. Hər bir insan kimi mənim də istəklərim var. İndiyə kimi həm futbolçu karyeramda, həm də milli yığmada məşqçi kimi faəliyyət göstərmişəm. Orada yığdığım təcrübələri fərdi şəkildə həyata keçirmək istəyirəm.

- Uzun müddət baş məşqçinin köməkçisi vəzifəsində çalışmısız. Niyə baş məşqçi yox, köməkçisi?

- Baş məşqçinin köməkçisi olmaq da məsuliyyətlidir. Bu, məcburiyyətdən irəli gəlirdi. Təəssüflər olsun ki, o vaxtı baş məşqçi işləmək üçün şansım yox idi. Bizdə futbol sahəsində insan bir müddət görünməyəndə tez yaddan çıxır, tez unudulursan. Baxmayaraq ki, futbol karyeranda uğurların çox olub. Bu, heç də yaxşı hal deyil. Avropa ilə müqayisədə bizim futbol ictimaiyyətimiz o qədər də böyük deyil. Futbol sahəsində çalışmaq həmişə zövqvericidir. Mənim üçün başqa sahədə işləmək çətin olar. Bir dəfə istədim ki, başqa sahə ilə məşğul olum, amma alınmadı. Futbola çox bağlıyam, bundan qopmaq çətindir. Mən futbolçu karyeramı başa vuranda çox çətin günlər yaşadım. İnsan istəyir, həmişə oynasın, hər şeyin sonu olduğu kimi futbol oynamağın da bir sonu olur.

- Futbolçu olduğunuz illər üçün çox darıxırdınız?

- Bəli, mən qəbul edə bilmirdim ki, nə vaxtsa karyeramı başa vuracam. Gərək işindən ləzzət alasan, təkcə oynamaqla deyil ki... Bugünkü gündə mənim müsahibə verməyimin səbəbkarı da futboldur. Futbol bizi tanıdıb, ona görə də biz futbola borcluyuq.

- Uzun illər legioner həyatı yaşamısız. Bunun nə kimi çətinlikləri var?

- Futbolçunun keryerasının ən gözəl hissəsi legioner olmaqdır. Həqiqətən də, bu məsuliyyətli, çətin bir işdir. Çünki oynadığın başqa bir futbol ölkəsində öz futbolunuzu təmsil edirsən. Orada səndən çox şey tələb edirlər. Bu baxımdan çətindir. Mənə görə futbolçunun karyerasının ən pik nöqtəsi onun legioner həyatı yaşamasıdır.

- Hansı məşhur kluba azarkeşlik edirsiniz?

- İndi mən azarkeş deyiləm, amma vaxtilə "Real Madrid"ə azarkeşlik etmişəm.

- Türkiyədə bəs?

- "Beşiktaş"a. Bilmirəm niyə? Bəlkə də formalarının rəngi xoşuma gəlir (gülür).

- "Professor" ləqəbini necə qazandınız?

- Bu ləqəbi mənə Ukraynada legioner olduğum illərdə məşhur məşqçi demişdi. Elə o vaxtdan da hamı mənə bu cür müraciət edirdi.

- "Qarabağ" futbol klubundan başqa bütün komandalarda oynamısız.

- "Qarabağ"da oynamamağımın elə də ciddi bir səbəbi yoxdur. Yəqin ki, futbolçu olduğum illərdə "Qarabağ" komandasına lazım olmamışam. Sadəcə, təklif gəlməyib. Bu məcbur deyil ki, hansısa futbolçu bütün klublarda oynamalıdır. Bəlkə də xoşbəxtlikdəndir ki, oynadığım klubların hamısı iddialı olub.

- Avropanın bir çox ölkələrində olmusunuz. Bizim azarkeşlərlə əcnəbi azarkeşlər arasında nə kimi fərq var?

- Azarkeş hər yerdə azarkeşdir, bunun heç bir fərqi yoxdur. Bizdə Azərbaycan çempionatına azarkeş az gəlir, amma hansısa klubumuzun Avroliqa oyununda azarkeşlər çox olur.

- İndiki nəsil ilə o vaxtkı nəsil futbolçuları arasında nə kimi fərqlər var?

- Fərq var, amma ki o dövr, bu dövr deyildi. Müqayisə etmək düzgün deyil. Nəyə görə? Hər dövrün öz inkişafı, tələbləri var. O vaxtı futbola həvəs bu qədər çox deyildi. İndi tam başqadır, təbliğat da başqadır, reklam da.

- Məşhur futbolçu olmağın xüsusi düsturu var?

- Ən böyük düsturu, təbii ki, çox çalışmaqdır, öz üzərində gecə-gündüz işləmək.

- Dünya çempionatında favoritiniz kimdir?

- İspanlarla brazilyalılara azarkeşlik edirəm. Hal-hazırda bizim üçün əsl futbol bayramıdır. Bütün günümü dünya çempionatına baxmaqla keçirirəm.

Əli Rəhimoğlu
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.