İdman

Abasov “Neftçi”nin yeni transferləri haqda: Fikirlər başqa yerdə idi

12 İyun 2018 17:49
0 Şərh     Baxış: 587

Mövsümün gedişində futbolçularımıza təkliflərin gəlməsi komandamıza mənfi təsir göstərdi. Çünki fikirlər başqa yerdə oldu.

Milli.Az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında "Sumqayıt"ın sabiq baş məşqçisi Samir Abasov deyib.

"Gənclik şəhəri" təmsilçisinin iki üzvü Tural Axundov və Rəşad Eyubov "Neftçi"yə transfer olunub. Hələ mövsümün sonlarında onların, eyni zamanda digər futbolçu Cavid İmamverdiyevin paytaxt klubdan təklif alması Abasovu narahat edirdi.

O, Rəşadla Cavidin əvvəldən bu barədə klubu məlumatlandırdığını söyləyib: "Mövsümün gedişində Rəşad Eyubov özü mənə demişdi ki, təklifləri var, amma bütün klublara yalnız "Sumqayıt"ın oyunları haqda fikirləşdiyini bildirib. Səmimi insan olduğu üçün ona inanıram. Cavid İmamverdiyev də təklifi olduğunu bizə deyirdi. Tural Axundov isə deyirdi ki, heç bir təklifim yoxdu. Amma bu o demək deyil ki, heç bir kluba getməməlidi. Bu futbolçular pis vəziyyətlərində komandamıza gəlmişdilər. Bizə xoş haldı ki, onları çempionluq hədəfi olan "Neftçi" kimi komanda səviyyəsinə yüksəltdik. Onlara uğurlar arzulayıram. Sübut etsinlər ki, "Sumqayıt"dakı oyunları təsadüf və ya sırf baş məşqçinin işi deyil".

Abasov "Neftçi" rəhbərliyinin mövsümün gedişində digər komandaların oyunçuları ilə danışıq aparmasını normal hesab edir: "Bizim futbolçular peşəkarlıq baxımından özlərini elə ab-havaya salırlar ki, həyəcan, təşviş içində olurlar. Bütün bunlar da bizim başımızda çatladı. Mən buna görə "Neftçi" rəhbərliyini qınaya bilmərəm. Çünki onlar da güclü oyunçuları yığmalıdılar. "Sumqayıt" isə həmin ərəfədə yaxşı çıxış edirdi. Ceyhun Sultanovla "Sumqayıt"da birlikdə çalışdığımız vaxt da istədiyimiz oyunçularla əvvəlcədən danışıb, işimizi bilirdik. Sadəcə, futbolçu başqa şeylər haqda düşünürsə, bu, qeyri-peşəkarlıq yox, anormallıqdı. Əgər futbolçu fikirləşirsə ki, artıq "Neftçi" ilə anlaşmışam, burda nə olursa olsun, bu, vaxt gələcək onun başında çatlayacaq".

Maraqlıdı ki, ötən mövsümün sonlarında Avropa Liqasına vəsiqə uğrunda mübarizədə "Sumqayıt"ın əsas rəqibi məhz "Neftçi" idi. Futbolçuların qəsdən zəif oynamaq ehtimalı ilə bağlı sualı cavablandıran Samir Abasov buna inanmadığını vurğulayıb: "Bunu başqasının bilməsi mümkün deyil. Bu, futbolçunun vicdanına qalır, daxildən gələn bir şeydi. Xüsusən də, Rəşad Eyubovun belə işə qol qoyduğuna inanmıram. O və Cavid İmamverdiyev bizə çox sıx bağlı idi. Onlar çörəyi tapdalayan insanlar deyil. Hər dəfə deyirdilər ki, burda yenidən bərpa olunmağımızda sizin payınız var. Heç Turalın da belə bir şey edəcəyinə inanmıram. Sadəcə, Turalda xoşlamadığım cəhət özünü bu hala salmağı oldu. Təlaşa düşmüşdü ki, burda alınmır, "Neftçi" variantı var və s. Sakitcə öz oyununu oynamalı idi. Bunun da fəsadlarını gördü. Millinin son toplanışına çağırılmadı. Bunun isə günahı özündə idi. Amma Turalın qəsdən zəif oynadığına inanmıram".

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.