İdman

Cüdo Federasiyası bəyanat yaydı

5 İyun 2018 11:17
0 Şərh     Baxış: 754
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Cüdo Federasiyası (ACF) bəyanat yayıb.

Apasport.az saytının xəbərinə görə, bəyanatda kişilərdən ibarət yığmanın sabiq çalışdırıcısı Fərhad Məmmədovla bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi vurğulanıb.

Bildirilir ki, Məmmədovun yerinə təyin olunan yeni köməkçi məşqçi əcnəbi mütəxəssis deyil, cüdo üzrə yeganə dünya çempionumuz Elxan Məmmədovdu:

"Baş məşqçi Ruslan Maşurenkonun digər köməkçiləri də yerli mütəxəssislərdi. İlk Olimpiya çempionumuz Nazim Hüseynov, Mehman Əzizov və Azər Şıxəliyev onunla birgə işləyəcəklər. Fərhad Məmmədova gəlincə, 2015-ci ilin sentyabrında Azərbaycan Cüdo Federasiyasına yeni rəhbərlik seçiləndə, o, gənclərdən ibarət milli komandanın məşqçisi idi. Millimizin aparıcı cüdoçularının təklifi ilə avstriyalı mütəxəssis Peter Zayzenbaher kişilərdən ibarət yığmaya baş məşqçi gətiriləndə, məhz indiki rəhbərliyin təşəbbüsü ilə Məmmədov onun köməkçisi təyin edildi. Avstriyalı məşqçi ilə də bəzi məqamlarda fikir ayrılığına gələn Məmmədov bir neçə dəfə Zayzenbaher tərəfindən məşqlərdən kənarlaşdırılıb və yığma komandadan göndərilməsi məsələsi gündəmə gətirilib".

Bəyanatda həmin vaxtda məhz federasiya rəhbərliyinin təkidi ilə Məmmədov yenidən işinə qaytarıldığı və bu barədə heç bir yerə məlumat verilmədiyi də qeyd edilib:

"Məlum səbəblərə görə Zayzenbaherin gedişindən sonra yeni baş məşqçi təyin olunanadək bu post Məmmədova həvalə olundu. Ötən dövrün hazırlıq bünövrəsi 2017-ci ildə Avropa və dünya çempionatlarında effekt verib tükəndikdən sonra Məmmədov özü əcnəbi baş məşqçinin gətirilməsinin zəruriliyini rəhbərliyə bildirdi. Ukraynalı mütəxəssis milli komandaya baş məşqçi təyin edildikdən sonra Məmmədov və digər yerli məşqçilər köməkçi-məşqçi kimi işlərini davam etdirdilər. Bütün bunları sadalamaqda məqsədimiz Azərbaycan Cüdo Federasiyasının yerli mütəxəssislərə önəm verməsini göstərməkdi. Hazırda Federasiyada 45-i regionlarda olmaqla, ümumilikdə 110 məşqçi fəaliyyət göstərir. Yeniyetmələr, gənclər və qadınlardan ibarət milli komandaların bütün məşqçi heyəti yerli mütəxəssislərdi. Yığmalarımızın Bakıda keçiriləcək dünya çempionatına hazırlıq prosesi sürətlə davam edir. Göygöldə 20 gün ərzində Fransa və Türkiyə milliləri ilə birgə məhsuldar təlim-məşq toplanışından sonra hazırda yığma komandamız hazırlıq prosesini Koreyada, daha sonra isə Yaponiyada beynəlxalq formatda davam etdirəcək. Məhz belə bir dönəmdə Məmmədovun mətbuata bu cür açıqlaması bütün komandada, xüsusən də onun şəxsi tələbələrində neqativ ab-hava yaradır".

Bəyanatda Mövlud Mirəliyevin istefasının səbəbləri də açıqlanıb:

"Bir faktı qeyd edək ki, o, 2017-ci ilin noyabrında öz xahişi ilə millidəki vəzifəsini tərk edib. Mirəliyev Göygöl Olimpiya İdman Kompleksinin direktoru vəzifəsində çalışır və Federasiyanın da qərb zonası üzrə rəsmi nümayəndəsidi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.