İdman

"Qarabağ"ı sevməyənləri də təbrik edirəm" - Qara Qarayev

22 May 2018 12:57
0 Şərh     Baxış: 914
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" klubunun futbolçusu Qara Qarayev "Qəbələ"ni 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra brifinq keçirib.

Milli.Az xəbər verir ki, təcrübəli müdafiəçi report-un da suallarını cavablandırıb.

- Ardıcıl 5-ci çempionluğu qazandınız. Hansı hissləri keçirirsiniz?

- Sevincliyik. Çünki hər bir titul bizim üçün önəmlidir. Qazandığımız nailiyyət bizim üçün gələcək karyeramıza görə çox vacibdir. Düşünürəm ki, bu, 2017/2018 mövsümünün çempionluğu deyil. Bu, 5 ildir daşıdığımız ağır yükün, məsuliyyətin çempionluğudur. Bu müddətdə həmin yükü qoruyub saxlaya bilmişik. Komandamızın bütün üzvlərini - futbolçularla yanaşı, məşqçilərimizi də təbrik edirəm. Uzun marafonda həqiqətən çox şey itirmişik - istər şəxsi həyatda, istərsə də zədə baxımından. Bütün bunlara baxmayaraq, istədiyimiz, lazımi nəticəyə gəlmişik. Nəhayət, bu nəticəni qazandıq. Danışılacaq çox şey var. Ancaq istəyirəm ki, bu gün danışmayım. İşimiz davam edir.

- Çempionluq nəyi dəyişir?

- Fərq etmir çempion olduq, ya yox. Sevindik, bitdi, işlərimiz başlayır. Yenidən milli komandaya, Azərbaycan futboluna xeyir verməliyik, çalışmalıyıq. Bütün hər kəsi - "Qarabağ"sevərləri, xüsusilə avrokuboklarda bizə təbrik edənləri, "Qarabağ"ı sevməyənləri də təbrik edirəm. "Azərsin Arena" tribunalarında boş yerləri görmək bizim üçün həqiqətən ağrılıdır. Qarşıdan böyük turnir gəlir və yəqin ki, tribunaları doldurarlar. Diqqəti bizdə olanlara - AFFA-dakılara, mətbuata xüsusi təşəkkür edirəm. Mövsüm başlayandan ağır, gərgin qrafikdə işlədilər. Futbolda yaxşı və ya pis cəhətləri ədalətli şəkildə işıqlandırdınız. Buna görə jurnalustlərə xüsusi təşəkkürümü bildirirəm.

- Səncə, builki çempinluq əvvəlkilərlə müqayisədə rahat oldumu?

- Sona 4 tur qalmış çempionluğu rəsmiləşdirdik. Bunu dana bilmərik. Mövsümün bitməsinədək qızıl medalları təmin edə bildik və bu reallıqdan qaça bilmərik. Lakin komandalarda xüsusilə bizə qarşı diqqət, aqressiya var idi. Sanki biz başqa turnir idik, Azərbaycan Premyer Liqası başqa. Heç kim bizə yenilmək istəmirdi. Bizimlə matçlar çətin oldu. Ancaq düşünürəm ki, budəfəki çempionluq əvvəlkilərdən bir az asan oldu.

- Çempionlar Liqasında qrupa düşmək çətinləşib, reqlament dəyişib, çox güclü rəqiblər olacaq. Komanda bu sınaqdan çıxmağa hazırdırmı, yoxsa heyətiniz güclənməlidir?

- Baş məşqçimizin də dediyi kimi, hər mərhələdə irəli getmək istəyiriksə, mütləq yeni, keyfiyyətli futbolçular lazımdır. Bir yox, bir neçə mövqeyə. Düşünürəm ki, bu il komandamızdan gedənlərin sayı çox olacaq. Mqaviləsi bitənlər də var, klubunu dəyişib xaricə oynamaq istəyənlər də. Yəqin ki, klubumuzun rəhbəri, baş məşqçisi bu barədə düşünür. Yaxşı nailiyyətlər əldə etmək üçün mütləq yaxşı transferlər etmək lazımdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.