İdman

"Bir neçə gün səbirli olsanız, yeni transferlər görəcəksiniz" - "Qarabağ"ın prezidenti

21 May 2018 23:54
1 Şərh     Baxış: 2 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" klubunun prezidenti Abdulbari Gözəl ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olduqdan sonra brifinq keçirib.

Milli.Az "Report"a istinadən bildirir ki, "Azersun" şirkətinin rəhbəri sualları cavablandırıb...

Bu çempionluğu necə dəyərləndirərdiniz?

- İlk gündən "Qarabağ"a dəstək verdik. Adı, ruhu üçün dəstək verdik. Məqsədimiz "Qarabağ"ı tanıtmaqdır. "Qarabağ"la çempion olduq, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Bunların hamısını bacara bildik. "Qarabağ"ı dünyaya çıxardıq, komandamız Azərbaycanın səsi oldu. Buna görə çox sevinirik. Azərbaycan xalqı da komandamızı çox dəstəklədi. Şirkət olaraq da əziyyət çəkən, zəif təbəqənin yanındayıq. İnsanları işlə təmin edirik. Bəzən deyirlər ki, "Azersun" fəhlə şirkətidir. Bu, bir həqiqətdir. Xeyli insanın əməyini bir araya gətirib, onlara rəhbərlik edirik. Sevinirik ki, ardıcıl 5-ci ildir çempion oluruq.

Çempionlar Liqasında nəyə ümid edirsiniz?

- Bu mövsüm işimiz çox çətindir. Çünki Avropanın ən güclülərinə Çempionlar Liqasının təsnifat mərhələlərində rəqib olacağıq. Ona görə də hazırlıqlar görəcəyik. Baş məşqçimiz Qurban Qurbanov ağıllı insandır. Biz ona hər cür səlahiyyət vermişik. Özü də nə etməli olduğu üzərində düşünüb. Ümidvaram ki, yaxşı nəticə göstərəcəyik.

Yeni transferlər olacaqmı?

- Mütləq! Bir neçə gün səbirli olsanız, görəcəksiniz. Yaxşı alternativlər var.

Avropanın transfer bazarında qiymətlərin qalxması "Qarabağ"ın siyasətinə təsir edəcəkmi və büdcəniz artırılacaqmı?

- Büdcə ötən mövsümlərdəki kimi olmayacaq. Amma təbii ki, bu gün Avropa ilə ayaqlaşmaq çox çətindir. Onlar illərin klublarıdır, bilet satırlar, gəlirləri var. Onlar klubdan pul qazanırlar. Biz isə kluba sərmayə qoyuruq. Qoy, Azərbaycanda elə bir gün yetişsin ki, camaat varlansın, pullansın, biz də biletin birini 50 manata sataq. O zaman bizim də pulumuz olacaq, biz də Avropadakı klublar kimi olacağıq.

Bəs qoyduğunuz vəsaitin Avropadan sizə gəlir gətirəcəyini nəzərə almısınız?

- Əlbəttə, bunu da nəzərə alırıq. Çünki avrokuboklara yüksəlməsək, çox şey itiririk. Vəsiqə qazandıqda xərcimizin çox hissəsini geri qaytara bilərik. İrəli getməyə məcburuq. Futbol isə yuvarlaqdır. Dönə-dönə hara getdiyi bilinmir. Bir az da şans, cürət, çalışmaq öz rolunu oynayır. Biz komandaya tam dəstək veririk.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.