İdman

Bu gün Premyer Liqada mövsümə yekun vurulacaq

20 May 2018 09:18
0 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünün son turuna start veriləcək.

Milli.Az report.az-a istinadən bildirir ki, XXVIII turun oyunları iki günü əhatə edəcək.

Dörd qarşılaşmadan 2-si formal xarakter daşıyacaq. Bunlar "Qarabağ" - "Qəbələ" və "Səbail" - "Keşlə" görüşləridir. Ağdam təmsilçisi çempionluğu, "qırmızı-qaralar" gümüş medalları təmin etdikləri halda, digər iki paytaxt təmsilçisinin hazırda qərarlaşdıqları 6 və 7-ci pillələrdəki mövqelərini dəyişmək imkanları yoxdur.

Turun daha 2 qarşılaşmasının nəticələri isə həm bürünc medalçının müəyyənləşməsi, həm də avrokuboka vəsiqə baxımından son şans sayılan 4-cü pillə uğrunda mübarizədə həlledicidir. Mövsümü 3-cü sırada bitirməyə ən şanslı komanda "Neftçi"dir. "Ağ-qaralar" I Diviziona düşməsi rəsmiləşən "Kəpəz"i Gəncədə udmaqla, məqsədlərinə nail ola bilərlər.

Hazırda 43 xalla 3-cü yerdə qərarlaşan paytaxt təmsilçisi heç-heçə edəcəyi təqdirdə də medalçı olmaq imkanına malikdir. Bunun üçün 41 xalla 4-cü olan "Zirə"nin "Sumqayıt"a qalib gəlməməsi şərtdir. "Ağ-qaralar" uduzacaqları təqdirdə mövqeyini qoruya bilər. Bir şərtlə ki, Sumqayıtdakı matçda heç-heçə qeydə alınsın. Çünki həm "Zirə" (2:0, 1:0, 1:1, 0:3), həm də "Sumqayıt" (1:0, 1:2, 2:0, 2:2) şəxsi oyunlarda "Neftçi"dən üstündürlər.

Hazırda 40 xalla 5-ci pillədə qərarlaşan "Sumqayıt" ən azı 4-cü olmaq üçün mütləq qalib gəlməlidir. "Zirə" isə heç-heçə təqdirində də mövqeyini qoruyacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının qalibi Çempionlar Liqasına, gümüş və bürünc medalçılar isə Avropa Liqasına vəsiqə qazanırlar. Lakin 4-cü yeri tutacaq komandanın da avrokuboka düşmək şansı var. Bunun üçün mayın 28-də Azərbaycan Kubokunun finalında "Qəbələ"nin "Keşlə"ni üstələməsi lazımdır. Əks halda, Avropa Liqasına 3-cü vəsiqə Yuri Maksimovun baş məşqçi olduğu komandaya nəsib olacaq.

Mayın 21-də baş tutacaq "Qəbələ" - "Qarabağ" oyunundan sonra mükafatlandırma mərasimi keçiriləcək. Məhz bu səbəbdən, görüş "qırmızı-qaralar"ın meydanında deyil, qarşılıqlı razılaşmaya əsasən, "Azərsun Arena"da baş tutacaq. Bürün medalçının da tədbirdə iştirakı üçün qarşılaşma bazar ertəsinə təyin edilib.

Azərbaycan Premyer Liqası, XXVIII tur

20 may (bazar)

17:15. "Səbail" - "Keşlə"

Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Murad Məmmədov

"Bayıl Arena"

17:15. "Kəpəz" - "Neftçi"

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Xaqani Məmmədov

Gəncə şəhər stadionu

17:15. "Sumqayıt" - "Zirə"

Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Şahin Cəfərov

"Kapital Bank Arena"

21 may (bazar ertəsi)

19:00. "Qəbələ" - "Qarabağ"

Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Əli Hüseynov

"Azersun Arena".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.