İdman

Mahmud Trezeqe: "Dünya çempionatında iştirakımı atama həsr edirəm"

25 Aprel 2018 19:36
0 Şərh     Baxış: 902
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Kasımpaşa klubunda forma geyinən Mahmud Həsən "Trezeqe" Misir millisinin 28 ildən sonra dünya çempionatına vəsiqə qazanmasına kömək edən futbolçulardan biridir.

Milli.Az goal.az-a istinadən onun müsahibəsini təqdim edir:

- Dünya çempionatı yaxınlaşır. Bu turnirdə oynamaq sizin üçün nə deməkdir?

- Uşaq yaşlarımdan bunu arzulamışam. Hər futbolçu bir gün dünya çempionatında oynamaq istəyir. Son bir neçə ildə arzumun reallaşması üçün çox zəhmət çəkmişəm. Atam dünyasını dəyişməzdən öncə məndən xahiş etdi ki, Misir millisinə mundiala getməkdə kömək edim. Çox istərdim ki, yığma komandada çıxışlarımı görəydi. Onun arzusunu yerinə yetirmək qürurvericidir. Dünya çempionatında iştirakımı atama həsr edirəm.

- Arzunuzun gerçəkləşəcəyindən nə zaman yəqinə çatdınız?

- Afrika təsnifat zonasında asan oyun olmur. İkinci seçmə mərhələnin ilk matçında Çada 0:1 uduzduq. Cavab oyununda 4:0 hesablı qələbə qazandıq. Amma birinci oyundakı məğlubiyyət xəbərdarlıq oldu və bizdə məsuliyyəti artırdı. Komanda ümumi hədəfə yönəldi. Bir-birimizə dedik ki, bu imkanı əldən buraxmaq olmaz. Tənqidlərə fikir vermədən məşqlərə və oyunlarına diqqətimizi cəmləşdirdik. Məqsədə çatmağın çətin olacağını hiss edirdik. Lakin səbr və gərgin iş sayəsində Misir xalqının arzusunu həyata keçirə bildik. Dünya çempionatına vəsiqə təkcə futbolçu və məşqçilər heyətindən asılı olmadı. Misir Futbol Assosasiyası, azarkeş və medianın da dəstəyi böyük idi. Çıxış etdiyimiz klublar da milli komandanın hədəfinin əhəmiyyətini anladı. Allaha şükürlər olsun, zəhmətimiz yerdə qalmadı.

- Misirin aparıcı oyunçularından birisiz. Amma "Bürc əl Ərəb" stadionunda Konqo ilə həlledici oyuna start heyətində başlamadınız...

- Uqanda - Qana matçının heç-heçə başa çatmasından sonra dünya çempionatına vəsiqəmiz, demək olar ki, həll olunmuşdu. Azarkeşlər artıq bunu qeyd etməyə başlamışdı. Konqonun itirəcəyi bir şey qalmamışdı. Görüşün çətin keçəcəyini əvvəldən bilirdik. Birinci hissə 0:0 başa çatdı. Fasilədən sonra meydana çıxdım. Məhəmməd Salahın qolu ilə hesabı açdıq. Rahat nəfəs almaq üçün ikinci topu vurmaq lazım idi. Amma iki dəqiqə sonra gözləmədiyimiz halda Konqo tarazlığı bərpa etdi. Bizi sanki ildırım vurmuşdu.

- Həmin dramatik anlarda nələr yaşayırdınız? Oyunu necə çevirə bildiniz?

- Başqa vaxt olsaydı, futbolçular təslim olardı. Amma biz hamılıqla irəli atıldıq. Rəqibin cərimə meydançasında top mənə gəldi. Bu zaman konqolu müdafiəçi məni yıxdı. Təyin olunan penaltini Salah dəqiq yerinə yetirdi. Artıq hədəfə yaxınlaşmışdıq, final fiti bunu rəsmiləşdirdi. Tarixi oyun idi. Bütün Misiri, bizi dəstəkləyən ərəbləri sevindirmişdik.

- Dünya çempionatında Misirin şanslarını necə dəyərləndirisiniz?

- Çətin qrupa düşmüşük. Rusiya doğma publika önündə oynayacaq. Uruqvay iki dəfə dünya çempionu olub və heyətində ulduz futbolçular var. Səudiyyə Ərəbistanı ilə qarşılaşma, bir növ derbi olacaq. Qrupdan çıxmaq üçün yaxşı hazırlaşıb Rusiyaya özünəinamlı getməliyik. Hər oyunu final kimi keçirməliyik. Avropa çempionu Portuqaliyaya qarşı bu motivasiya ilə meydana çıxmışdıq. Dünya çempionatında heç bir rəqibdən qorxmamalıyıq.

- 23 yaşınız olmasına baxmayaraq, baş məşqçi Ektor Kuperin etimadını qazanmısız. Bu etimadı necə saxlamaq niyyətiniz var?

- Kiçik yaşlarımdan gərgin məşqlər edir və performasımı meydanda göstərirdim. Kuperin mənə yaratdığı imkanı əldən vermədim. O, taktiki planına uyğun gələn futbolçulara çox hörmət edir. Kuperin etimadını bununla qazandım. Təsnifat mərhələsinin bütün görüşlərində oynamışam. Ötən il, hətta Afrika Millətlər Kubokunda da meydana çıxdım. Ona söz verirəm ki, qarşıdakı həftələrdə daha çox şey etməyə çalışacam.

- 2016-cı ildə Al Ahly klubunu tərk edib Avropaya yollandınız. son 2 il barədə fikirləriniz nədir?

- Lazımlı qərar verdiyimi düşünürəm. Anderlecht-ə transfer olundum, amma oynamaq şansə verilmədi. Ötən mövsüm Mouscron-a icarəyə verildim. Orda nəyə qadir olduğumu göstərdim. Kasımpaşa-ya getmək qərarım tənqid olundu. Sübut etmək istəyirdim ki, rəqabət yüksək olan liqada oynaya bilirəm. Fikrimcə, statistikam (start heyətində 28 oyun, 11 qol, 5 məhsuldar ötürmə) hər şeyi deyir. Məni hər həftə təbrik edənlərə təşəkkürüm bildirirəm. Bu, uzun müddətli işimin nəticəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.