İdman

David NAVARA: "Azərbaycan şahmatçılarından ən çətin rəqibim Şəhriyardır"

22 Aprel 2018 10:30
0 Şərh     Baxış: 865
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, Çexiya şahmatçısı David Navara Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin rəsmi saytına müsahibə verib.

- Ardıcıl üçüncü tur heç-heçə oynadınız. Ümumiyyətlə cari mövsüm ilk turda 10 görüş bərabərliklə nəticələnib. Sizcə belə oyunun səbəbi nədir?
- Şəmkirdə ən güclülər oynayır. İki güclü şahmatçının oyununda səhv tapmaq çox çətindir. Heç kim uduzmaq istəmir. Bəlkə də şahmatsevərlər üçün belə oyunlar darıxdırıcı olur. Lakin biz uduzmaq istəmirik. Üç oyunda 1.5 xalım var. Çıxışımı normal sayıram. Hər halda uduzmamışam.

- Şəmkirə dəvət olunanda ilk olaraq nə barədə düşündünüz?
- Müsbət cavab verəndən sonra internetdə Şəmkir haqqında məlumat toplamağa başladım. Şəmkir paytaxt Bakıda kifayət qədər uzaqda yerləşir. Lakin təşkilatçılıq barədə ancaq xoş sözlər oxudum. Ardıcıl beşinci il Vüqar Həşimovun xatirəsinə həsr olunan yüksək səviyyəli yarış keçirilir. Ona görə dəvəti məmnuniyyətlə qəbul etdim.

- David Navara özünü  Şəmkir turnirinin sonunda hansı pillədə görür?
- Şəmkirə gözəl oyun nümayiş etdirmək üçün gəlmişəm. İnanın asan partiyalar olmayacaq. Dünya çempionu özü bu yarışda iştirak edir. Deməli son turlar daha çətin olacaq. Proqnoz vermək istəməzdim, ancaq reytinqimi itirmək istəmirəm. 

- Azərbaycan şahmatçılarından kimə qarşı oynamaq sizin üçün daha çətindir?
- Güclü şahmatçılarınız çoxdur. Amma Şəhriyara qarşı oynamaq daha çətindir. Sanki rəqibin beynindəki gedişləri oxuyur. Əslində azərbaycanlı şahmatçılarla görüşlərdə çox vaxt məğlub olmuşam. Lakin Məmmədyarovun hazırda əla formada olmasını hamı görür. Şəhriyar son aylar bütün turnirlərdə yüksək yerləri tutur. 

- Şəmkir turnirində asudə vaxtlarınızda necə istirahət edirsiniz?
- İmkan daxilində parkda gəzirəm.Gün ərzində 3-4 kilometr gəzməyə çalışıram.Ya da sürətlə qaçıram. İstirahət etməyə vaxtım olmur. Şəmkirə özümlə iki kitab gətirmişəm. Bununla belə bir səhifədə oxumamışam. Çünki vaxt olmur.

- İstirahət günündə şahmatçılar futbol oynamaq barədə düşünür. Sizi də meydanda görmək mümkün olacaq?
- Axırıncı dəfə futbol oynayanda məşq zamanı zədə aldım. Təsəvvür edirsiniz, oyundan əvvəl məşq edəndə ayağımı zədələdim. Ona görə yəqin oynamayacam. Ehtiyatda oturmaqla komandaya daha çox fayda verə bilərəm.

- ShamkirChess ənənəvi superturniri Vüqar Həşimovun xatirəsinə həsr olunub. Vüqarla oyunlarınız kimin xeyrinə olub?
- Ümumilikdə müxtəlif turnirlərdə 9 görüş keçirmişik.Beş görüşdə Vüqar qələbə qazanıb. Onunla oyunlarımız çox maraqlı gedişlərlə yadda qalıb. Bəzən üstünlük qazandığım vaxtlarda belə partiyada dönüş yaradırdı. Onun üçün ən pis vəziyyət belə son sayılmırdı. Həşimov 5-6 saat şahmat oynamaqdan yorulmurdu. Bu adam şahmatda sona qədər mübarizə aparmaqdan həzz alırdı. Onun vəfatı xəbərinə çox üzüldüm. Dünya şahmatı və idmanı üçün böyük itkidir. Təşkilatçılara belə gözəl turnir keçirdiklərinə görə çox sağ ol deyirəm. Vüqarın adına layiq yarışdır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.