İdman

“Düz 23 kiloqram çəki atmışam” – Rauf Məmmədov

21 Aprel 2018 21:59
0 Şərh     Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ShamkirChess2018 superturnirinin III turunda dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayan Azərbaycan şahmatçısı Rauf Məmmədovun mətbuat konfransı keçirilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, rossmeyster nəticəylə razılaşmayan norveçli şahmatçının ənənəvi mətbuat konfransında iştirak etməməsi və görüş barədə sualları cavablandırıb.

- Rauf niyə mətbuat konfransında təksən?

- Onu Maqnus Karlsendən soruşun. Təbii ki, nəticədən narazıdır. Normal yanaşıram. Maqnus dünya çempionu və FİDE reytinqində lider şahmatçıdır. Mən isə Şəmkirdə reytinqə görə sonuncu iştirakçıyam. Buna qədər ona dəfələrlə uduzmuşam. Maqnusa məğlubiyyətim normaldır. O dünya çempionudur və məndən güclü şahmatçıdır.

-  Mətbuat konfransına gəlmədi. Yəqin bu nəticəylə razılaşmır?

- Bu onun işidir. Mənim üçün fərqi yoxdur. Maqnus mətbuat konfransına gəldi və ya gəlmədi. Bu onun qərarıdır. Hər kəs özünə cavabdehdir.

- Debütdən sonra vəziyyət deyəsən xeyrinə deyildi?

- Daha diqqətli oynayırdım. Bir-iki gedişi tez oynadım. Sonra fikirləşirdim - sakit yoxsa prinsipial oynamaq arasında seçim etmək lazım idi. İkinci variantı seçdim. Prinsipial olaraq diqqətli oynayırdım. Amma bir məqamda gedişləri unutdum. Maqnus vəziyyəti bərabərləşdirdi, hətta kiçik üstünlük qazana bilərdi.

- Oyundan əvvəl heç-heçə olacağını söyləsəydilər razılaşardın?

- Şahmatda üç nəticə mümkündür. Qələbə, məğlubiyyət və heç-heçə. Hər oyunda yaxşı nəticə qazanmağa çalışıram. Belə güclü heyətdə çıxış etmək adama ləzzət edir. Adətən açıq turnirlərdə mübarizə aparıram. Superturnirlərdə az hallarda oynamışam. Ona görə reytinqimə artırmağa çalışacam. Mənə dəstək olan insanlara təşəkkür edirəm. Maqnusla partiyadan əvvəl dostlarım mənə uğurlar arzulamışdı, çoxlu zənglər almışdım. Belə diqqəti görmək xoşdur. Hər gün dünya çempionuna qarşı mübarizə aparmıram. Ona görə ShamkirChess turnirini çox bəyənirəm. Qalan 6 turda da yaxşı oynamaq üçün hazırlaşacam.

- Yarışdan əvvəl rəsmi sayta müsahibədə demişdin ki, Şəmkirdə fərqli Raufu görəcəksiniz. Siz nəyi nəzərdə tuturdunuz?

- Ötən ilki Raufla indikinin fərqi var. Demişdim ki, Şəmkirdə başqa Raufu görəcəksiniz. Çünki arıqlamışam. Düz 23 kiloqram çəki atmışam.

- İndiyə qədər klassik şahmatda və blitsdə Maqnusa uduzmusan. Bu ilk heç-heçə oldu. Bu nəticəni qələbə kimi qəbul etmək olar?

- İlk dəfə heç-heçə oynamışam Maqnusla. Heç-heçə bərabərlikdir. Bu nəticəni qələbə kimi qəbul etmək olmaz. Qələbə tamam başqadı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.