İdman

Əkiz bacıların sayəsində iki Azərbaycan bayrağı eyni anda yüksəlib - FOTO

20 Aprel 2018 23:21
0 Şərh     Baxış: 3 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Azərbaycan idman ölkəsidir. Ölkəmizin təmsilçiləri beynəlxalq yarışlarda bir qayda olaraq, medallara əsas namizədlər sırasında göstərilir. Lakin bu amil ancaq Azərbaycan üçün ənənəvi olan idman növlərinə aiddir. Qılıncoynatma Azərbaycanda müəyyən ənənəsi olan idman növüdür. Sovet dövründə ölkəmizin təmsilçiləri ittifaq yığmasının heyətində nüfuzlu turnirlərdə çıxış edib, hətta medal da qazanıblar. 1988-ci ildə Cənubi Koreyanın paytaxtı Seulda keçirilən olimpiadada qızıl medal qazanan SSRİ yığmasının tərkibində Azərbaycan qılıncoynatma məktəbinin iki nümayəndəsi (İlqar Məmmədov və Boris Koretski) də var idi.

Bu gün Azərbaycan qılıncoynadanları beynəlxalq arenada medallara əsas iddiaçılar olmasalar da, bu idman növünü ölkəmizdə yaşadan, onun təbliğat yükünü öz çiyninə götürən azərbaycanlı idmançılar var. Hazırda Azərbaycanda qılıncoynatma deyiləndə ağıla ilk olaraq Sevil və Sevinc Bünyatova bacıları gəlir. Avropa oyunlarında ölkəmizə medal qazandıran əkizlər, ölkəmizin beynəlxalq miqyasdakı yarışlarda daimi təmsilçiləridirlər. 
 
İdmana gəlişləri 
 
Sevil və Sevinc Bünyatova bacıları 1989-cu il oktyabrın 5-də Rusiyada - Kareliya respublikasında dünyaya gəliblər. Onlar hələ körpə ikən ailəsi Bakıya gəlir. Elə bacıların idman karyerası da məhz paytaxtımızda başlayır. Onların idmana yönəldən isə ataları olub. Yox, əkizlərin atası heç də idmançı olmayıb. O, "Neftçi" idman klubunda çalışırdı. 1998-ci ildə burda yeni - qılıncoynatma üzrə bölmə açılır. Bu idman növü ata Bünyatovda maraq yaradır və qızlarını qılıncoynatmaya yazdırmaq qərarına gəlir. O, əkizləri sadəcə olaraq, məşğuliyyət üçün idmanın bu növünə yazdırır. Beləcə, 1998-ci ildə Bünyatova bacılarının idmançı karyerası başlayır. Əkizlərin ilk məşqçisi Fikrət Vəliyev olur. Onların qılıncoynatma karyerası adi məşğuliyyət kimi başlasa da, vaxt keçdikcə bu məşğuliyyət vərdişə çevrilir. Qızların valideynləri də bu idman növünün övladlarında heç də pis alınmadığını görərək, onlar qarşısında "yaşıl işıq" yandırırlar.

Uğurlar
 
Vaxt keçdikcə onlarda bu idman növünə sevgi yaranır. Beynəlxalq arenalarda, turnirlərdə qazanılan ilk medallar isə bu sevgini inama, daha böyük uğurlar qazanmaq həvəsinə çevirir. Sevil Bünyatova bu idman növündə uğur qazanacağına əsas inamı İranda keçirilən turnirlərdən birində qazandığını deyir. Həmin yarışda komanda heyətində mükafatçılar sırasına düşən Sevildə qılıncoynatmada gələcəkdə daha böyük uğurlar qazanacağına inam yaranır.  Bünyatova bacıları ilk olaraq qılıncoynatmanın rapira növü ilə məşğul olsalar da, 5 il sonra sablyaya keçirlər. Böyüklər arasında dünya çempionatında 4-cü olan bacılar, dəfələrlə bu yarışın iştirakçısı olublar. Qılıncoynatma üzrə U-23 Avropa çempionatında komanda yarışında 3-cü olublar. Bacılar dəfələrlə beynəlxalq turnirlərdə də mükafatçılar sırasına düşüblər. Onlar üçün karyeralarında ən yüksək zirvə isə 2015-ci ildə Bakıda keçirilmiş birinci Avropa oyunları olub.

Bir-bir rəqiblərini yollarından uzaqlaşdıran əkizlər yarımfinala kimi yüksəlirlər. Burda Sevilin rəqibi fransız Marqua Rifkiss, Sevincin rəqibi isə polşalı Angelina Vator olur. Fransalı idmançını da mübarizədən kənarlaşdıran Sevil həlledici görüşə vəsiqə qazanır. Sevinc isə Vatorla mübarizədən məğlub ayrılır. Belədə, finalda əkizlərin duelini izləmək mümkün olmur. Polşalı idmançı finalda Sevili də məğlub edir. Yekunda əkizlərdən heç biri ilk Avropa oyunlarının qızılını qazana bilməsə də, ölkəmizə iki medal qazandırırlar. Yarışın sonunda fəxri kürsüdə iki Azərbaycan bayrağı dalğalanır - əkizlərin sayəsində.
        
Hədəf - Olimpiada
 
Hər bir idmançının əsas arzusu ən möhtəşəm idman yarışı olan olimpiadada iştirak etməkdir. Medal qazanmaq isə sonranın işidir. Sevil və Sevinc bacıları 21 ildir qılıncoynatma ilə məşğul olsalar da, 4 illiyin ən mötəbər idman yarışında iştirak etmək xoşbəxtliyinə nail olmayıblar. Bunda bəxtsizlik, bir az da qılıncoynatma idman növündə hər il yenilənən reytinq xalları da az rol oynamayıb. Bu idman növündə yay olimpiya oyunlarının iştirakçısı olmaq üçün bir-iki turnirdəki yüksək nəticə ilə kifayətlənməməli, bütöv ili yüksək səviyyədə keçirməlisən. Hələ ki, olimpiadada iştirak bacılara qismət olmasa da, bu hədəf istiqamətində məşqlərini inamla davam etdirirlər. Hədəf isə Tokio-2020-dir. 
   
Kənarda bacı, yarışda rəqib
 
Əkizlər bir almanın iki yarısı kimi bir-birlərinə bənzəyirlər. Kiçik olduqları zaman onları yarış meydanlarında tez-tez səhv salırdılar.  Lakin bacılar bundan heç vaxt öz məqsədləri üçün istifadə etməyiblər. Üzdən onları ayırmaq çox çətin olsa da, döyüş üslubları tam fərqlidir. 
Bacılar Azərbaycan çempionatında dəfələrlə üz-üzə gəliblər. Beynəlxalq yarışlarda isə belə bir fürsət reallaşmayıb. Avropa oyunlarında bu cəhətdən maraqlı final izləyə bilərdik. Bünyatova bacıları polşalı idmançını məğlub edəcəkləri təqdirdə, finalda bir-birinə rəqib olacaqdı. Ancaq maraqlı final əkizlərin polyaka uduzması ilə reallaşmayıb.

Bacılar hər nə qədər bir-birinə əziz olsalar da, meydanda rəqibə çevrilirlər. Ancaq əlbəttə, qarşılaşmanın sonunda uduzan tərəf məyus olmur.
 

Asudə vaxt
 
Hər iki bacı ailəlidir. Sevilin qız, Sevincin isə oğul övladı var. Onlar asudə vaxtlarını övladları ilə keçirməyi sevirlər. Xüsusilə, uşaqların sevimli məkanları olan əyləncə mərkəzlərinə üstünlük verirlər. 

Sevilin digər idman növlərindən bədii gimnastikaya marağı çoxdur. Boş vaxtlarında bu idman növü üzrə yarışları yaxından izləyir. O, "qılıncoynatmanı seçməsəm, gimnast olardım" deyir.

Sevinc isə gimnastika ilə yanaşı, voleybolu da xoşlayır. Vaxt tapdıqca bu idman növü üzrə yarışları izləyir. 
 
Çətinliklərə təslim olmayan bacılar
 
Qılıncoynatma incə idman növüdür. Bu idmanla məşğul olan xanımlar öz zərifliklərini itirmirlər. Məhz bu amil qılıncoynatmanı xaricdə idmanla məşğul olmaq istəyən qızların sevimli idman növünə çevirir. Lakin təəssüf ki, azərbaycanlı gənc, yeniyetmələrin bir çoxu qılıncoynatmada perspektiv görmədiyindən, başqa idman növlərinə üstünlük verirlər. Bu idman növünə yazıldıqdan sonra "silahı" yerə erkən qoyaraq, təslim olanlar da az olmayıb. Lakin əkizlər uşaq vaxtının adi məşğuliyyətinə heç vaxt xəyanət etməyiblər. Hətta federasiyada çətinlik yaşandığı dövrlərdə də, bu idman növünü seçdiklərinə görə peşmançılıq hissi yaşamayıblar. Çoxları problemlər olduğu zaman bacıların qılıncı yerə qoyacağını gözləsə də, əkizlər bu cür düşünənlərin səhv fikirdə olduqlarını sübut edirlər. Bu gün isə ölkə qılıncoynatması çətinlikləri geridə qoyub. Federasiyada son vaxtlar müsbətə doğru çox dəyişikliklər olub. Dəyişməyən isə Bünyatova bacılarının qılıncoynatmaya olan həvəsidir.

Gələcək yarışlar   
 
Əkizlər gələn ayın 1-də Rusiyaya yollanacaqlar. Bu ölkənin paytaxtı Moskvada təlim-məşq toplanışına başlayacaq Bünyatova bacıları, mayın 12-13-də burda keçiriləcək Qran-pri yarışında iştirak edəcəklər. Bu yarışlar olimpiadaya lisenziya xarakteri daşıyır.  
Daha sonra bacıları dünya və Avropa çempionatları, dünya kuboku yarışları gözləyir. Bu yarışlarda isə əsas hədəf məhz olimpiadaya lisenziya qazandıracaq xallara yiyələnməkdir. 
 
Qılıncoynatmanın inkişafında rol
 
Azərbaycanlı valideynlər öz övladlarını ölkədə inkişaf etmiş idman növlərinə yazdırmağı daha çox üstün tuturlar. Bünyatova bacıları bunu düzgün saymırlar. Hesab edirlər ki, valideynlər öz övladlarını uşağa uyğun gələn idman növünə yazdırmalıdırlar.  Bu gün Azərbaycanda qılıncoynatma idman növünün siması məhz Bünyatova əkizləridir. Onlar beynəlxalq miqyaslı yarışlarda uğur qazanmaqla, insanlarda qılıncoynatmaya da maraq yarada bilərlər. Avropa oyunlarında qazanılan medallar bu istiqamətdə uğurlu addımdır. Ancaq Sevil xanım təkcə beynəlxalq arenalardakı çıxışla kifayətlənmir. O, hazırda azyaşlılara bu idman növünün sirlərini öyrətməklə yanaşı, onlarda maraq yaratmağa çalışır. Azyaşlılara bu idman növü ilə məşğul olmağın onlarda dözümlülüyün, məqsədə çatmağın, dünyagörüşünün artmasının rolunu izah edir. 

Özünün sözlərinə görə, hər keçən gün bu həvəs bir az da artır. Deyir, ki, bir məşqçi öz məqsədinə çatmayanda, istəyir yetirmələri buna nail olsun. Bu istiqamətdə isə əlindən gələni edir. 
     
Uşaqlarda bu idman növünə maraq yaratmaq hər iki bacının əsas məqsədidir. İdmançı həyatı qısadır. Gec-tez əkizlər də qılıncı yerə qoyacaq. Ancaq onlar bundan sonra da bu idman növündən ayrılmamağı, azyaşlıları hazırlamaqla, ölkə qılıncoynatmasına töhfə verməyi planlaşdırırlar. Uşaqları çətinliklərdən qorxmamağa, bu incə idman növünü seçməyə çağırırlar.

Eyni məşqçi, eyni klub

Yuxarıda Sevil və Sevincin ilk məşqçisinin Fikrət Vəliyev olduğunu vurğulamışdıq. Maraqlıdır ki, əkizlər 21 ildir bu mütəxəssislə çalışırlar. Bacılar Fikrət bəyin onların yetişməsindəki əməyini unutmur. Hər zaman ona minnətdar olacaqlarını deyirlər. İdmana "Neftçi"də başlayan Bünyatova bacıları indi də bu klubun üzvüdürlər.  
 
Portret

Qılıncoynatma onlar üçün həyat tərzinə çevrilib. "Nə qədər gücümüz var, bu idman növünə davam edəcəyik" deyirlər. Onlar qılıncoynatmaya iş kimi yox, həyat tərzi kimi yanaşırlar. Hər gün yorulmadan, usanmadan idman zalına gələrək, məşq edirlər - bu idman növündəki ilk günlərində olduğu kimi. "Qılıncoynatma bizə çox şey qazandırıb" deyirlər. Onlar bu idman növünün ölkəmizdə ən çətin dövrlərində də, qılıncı yerə qoymadılar. Öz məqsədlərinə doğru inamla irəlilədilər. Məhz  bu inam onların növbəti uğurlarının təminatçısı ola bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.