İdman

"Hər dəfə gəlirlər, 70-ci dəqiqədən sonra “istefa” qışqırırlar"

15 Aprel 2018 23:54
0 Şərh     Baxış: 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Məğlub olmaq istəməzdik. Gözləmədiyimiz məğlubiyyət oldu. Oyuna yaxşı başlasaq da, penalti, daha sonra isə qırmızı vərəqə bütün planlarımızı pozdu. İrəli atıldıq və bunun acısını çəkdik. Fürsətlərimiz olsa da, dəyərləndirə bilmədik. Bu klub mənə doğmadır. Birinci diviziondan bu klubda çalışıram. Klub rəhbərliyi ilə görüşəcəyəm. Bundan sonra gələcək planlarımızı müəyyənləşdirəcəyik".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Azərbaycan Premyer Liqasının 23-cü turunda "Neftçi"yə evdə 0:3 hesabı ilə uduzan "Zirə"nin baş məşqçisi Ayxan Abbasov matç haqqında fikirlərini bölüşərkən deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Azarkeşlərlə nə baş verdi?

- Azarkeşləri də başa düşürəm. Qırmızı vərəqə aldıq, bundan sonra hücumları davam etdirdik. Hər dəfə gəlirlər, 70-ci dəqiqədən sonra "istefa" qışqırırlar. Sadəcə, onlara dedim ki, uşaqlara dəstək lazımdır. Mən istefadan qorxmuram. Dediyim kimi, bu klub mənə doğmadır. Klubun gələcəyi üçün nə xeyirlidirsə, o da olmalıdır.

Məğlubiyyətdə qırmızı vərəqə nə dərəcədə rol oynadı?

- Əlbəttə müəyyən rolu oldu. Fasilədə sarı vərəqəsi olan futbolçulara ehtiyatlı olmağı tövsiyə etmişdim. Ola bilsin, Urdinovu əvəzləyəcəkdim.

İkinci hissədə "Neftçi"nin qapısı qarşısında qarışıqlıq oldu. Orda "Zirə"nin futbolçusu yerdə qaldı. Penalti olması şübhəsi yarandı. Həmin epizod barədə nə deyə bilərsiz?

- Mənə də penalti kimi göründü. Hətta həmin epizoddan öncə sanki top rəqib müdafiəçinin əlinə dəymişdi. Lakin indi təkrara baxmadan dəqiq bir şey deyə bilmərəm.

"Zirə"nin 7 futbolçusu zədəlidir. Bunun komandanın nəticələrinə təsiri nə dərəcədədir? Zədələr komandanın süni örtükdə oynaması ilə bağlı deyil ki?

- Bu gün "Zirə"də 7 futbolçunun olmaması böyük itkidir. Lakin mən deyəndə, bu, bəraət kimi görünür. Siz sual verdiz deyə bu barədə danışıram. Bu oyunçulardan heç də hamısının zədəsi ot örtüyü ilə bağlı deyil. Ancaq meydança amili də müəyyən rol oynayır. Lakin bu, əsas səbəb deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.