İdman

İzləyici: Bakıda Avropa çempionatının keçirilməsi idman sahəsində əla təbliğatdır

14 Aprel 2018 17:42
Baxış: 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının keçirilməsi idman sahəsində əla təbliğatdır.

Milli.Az bildirir ki, bunu Trend-ə yarışları izləyən Günel Səfərəliyeva deyib.

"Ölkədə idmana böyük diqqət ayrılır, onun gənc nəsil arasında populyarlaşması çox vacibdir", - o deyib.

Səfərəliyeva qeyd edib ki, özü və qızı gimnastika ilə məşğul olur, bu cür çempionatlarda idmançıların çıxışını maraqla izləyir.

"Qızım artıq iki ildir ki, batut üzrə tullanma ilə məşğuldur, ona görə də bu cür yarışları izləmək qızıma stimul verir. İdman xarakteri inkişaf etdirir, uşaqları məsuliyyətli edir", - o deyib.

Səfərəliyeva deyib ki, azərbaycanlı idmançıların hamısına azarkeşlik edir və onlara bu çempionatda uğurlar arzulayır.

Qeyd edək ki, bu gün Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü gününə start verilib.

Gimnastlar (gənc və böyük) sinxron və fərdi proqramda təsnifat mərhələlərində çıxış edirlər. Avropa və dünya çempionatlarının formatına əsasən fərdi proqramda təsnifat 2 mərhələdən ibarət olduğundan, çempionat çərçivəsində batut gimnastikası üzrə fərdi yarışlarda finaldan öncə, ilk mərhələdə yaxşı nəticə göstərmiş 24 idmançı arasında yarım-final mərhələsi də baş tutacaq.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.

Turnirin son günü isə hər 4 növ üzrə finallarda (fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut) medalçıların adları məlum olacaq.

Milli Gimnastika Arenasında keçirilən sayca 26-cı olan bu çempionatda həm böyüklər, həm də gənclər proqramında 25 ölkədən hər 3 növ üzrə 400-dən idmançı mübarizə aparır.

Bu Avropa çempionatının əsas özəlliyi isə odur ki, gənc gimnastlar 2018-ci ildə baş tutacaq Gənclər arasında Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ilin Avropa Oyunlarına lisenziyanı məhz Bakıda əldə edə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.