İdman

“Belə oyunlardan əvvəl narahat olmuram”

14 Mart 2018 18:11
1 Şərh     Baxış: 670

Bu gün UEFA Çempionlar Liqasında son 1/4 finalçılar müəyyənləşəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İstanbuldakı "Beşiktaş" - "Bavariya" matçı formal xarakter daşıdığı halda, "Nou Kamp"da keçiriləcək "Barselona" - "Çelsi" oyununda kimin üstün olacağı böyük maraq doğurur.

Komandaların Londondakı qarşılaşmasında 1:1 hesabı qeydə alınıb. Bu, "Barselona"nın şansını artırsa da, "Çelsi"ni də hesabdan silmək olmaz.

Həm İspaniya, həm də İngiltərə klubunun üzvləri oyunöncəsi fikirlərini bildiriblər.

Ernesto Valverde ("Barselona"nın baş məşqçisi): "Çelsi" Londondakı kimi bizə yüksək təzyiq edə bilər. Onların gücünü bilirik. Rəqib çox güclü komandadı. Heyətində keyfiyyətli futbolçular toplaşıb. "Çelsi" hər an bizi cəzalandırmağa qadirdi. Onlar hesaba uyğun olaraq oyun planlarını dəyişə bilirlər. Rəqibin heyətində Villian son vaxtlar çox qol vurur. Bu isə o deməkdi ki, meydanda onu anbaan izləmək lazımdı. Villian hazırda yaxşı formadadı. Amma "Çelsi" təkcə ondan ibarət deyil. Futbolçularımızı ciddi sınaq gözləyir. Sevindirici haldı ki, İnyesta məşqdə iştirak etdi. Messinin əhvalı yaxşıdı. Oyuna xüsusi motivasiya ilə hazırlaşıb".

Serxio Buskets ("Barselona"nın yarımmüdafiəçisi): "2012-ci ildə Çempionlar Liqasının yarımfinalında "Çelsi" ilə qarşılaşanda qələbə qazanan tərəf onlar olmuşdu. Futbolda hər oyunda belə, nəsə öyrənmək mümkündü. Həmin vaxt da oyuna yaxşı başlamışdıq və hesabda öndə idik. Ancaq sonra hesab bərabərləşdi. Ardınca penalti qazansaq da, onu dəyərləndirə bilmədik. Bəzən top qapıya daxil olmaq istəmir. Futbolda heç də həmişə güclü qalib gəlmir. "Çelsi"nin bizə problem yaradacağını gözləyirik. Lakin məqsəd onları mübarizədən kənarlaşdırıb, növbəti mərhələyə adlamaqdı".

Xordi Alba ("Barselona"nın müdafiəçisi): "Növbəti mərhələyə adlamağa ümidliyik. Özümü oyuna tam hazır sayıram. Əvvəlki illərlə müqayisədə indi təcrübəm daha çoxdu. "Barselona" ilə bütün titulları qazanacağıma inanıram. "Çelsi"nin Londondakı kimi oynayacağını gözləyirik. Onlar bir boşluq tapan kimi, bizi cəzalandırmağa çalışacaqlar. Odu ki, "Barselona"nı çox ağır sınaq gözləyir".

Antonio Konte ("Çelsi"nin baş məşqçisi): "Bütün matçlarda olduğu kimi, yenə öz oyunumuzu göstərməyə və "Barselona"ya problem yaratmağa  çalışacağıq. İlk görüşdə qeydə alınan 1:1 hesabı bizə sərf etmir. "Nou Kamp"da ya qollu heç-heçə etməli, ya da qələbə qazanmalıyıq. Matçın bəzi məqamlarında çətinlik çəkəcəyimizi bilirik. Odu ki, bütün futbolçular buna hazırdılar. "Barselona" topa nəzarət etməyi xoşlayır. Deməli, diqqətli və kompakt oynamalı, topu ələ keçirən kimi irəli atılmalıyıq. İlk görüşdə çox yaxşı təsir bağışlamışdıq. Deyərdim ki, Londonda "Barselona"ya qarşı ideal oynamışdıq. Rəqibi dünyanın ən güclü komandalarından biri sayıram. Öz meydanımızdakı matçda cəmi bir səhv buraxdıq, o da bizə baha başa gəldi. Təbii ki, səfərdə imza atdığı 1:1 hesablı heç-heçə "Barselona"nın mərhələ adlamaq şansını artırır. Lakin onları mübarizədən kənarlaşdırmaq üçün bütün gücümüzü səfərbər edəcəyik. Belə oyunlardan əvvəl narahat olmuram.

"Nou Kamp" böyük meydançası olan fantastik stadiondu. Rəqibin heyətində Pike, Buskets kimi əla futbolçular var. İnyesta isə dahidi. Onu Pirlo ilə müqayisə etmək xoşuma gəlir".

Sesk Fabreqas ("Çelsi"nin futbolçusu): "Hər bir komandaya "Nou Kamp"da oynamaq ağırdı. Bununla belə, görüşə tam hazır olduğumuzu düşünürəm. Əsas Messini saxlamalıyıq. Əgər meydana çıxsam, ilk tapşırığım bu olacaq. Demək olar ki, meydanda bir-birimizə yaxın zonada oynayırıq. Onu dayandırmaq çətin olacaq. Amma Messinin özünü rahat hiss etməməsi üçün əlimdən gələni əsirgəməyəcəm. O da qalib gəlmək istəyir, mən də. Əvvəl komanda yoldaşı olsaq da, hazırda fərqli klubda oynayırıq. Odu ki, hər birimiz mərhələ adlamaq arzusundayıq. Dünyanın ən güclü klublarına qarşı oynamaq həmişə xoşuma gəlib. Bu emosiyanın yerini heç nə vermir".

Villian ("Çelsi"nin braziliyalı oyunçusu): "Barselona" kimi komandanı mübarizədən kənarlaşdırmaq üçün ideal oynamalıyıq. Razıyam ki, bizi çox çətin matç gözləyir. Londonda qeydə alınan nəticədən sonra üstünlük "Barsa"nın tərəfindədi. Ancaq bu, bizi qorxutmur. İlk matçdakı kimi oynamalıyıq, yəni birlikdə işləyib, tapşırığın öhdəsindən gəlməliyik.

Son vaxtlar öz çıxışımdan razıyam. Lakin komandama daha çox xeyir vermək istəyirəm. "Barselona"ya hörmətlə yanaşırıq. Messinin futbolçu keyfiyyətlərinə bələdik. "Barselona"nın digər futbolçularını da yaxşı tanıyırıq. Ancaq "Çelsi" də əla komandadı".

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Kor yazar · 14 Mart 20:1000

    Necede arxayın danışırlar sizi başa düşürem bir mesel vare ilan ulduz görmese ölmez bax o çelsiye aiddi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.