İdman

""MY" favoritlərdən deyil” - 1/4 öncəsi nə deyirlər?

13 Mart 2018 14:36
1 Şərh     Baxış: 1 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, diqqətlər İngiltərə və İtaliyaya yönələcək.

Belə ki, ilk görüşdə qolsuz bərabərliyə imza atan "Mançester Yunayted" bu dəfə öz meydanında "Sevilya" ilə üz-üzə gələcək. Ukraynadakı qarşılaşmada "Şaxtyor" uduzan (1:2) "Roma" isə evdə revanş almağa və növbəti mərhələyə adlamağa çalışacaq.

Hər iki oyundan öncə komandaların baş məşqçiləri UEFA-nın rəsmi saytına açıqlama veriblər.

Joze Mourinyo ("Mançester Yunayted"in baş məşqçisi): "Bizi sadə oyun gözləmir. "Liverpul"la keçirdiyi hər iki matçda uduzmayan, onlara səfərdə qol vuran komanda ilə qarşılaşacağıq. "Mançester Yunayted"in Çempionlar Liqasının ən yaxşılarından biri olduğunu düşünmürəm. Amma 1/4 finala çıxa bilsək, hər şey mümkündü. Çünki həmin mərhələdə artıq yarımfinalın qoxusunu hiss etməyə başlayırsan. Hazırda beynimdə yalnız "Sevilya" yer alıb. Oyunun çətin keçəcəyini bilirəm. Biz ÇL-i qazanmağa namizədlərdən, yəni favoritlərdən deyilik. Bugünkü qarşılaşmada minimal hesablı qələbə də bizi qane edəcək".

Vinçentso Montella ("Sevilya"nın baş məşqçisi): "Bizim üçün vacib oyundu. 1/4 finala çıxmaq istəyindəyik. Təbii ki, "Old Trafford" kimi möhtəşəm stadionda oynamaq hər komanda üçün çətindi. Oyuna 100 faiz köklənməliyik. İnanıram ki, bəxt bizim tərəfimizdə olacaq. İlk matçda qeydə alınan nəticə məni məyus etmədi. Həmin görüşü əla keçirmişdik. "Mançester Yunayted" hazırda yaxşı formadadı. Onlar ardıcıllıqla "Çelsi, "Kristal Pelas" və "Liverpul"a qalib gəliblər. Rəqibin uğurlu seriyasını qırmağa çalışacağıq. Tempə nəzarət etməli, gah hücuma keçməli, gah da müdafiə olunmalıyıq. Bu cür vacib dueldə komanda öz prinsiplərinə sadiq qalmalıdı. Oyun sxemimizi dəyişə bilmərik. Yenə 4 müdafiəçi ilə oynayacağıq".

Eusebio di Françesko ("Roma"nın baş məşqçisi): "Napoli"yə qarşı göstərdiyimiz oyunu təkrarlaya bilsək, irəliyə doğru böyük addım atmış olacağıq. Yavaş-yavaş stabil komandaya çevrilirik. Çəkinmədən oynamalıyıq. Beynimizdə ancaq bir fikir var: topa nəzarət etmək və rəqibə problem yaratmaq. Hesabda önə keçsək belə, balansı qorumaq lazım gələcək. Düzdü, güclü rəqiblə qarşılaşacağıq. Amma bu, bizi fikrimizdən döndərə bilməz. Çempionlar Liqasında yolumuza davam etmək istəyirik".

Paulo Fonseka ("Şaxtyor"un baş məşqçisi): "Çox çətin oyun olacaq. Buna görə də, komanda matça tam köklənib. "Roma" İtaliya çempionatındakı son 6 görüşdən 5-də qələbə qazanıb. ÇL-də öz meydanında "Atletiko" və "Çelsi" kimi komandalarla oyunda qol buraxmayıb. Bu, bizi ağır matçın gözlədiyini təsdiqləyir. "Şaxtyor" hazırda həm fiziki, həm taktiki, həm də texniki cəhətdən əla vəziyyətdədi. Düzdü, heyətimizdə zədəli oyunçular var. Bununla belə, "Roma"ya qarşı baxımlı futbol oynamağa çalışacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.