İdman

""Qarabağ"dan əzmkarlıq hesabına xal ala bilərik"

13 Mart 2018 20:55
0 Şərh     Baxış: 718
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin futbolçusu Namiq Ələsgərovun sabiq komandası "Qarabağ"la Azərbaycan Premyer Liqasının XX tur matçından əvvəl müsahibə verib.

Milli.Az report-a istinadən həmin müsahibəni təqdim edir:

- Ötən tur 5 qolun vurulduğu görüşdə "Keşlə"ni 3:2 hesabı ilə məğlub etdiniz. Bu oyunla bağlı nə deyə bilərsiniz?

- Maraqlı və çətin oyun oldu. Hesabda iki dəfə önə keçsək də, rəqib tarazılıq yaratdı. Buna baxmayaraq, Ruslan Abışovun 90-cı dəqiqədə vurduğu qolla qalib gəldik. Çox vacib 3 xal əldə etdik. Digər tərəfdən, bu qələbə "Qarabağ"la görüşə yaxşı motivasiya ilə çıxmağımıza kömək edəcək.

- Matçda hesabı baxımlı qola imza ataraq açdınız. Bu cür zərbələr üzərində əlavə çalışırsınız?

- Qolun necə vurulmasının önəmi yoxdur. Təki qol olsun. Önəmli olan komandaya kömək edə bilməyim və qələbə qazanmağımızdır. Qolun gözəlliyi elə də vacib deyil.

- "Neftçi" ardıcıl 3 görüşdür uduzmur və "Keşlə" ilə yanaşı, "Qəbələ"ni səfərdə məğlub edib. Komandanızın "qara zolaq"dan çıxdığını söyləmək olar?

- Biz də yaxşı formaya düşməyə çalışırıq. Ardıcıl iki oyundur qələbə qazanırıq. Əsas odur ki, bundan sonra büdrəməyək. Bir-iki qələbə ilə dayanmaq olmaz. Növbəti matçlarda da yaxşı nəticələr əldə etməliyik. Hər kəs bizdən bunu gözləyir.

- Ancaq martın 14-də növbəti tur çərçivəsində lider "Qarabağ"la qarşılaşacaqsınız. Sabiq komandanızla görüşdən nə gözləyirsiniz?

- "Qarabağ" çempionatın ən güclü komandasıdır. Ona görə də birinci pillədə qərarlaşıb. Çətin matç olacaq. Biz də çox yaxşı hazırlaşırıq. Müsbət nəticə əldə etmək üçün gücümüzü ortaya qoyacağıq.

- "Neftçi" nəyin hesabına Ağdam təmsilçisindən xal ala bilər?

- Öz oyunumuzu sərgiləsək, yaxşı nəticəyə ümid edə bilərik. Digər görüşlərdə olduğu kimi, istək, əzmkarlıq hesabına xal ala bilərik. Qələbəyə inanaraq oynamalıyıq.

- Hazırda 48 xalla birinci pillədə olan "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal qabaqlayır. Bu səbəbdən, son oyunlara bir qədər arxayın çıxırlar və meydanda böyük güc sərf etməməklə yanaşı, baş məşqçiləri az oynayan futbolçulara da şans verir. Bu amil "Neftçi"nin lehinə işləyə bilər?

- Belə düşünmürəm. Onlar da maksimum güc sərf edəcəklər. "Qarabağ"ın meydana rahat şəkildə çıxacaqlarını düşünmürəm.

- "Qarabağ"la görüşlər həm də yerli futbolçuların özlərini milli komandanın baş məşqçisi Qurban Qurbanova göstərmək üçün bir fürsətdir. Bu baxımdan, sizdə xüsusi bir motivasiya var?

- Millinin baş məşqçisi yerli futbolçuları yalnız "Qarabağ"la oyunlarda görmür, digər matçlara da baxır. Tək bir qarşılaşma ilə heç nə həll olunmur. Milliyə düşmək üçün bütün görüşlərdə yaxşı oynamaq lazımdır. Futbolçu hər matçda həm komandasına kömək etmək, həm də yığmaya dəvət almaqdan ötrü maksimum güc sərf etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.