İdman

Azərbaycan Premyer Liqasında XX tur başlayır

13 Mart 2018 09:42
1 Şərh     Baxış: 467

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, ilk oyun günündə baş tutacaq bir matçda ukraynalı mütəxəssislərin rəhbərlik etdikləri kollektivlər - "Keşlə" və "Qəbələ" üz-üzə gələcək.

"İnter Arena"da keçiriləcək qarşılaşmaya tərəflər fərqli məqsədlər üçün çıxacaqlar. Hazırda 15 xalla 7-ci pillədə qərarlaşan meydan sahibləri turnir cədvəlindəki durumunu yaxşılaşdırmaq haqda düşündüyü halda, 38 xalla 2-ci pillədəki qonaqlar lider "Qarabağ"la aradakı fəqin daha da böyüməməsi üçün çalışırlar. Digər tərəfdən, "qırmızı-qaralar" "üçlüy"ü qapayan "Zirə"dən uzaqlaşmaq istəyirlər.

Azərbaycanda 4-cü mövsümünü keçirən "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bu müddətdə titul əldə edə bilməsə də, komandasına iki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandırıb. Qış fasiləsində "Keşlə"nin sükanı arxasına keçən Yuri Maksimovun qarşısına isə Azərbaycan Kubokunu götürmək tapşırığı qoyulub. Lakin 50 yaşlı mütəxəssisin işləri heç də yaxşı getmir. Sonuncu turda "Neftçi"yə 2:3 hesablı məğlubiyyətdən sonra "Ola bilsin ki, bu, mənim sonuncu oyunum idi", - söyləyən Maksimovun hər an keşləlilərlə vidalaşması mümkündür. Bu baş verərsə, R.Qriqorçuk Azərbaycan klubuna rəhbərlik edən yeganə əcnəbi baş məşqçi ünvanını geri alacaq.

Bu komandaların ilk iki dövrədəki oyunlarında "Qəbələ" qalib gəlib. Evdə 3 cavabsız qolla sevinən "qırmızı-qaralar" səfərdə 2:1 hesabı ilə qalib gəliblər. Umumiyyətlə, bu kollektivlər 43-cü dəfə qarşılaşacaqlar. İlk görüşləri 11 il əvvələ - 2006/07 mövsümünə təsadüf edən rəqiblər indiyədək 42 dəfə üz-üzə gəliblər. "Qəbələ" 14 qələbə qazanıbsa, 15 matçdan məğlub ayrılıb. 100 qolun vurulduğu görüşlərdə paytaxt klubu üstünlüyə malikdir - 55:45.

Əvvəlki 42 matçdan 38-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 11 qələbəsi olan "qırmızı-qaralar" 14 dəfə yenilib. 22-ci dəfə "Keşlə"nin qonağı olacaq "Qəbələ" səfərdəki 21 matçdan 6-da qalib gəlib, 10 dəfə məğlub olub.

"Qəbələ" artıq 11 matçdır "Keşlə"yə uduzmur. Son 6 qarşılaşmada qalib gələn əyalət təmsilçisi bu matçlarda ən azı 2 qol vurub.

Qeyd edək ki, XX turun digər 3 oyunu martın 14-də keçiriləcək. Həftəiçi "Neftçi" - "Qarabağ", "Zirə" - "Səbail" və "Sumqayıt" - "Kəpəz" duelləri olacaq.

Azərbaycan Premyer Liqası, XX tur

15:30. "Keşlə" - "Qəbələ"
"İnter Arena" 

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    qebeleli · 13 Mart 10:2800

    Qebeleye ugurlar arzu edirem

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.