İdman

Çempionlar Liqası davam edir - Cavab oyunları baş tutacaq

13 Mart 2018 09:33
0 Şərh     Baxış: 906

Bu gün futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsində növbəti cavab oyunları keçiriləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, İngiltərə və İtaliyada baş tutacaq matçlardan sonra daha iki komanda 1/4 finala vəsiqə qazanacaq. İspaniyada "Sevilya" ilə qolsuz heç-heçə edən "Mançester Yunayted" üstünlük əldə edib. Lakin "qırmızı-qaralar"ın heyətində yetərincə itki var. Zədə üzündən Fil Cons, Markos Roxo, Deyli Blind, Ander Errera və Zlatan İbrahimoviç meydana çıxa bilməyəcək. Pol Poqba ilə Antoni Marsyalın durumları isə sual altındadır.

Səfərdə istənilən qollu heç-heçə belə işinə yarayacaq "Sevilya"da 3 oyunçunun zədəsi var. Ancaq Sebastyan Korşya, Daniel Karrisu və Xesus Navas matç saatında meydana çıxacaq vəziyyətdə ola bilərlər.

Ukraynada "Şaxtyor"a 1:2 hesabı ilə yenilən "Roma" revanş arzusundadır. Cari mövsümdə "Qarabağ"la eyni qrupda yer alan "canavarlar" yerli publika qarşısında lazımı nəticəni təmin etməyi hədəfləyiblər. Paytaxt klubunun heyətində Luka Pellegrini və Rik Karsdorp zədəlidir. Qrequar Defrelin durumu isə sual altındadır.

"Şaxtyor" düşərgəsində iki itki var. Dario Srna - cəzalı, Maksim Malışev zədəlidir.

Qeyd edək ki, İspaniyanın "Real Madrid", İtaliyanın "Yuventus", İngiltərənin "Liverpul" və "Mançester Siti" komandaları 1/4 finala vəsiqəni təmin ediblər.

Çempionlar Liqası - 1/8 final, cavab oyunları

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Sevilya" (İspaniya)
Baş hakim: Danni Makkeli (Hollandiya)
İlk oyun - 0:0

23:45. "Roma" (İtaliya) - "Şaxtyor" (Ukrayna)
Baş hakim:
Alberto Undiano Malyenko (İspaniya)
İlk oyun - 1:2

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.