İdman

Marakanada 123 min azarkeşi susduran Azərbaycanın əfsanəsi - VİDEO - FOTO

23 Fevral 2018 12:11
2 Şərh     Baxış: 4 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əksər ölkənin, millətin tarixində ən az 1 əfsanəvi futbol adamı olur. Məsələn, Argentinanın Maradona və Messisi, Braziliyann Pelesi olduğu kimi bizim də ürəklərdə daim yaşayan bir futbol dahimiz var. Həmin oyunçu Azərbaycan futbolunun və "Neftçi"nin əfsanəvi hücumçusu Anatoli Andreyeviç Banişevskidir. Bu gün onun doğum günüdür. Həyatda olsaydı, 72 yaşını qeyd edəcəkdi.

1946-cı ildə fevralın 23-də Bakıda anadan olan dahi futbolçu 1964-cu ildən "Neftçi"nin uğuru üçün çalışırdı. 14 il tərlətdiyi 9 nömrəli futbolkası ilə "ağ-qaralar"ın heyətində nə az, nə çox düz 136 qol vurub. SSRİ yığmasına da çağrılan "Tolik" rəqib qapılarından 50 oyunda 19 top keçirməyi bacarıb.

Çox az adam xatırlayar, 1965-ci ilin 21 noyabrını. Həmin günü Anatoli oyunu ilə Pele kimi bir əfsanəyə əlini sıxdırtmağa məcbur edib. Məhz həmin tarıxdə möhtəşəm "Marakana" stadionunda 123 min azarkeş Braziliya - SSRİ matçını izləməyə yığışmışdı. 54-cü dəqiqədə Pele rəqib komandanın qapısına 2-ci qolu vurur. Lakin 123 min azarkeşin Pelenin qoluna sevinməsi cəmi 5 dəqiqə çəkdi. Çünki Banyanın uzaq məsafədən başı ilə vurduğu qol Pelenin ona yaxınlaşıb əlini sıxaraq onu təbrik etməsinə səbəb oldu.

Braziliya - SSRİ futbol görüşü. 2:2. 

İdmançı olmasına baxmayaraq Banişevskinin səhhətində ciddi problemləri var idi. O, mədəaltı vəzi, daha sonra isə şəkər xəstəliyindən əziyyət çəkirdi. Şəkər onu vaxtından tez qocaltmışdı və uzun sürən xəstəlikdən sonra əfsanə 1997-ci ilin dekabrında vəfat etdi.

"Tolik" 1996-cı ildə Şöhrət ordeni ilə təltif olunmuşdu. Amma ordeni hazır olanda o, artıq həyatda deyildi. Buna görə də ordeni qızına təqdim etdilər.

Hazırda Anatoli Banişevski ildə 2 dəfə xatırlanır. Doğum və ölüm günündə. Bunu da ancaq əfsanənin yaxınları, ailə üzvləri və əsl futbol azarkeşləri edir. Amma Azərbaycan futbolunun tarixinə adını qızıl hərflərlə yazdırmış bir insan daha artığına layiqdir. Onun adına stadionlar tikilməli, müxtəlif bexnəlxalq futbol turnirləri təşkil edilməlidir. Bəlkə o zaman bütün dünyaya "Marakana"da 123 min azarkeşi susdurmağı bacaran azərbaycan əfsanəsini tanıda bilərik.

Adil Nəcəfov
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Marakanada 123 min azarkeşi susduran Azərbaycanlı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.