İdman

“Bizə kömək edəcək futzalçı azdır”

22 Fevral 2018 19:30
0 Şərh     Baxış: 431
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"FK.İD.Futsal"ın klubunun futzalçısı Ağatahir Əzimov Azərbaycan Futzal Federasiyasının Facebook səhifəsinə müsahibə verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, təcrübəli futzalçı Yüksək Liqanın XV turunun EKOL-la oyunu və komandasının çıxışı haqda danışıb.

- Gərgin, amma maraqlı oyun izlədik...
- Həqiqətən də çox çətin oyun alındı. Hədiyyəlik qollar verdik, sonra da başladıq oyunu xilas etməyə. Yəni öz səhvlərimiz üzündən matçı bu vəziyyətə gətirdik. Yenə sonluq yaxşı oldu, uşaqlar özlərində güc tapdılar, oyunu xilas edə bildik.

- Məhdud heyətə sahib "FK.İD.Futsal"da Faiq Əliyevin oynamaması hiss olunurdumu?
- Onsuz da heyətimizdə bizə kömək edəcək futzalçı azdı. Üstəlik, Asif Zeynalov və Rəcəb Fərəczadə də zədəli halda meydana çıxmışdılar. Faiq isə sarı vərəqə limitini doldurduğuna görə, bizə kömək edə bilmədi. Belə deyək də, məhdud heyətdə istənilən itkinin yeri görünür. Cəmi 8 nəfər futzalçımız var. Bu qədər çətinliyə baxmayaraq, sonda məğlub olmadıq və xal ehtiyatımızı artırdıq.

- Hesab 1:5 olan zaman nə düşünürdün?
- İnanın, həmin anda da məğlubiyyət haqda düşünmürdük. Bilirsiz niyə? Çünki qol epizodlarımız olurdu. Biri var, zəif olaq, müdafiədə vaxt keçirək. Biz sadəcə, vura bilmirdik, əvəzində buraxırdıq. Bu da futbolun qanunudu: vura bilmirsənsə, buraxmağa məhkumsan. 

- Bəs niyə qol vura bilmirdiniz?
- Orasını bilmirəm. Təsəvvür edin, qapıçı ilə təkbətək çıxırıq, ancaq qapıya "düşə" bilmirik. Bu cür vəziyyətlərdən istifadə edə biməyəndə, topu öz qapında görəcəksən də.

- Maraqlıdı, "FK.İD.Futsal" çempionatda yaxşı oyun göstərən komandalardan olsa da, layiq olduğu yerdə deyil... 
- Çünki qollarımızı vura bilmirik. Epizodlar yaradırıq, qapıçı ilə təkbətək çıxırıq, amma bu üstünlüyü qola çevirməyi bacarmırıq. Nə vaxt bu problemi həll edəcəyik, onda da üst sıralarda yer alacağıq. EKOL-la üçüncü dəfədir belə oynayırıq. Onlara bir oyunda uduzmuşuq. Amma digər 2 görüş heç-heçə başa çatıb. Hər dəfə də biz qol epizodu yaradırıq, amma rəqib qol vururdu. Razıyam, bu son duelimizdə onlar da qalib gələ bilərdi. Göstərdilər ki, güclü rəqibdirlər. Ancaq əvvəlki 2 qarşılaşmada biz qələbə qazanmalı idik. 

- Çempionatda bu cür oyunların baş tutması intriqanı artırırmı?
- Çempionatın səviyyəsi əvvəlki illərlə müqayisədə artıb. İndi rəqabət var. Düzdü, "Araz" hamıdan güclüdü, amma 4-5 komanda var ki, bir-biri ilə eyni səviyyədədir, oynaya bilirlər. Halbuki əvvəl bir komanda çempionluq üçün, qalan 2 komanda isə gümüş və bürünc uğrunda yarışırdı. Ancaq indi ikinci və üçüncü pillə uğrunda 4 komanda mübarizə aparır. 

- "FK.İD.Futsal" mükafatçılar sırasında yer ala biləcəkmi?
- Bunun üçün əlimizdən gələni edirik, ancaq hələ ki alınmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.