İdman

"Tüpürsəydi, Əliyar Ağayev qırmızı vərəqə göstərərdi"

12 Fevral 2018 20:55
0 Şərh     Baxış: 616

"Zirə"nin kapitanı Kamal Bayramov müsahibə verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Topaz Premyer Liqanın 15-ci turunda "Sumqayıt"la 1:1 hesablı bərabərə qaldıqları oyundan danışan təcrübəli qapıçı "Qəbələ" ilə qarşıdakı matça da toxunub.

- 15-ci turun açılış matçında "Sumqayıt"la qarşılaşdınız və vacib xallar itirdiniz.  Oyunla bağlı nə deyə bilərsən?
- Fasilədən sonra ilk oyun olsa da, komandamız pis təsir bağışlamadı. Adətən birinci oyunlar ağır keçir. Bunu özümüz də bilirdik, baş məşqçi də izah etmişdi. Matçın çətin keçəcəyini əvvəlcədən başa düşürdük. Bunu öz təcrübəmdən də bilirəm ki, fasilədən sonra ilk oyunlar asan olmur. Digər tərfədən, heyətimizdə yeni futbolçular var. Onların uyğunlaşması üçün zaman lazımdır. Elələri var ki, komandaya 2 gündür qoşulublar. "Sumqayıt" ciddi rəqibdir . Çox yaxşı mübarizə apardılar. Yoldaşlıq oyunları ilə müqayisədə çempionatda ab-hava başqadır. Bütün bunlara baxmayaraq, ikinci hissədə 70-80 faiz toparlana bildik. Meydana maksimum nəticə üçün çıxmışdıq. Təəssüf ki, alınmadı.

- Yeni transferlərdən söz düşmüşkən, onların çıxışı komandanın kapitanı kimi səni razı saldı?
- Onlar baş məşqçinin seçimləridir. Hər futbolçu komandaya gələndə onun həm xasiyyəti, həm davranışı, həm də oyunu nəzərə alınır. Yeni gəlmələrinə baxmayaraq, öz iddialarını ortaya qoydular. Göstərdilər, komandaya kömək edə biləcəklər.

- Görüşün 83-cü dəqiqəsində Sadio Tounkara topu rəqib qapısından keçirsə də, Əliyar Ağayev oyundankənar vəziyyət olduğunu bildirdi və qolu qeydə almadı...
- Hakim də insandır. Meydanda səhv edə bilər. Ümumi götürsək, Əliyar Ağayev oyunu normal idarə etdi. Epizoda gəlincə, özüm də baxmışam. Dəqiq bir söz deyə bilmərəm. Çünki Tounkaranın əlinin qabaqda olduğu görünür. Qərar vermək çətindir. Ona görə də bu cür epizodları hakimlərin ixtiyarına buraxmaq lazımdır. Heç bir referi istəməz ki, oyunun nəticəsinə təsir edən qərar versin. Hakimlər barəsində danışmağı düzgün hesab etmirəm.

- Matçın gedişində yeni transferlərdən Yani Urdinovun Əliyar Ağayevin üzünə tüpürdüyü söylənilir...
- İnanmıram ki, Urdinov belə bir şey etsin. Əliyar tanıdığım hakimdir. Belə bir şey olsaydı, mütləq qırmızı vərəqə verərdi. Yenə deyirəm, mənə inandırıcı gəlmir. 

- Növbəti turda "Zirə"ni çətin "Qəbələ" səfəri gözləyir. Həmin oyunla bağlı nə düşünürsən?
- Bizi çox çətin oyun gözləyir. Fasilədən sonrakı ilk turdan da göründü ki, çempionat gərgin keçəcək. Komandalar gücləniblər. "Qəbələ" də çempionluğa iddialı komandadır. Ağır oyun olacaq. Amma biz də əlimizi aşağı salıb meydana çıxmayacağıq. Qəbələyə xal qazanmaq üçün gedəcəyik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.