Bu gün ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Sumqayıt"la qarşılaşan "Qarabağ" qələbə qazanıb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, meydana sonradan daxil olan, komandasının qələbə qolunu vuran və rəqib qapıçının qırmızı vərəqə almasına səbəb olan Ağdam təmsilçisinin cinah yarımmüdafiəçisi Pedro Enrike qarşılaşmadan sonra sualları cavablandırıb.
- Nəticədən və oyundan razı qaldınız?
- Kubok oyunu çempionat matçından fərqli olur. Qələbə qazanmaqdan başqa çıxış yolumuz yoxdu. Rəqib də çətin komandadı. Bu matç göstərdi ki, cavab oyununda işimiz çox çətin olacaq.
- Bu çətinlik sıx qrafikdə oynamağınızdan, yoxsa "Sumqayıt"ın müqavimət göstərməsindən yarandı?
- "Sumqayıt"ı sıradan rəqib hesab etməzdim. Bugünkü nəticədə onların da zəhməti var, yaxşı qapanmağı və əks-hücumlardan istifadə etməyi bacarırlar. Külək də oyunun sürətini azaldırdı.
- Ehtiyatdan oyuna qoşulmağınız taktiki gediş idi? Çünki meydana çıxdıqdan sonra oyunu xeyli dəyişdiniz...
- Bu suala baş məşqçi cavab verə bilər. Amma təbii qəbul etmək lazımdı. Çünki 2 gün əvvəl çempionat oyunu keçirdik. Ona görə də bu cür rotasiyalar normaldı. Heyətimizdə kifayət qədər yüksək səviyyəli futbolçular var. Kim meydana çıxırsa, üzərinə düşəni yerinə yetirir.
- İl sona çatır. Nə ilə yadınızda qalacaq?
- İlin sona çatması ilə mövsümü də yarılamış oluruq. 2017-ci ilə baxdıqda, uğurlu alındı. PAOK-da da müntəzəm oynayır, qollar vururdum. Burda isə xüsusilə son oyunlarda vurduğum qollarla komandama kömək edirəm. Çempionlar Liqasında iştirak etmələ isə təcrübə qazanmış oldum. 2017-ci ili uğurlu hesab edirəm.
- Bura gələrkən əsas stimulunuz Çempionlar Liqasında oynamaq idi. Bəs gələn mövsüm üçün istəyiniz nə olacaq?
- Çempionlar Liqası faktoru var idi, amma yeganə səbəb bu deyildi. Müqavilə ilə PAOK-a məxsusam, maya qədər burda qalacam. Qarşıda yoldaşlıq oyunu olsa belə, əlimdən gələnin ən yaxşısını edəcəm. Çempionlar Liqasında oynamaq isə başqa hisslərdi.
- PAOK-a geri dönəcəyinizlə bağlı xəbərlər yayıldı. Bu hardan qaynaqlanırdı və əsası varmı?
- Bu, mətbuatın işidi. Yunanıstanda da media fəal çalışır. Amma xəbərlərin hardan qaynaqlandığını deyə bilmərəm. Mənə qışda geri dönəcəyimlə bağlı heç nə deyilməyib. Maya qədər müqaviləm var və burdayam.
Milli.Az