İdman

Dünya çempionu: "Qalmağa yerim yox idi, zirzəmilərdə yatırdım" - FOTOlar

6 Sentyabr 2017 14:16
2 Şərh     Baxış: 3 164
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Nazirlərlə, deputatlarla yaxşı əlaqələrim var"

Milli.Az azvision.az-a istinadən bildirir ki, Emil Məmmədov 1987-ci ilin 11 may tarixində Azərbaycanda anadan olub. Peşəkar idmançı kimi fəaliyyət göstərən E.Məmmədov uzun illərdir ki, Rusiyada yaşayır. O, kikboks idman növü üzrə dəfələrlə mötəbər yarışların qalibi olub. 

Müsahibimiz "KUMITE FIGHT" versiyasına görə ikiqat dünya çempionudur. Bundan əlavə EMT (Emilio Motivation Team) şirkətinin yaradacısıdır. Emil həm də Moskvada "PARABOKSA" Federasiyasının təsisçisidir. O, Rusiyanın məşhur telekanallarında ekspert kimi çıxış edir. Həmyerlimiz, həmçinin Rusiyada aktiv biznes faəliyyəti ilə məşğul olur. 

- 9 yaşıma qədər Bakıda yaşamışam. Sonra Dağıstanda hərbi məktəbə daxil oldum. Oranı bitirdikdən sonra yenidən Bakıya qayıdıb, ailə həyatı qurdum. Ayrıldıqdan sonra Türkiyəyə yollandım. Nəhayət, Moskvaya gəlib çıxdım.

10 ildir ki, Azərbaycana gedə bilmirəm. Valideynlərim Bakıda yaşayır. Əlbəttə, Azərbaycana getmək istəyirəm. Burada işlərim həddindən artıq çoxdur, yarışlar, məşqlərə görə vaxtım yoxdur. Artıq bütün titulları əldə etmişəm, bir az rahatam. 

- Ən böyük uğurunuz nədir?

- Hər gün səhər yuxudan oyanmaq mənim üçün uğurdur. Hər dəfə çalışmışam ki, öz məqsədlərimə çatım. Bu, mənim üçün uğurdur. Burada tez-tez telekanallara dəvət olunuram. İnsanlar məni küçədə görəndə tanıyırlar və xoş sözlər deyirlər. Bunlar da mənim uğurumdur. Uşaq vaxtı həmişə "Komedi kluba" baxırdım. Ora dəvət olunmağım, səhnədə çıxış etməyim unudulmazdır.

- Azərbaycanlı idmançının uğur qazanmasına Rusiyada necə münasibət göstərirlər?

- İndi Rusiyada azərbaycanlılara hər kəs normal münasibət bəsləyir. İngilis, alman, italyan, fransız fərqi yoxdur. Mənim dostlarımın 50 faizi xarici ölkələrin vətəndaşlarıdır.

- Arzularınızın reallaşdığını qeyd etdiniz. Bəs bundan sonrakı hədəfiniz nədir?

- Hədəfim biznes və idman faəliyyətimlə bağlıdır. İdmanla bağlı layihələrim var. Gələcəkdə bunlarla bağlı açıqlamalar verəcəyəm.

- Rusiyadakı azərbaycanlı milyarderlər, iş adamları sizə dəstək olurlarmı?

- Mənə heç kim dəstək olmayıb. Hər şeyi özüm etmişəm. 

- Heç kimin sizə dəstək olmadığı halda necə oldu ki, böyük uğurlara imza ata bildiniz? 

- Məqsədə çatmaq üçün insanın motivasiyası olmalıdır. Bu yolla irəliləyə bilirsən.

- Sizi tez-tez Rusiyanın məşhur telekanallarında tanınmış insanlar, iş adamları, biznesmenlərlə birlikdə görürük.

- Mən insanlara insan kimi baxıram. Fərqi yoxdur ki, o insan taksi sürücüsü, yaxud oliqarx, milyarderdir. İnsanlıq hər şeydən öndə gəlir. 

- Azərbaycanda idman sahəsində inkişafı görəndə özünüzə sual verirsinizmi ki, niyə mən ölkəmdən getmişəm? 

- Azərbaycan mənim vətənimdir. Sözsüz ki, Azərbaycanı çox sevirəm. Azərbaycanda olmamağımın səbəbləri qarşıma qoyduğum məqsədlərlə bağlıdır. Yüksək nəticələrlə Azərbaycana qayıtmaq istəyirdim. Dost-tanışlarım hər gün mənə yazırlar ki, "sən bizim fəxrimizsən, sənə baxıb motivasiya oluruq" və s. Özlüyümdə düşünürəm ki, çəkdiyim əziyyət hədər getməyib.

- Rusiyada ermənilərlə münasibətiniz necədir? Sizin uğurlarınızı qısqanmırlar ki?

- Mən idmançıyam. İdmanda siyasət yoxdur. Mən siyasətə qarışmıram. İnsan mənim üçün insandır. İstər erməni olsun, istərsə də amerikan. Əgər mənimlə yaxşı davranırsa, qarşılığını da görür. 

Əlbəttə, mən bilirəm ki, Ermənistanla Azərbaycan arasında konflikt var. Mən azərbaycanlıyam, bunları dərk edirəm. Amma hər dəfə erməni görəndə onunla davam etməyəcəm ki?! Ermənilər arasında yaxın dostlarım yoxdur. Sadəcə uzaqdan görəndə hərdən salamlaşa bilərəm. 

- İdman klublarınızın sayını artırmağı düşünürsünüz?

- Hazırda bir klubumuz var. Digər idman klubumuz isə yanıb. Layihələrimiz var ki, daha böyük klublar açaq. Bunun üçün invsetisiya lazımdır. 

- Ölkəmizə qayıtmaq, burada fəaliyyət göstərmək barədə nə düşünürsünüz?

- Ölkəmizdə idman klubu və yaxud idman kompleksi açmaq istəyərəm. İndi Azərbaycanda idman çox populyardır. Hamı idmanla məşğul olmağa can atır. Vəziyyət tamam dəyişib.

- Bizdə olan məlumata görə, telelayihə üzərinə işləyirsiniz. 

- Məni bu yaxınlarda Rusiyanın məşhur seriallarından birinə dəvət etdilər. Həmin serial TNT kanalında yayımlanır. Çəkilişlərimiz qışda başlayacaq.

- Siz idmanla yanaşı bizneslə də məşğul olursunuz. Hazırda bu sahədə işləriniz necə gedir?

- Gələcəkdə biznesimi daha da böyüdəcəyəm. Artıq 30 yaşım var. İdmandan sonra pul qazanmaq üçün bizneslə məşğul olmaq lazımdır. Yaxşı yaşamaq istəyirsənsə, çoxlu işləməlisən.

- Rusiyanın siyasi elitası ilə görüşləriniz olubmu? 

- Prezidentlə görüşməmişəm. Amma yüksək dövlət məmurları, nazirlər, deputatlarla yaxşı münasibətim var.

- Gələcəkdə sizi siyasi sahədə də görə bilərik?

- Siyasəti sevmirəm. Gələcəkdə hər şey ola bilər. 

- Növbəti döyüşünüz nə vaxtdır?

- Sonuncu döyüşə çıxmaq istəyirəm. Bu, gələn il mümkün olacaq. 

- Azərbaycanda özünüzə rəqib bildiyiniz idmançı varmı?

- Mən heç vaxt Azərbaycandan olan idamançı ilə rinqə çıxmaram. 

- İndiyə kimi azərbaycanlı idmançı ilə döyüşünüz olmayıb?

- Professional döyüşdə heç vaxt azərbaycanlı idmançı ilə qarşılaşmamışam.

- Yəqin xəbəriniz var ki, bu yaxınlarda azərbaycanlı idmançı Rusiyada dünya çempionunu qətlə yetirmişdi. Bu hadisəyə münasibətiniz necədir?

- Bu hadisədən sonra "Exo-Moskva" radiosundan mənə zəng edib, fikirlərimi öyrəndilər. Bildirdim ki, bu normal hadisə deyil. Əgər insan öz gücünü göstərmək istəyirsə, idman zalına getsin. Küçədə güc göstərmək olmaz. Biz də istəməzdik ki, belə hadisə olsun. Nəticə hər iki tərəf üçün yaxşı olmadı. 

10 ildir ki, Azərbaycana gəlmirsiniz. Buna səbəb nədir?

- Elə də böyük səbəb yoxdur. Bütün fəaliyyətimi, arzularımı burada gerçəkləşdirmişəm. Fikirim var ki, gələcəkdə Amerikada da özümü göstərim. Sonuncu döyüşüm Amerikada ola bilər.

- Meydanda rəqibləriniz sizin azərbaycanlı olduğunuzu bilirlərmi?

- Mənim adım, soyadım Azərbaycana məxsusdur. Hər kəs bilir ki, mən azərbaycanlıyam. İştirak etdiyim bütün verilişlərdə azərbaycanlı olduğumu vurğulayıram. Çünki bəzi rusların azərbaycanlılara baxışları fərqlidir. Köhnə fikirlidirlər. Düşünürlər ki, əgər azərbaycanlıdırsa, bazarda işləyir, pomidor satır, ali təhsilsizdir. Mən öz uğurlarım, həyat tərzimlə onlara göstərməyə çalışıram ki, azərbaycanlılar çox güclü və ağıllıdırlar. 

- Rusiyanın imkanlı gəncləri, məmur övladları necə bir həyata üstünlük verirlər? 

- Qanunlara tabe olmaq lazımdır. Əgər pul qazanırsansa, onu xərcləyə bilərsən. Burada problem yoxdur. Mən yaxşı restoranları, dadlı yeməkləri, yaxşı tətili və gözəl qadınları xoşlayıram. Bu, normal haldır. Bunu hər kəs istəyə bilər.

- Rusiyada nüfuz sahibi olan azərbaycanlı oliqarxalarla əlaqələriniz varmı?

- Onların heç birini tanımıram.

- Ölkədən getdiyiniz ilk günləri necə xatırlayırsınız?

- Çox çətin idi. Yaşamağa yer yox idi. Mağazada, zirzəmilərdə qalırdım. Bir-iki il əziyyət çəkdim. Hətta yemək almağa pul tapmırdım. 

- Bəs sonra necə oldu?

-İdman fəaliyyətinə başladım. Döyüşlərdə uğurlar qazandım.

- İndiyə kimi döyüşlərdə ən çox nə qədər qazancınız olub?

- Bir dəfə Moskvada polşalı idmançı ilə döyüşdüm. Həmin gün 10 min dollar qazandım. Bir məqamı qeyd edim ki, mənim əsas qazancım idmandan deyil. Mən daha çox idman layihələrindən və biznesdən pul qazanıram. 

- Biznesiniz nədən ibarətdir?

- İdman layihələri, tədbirlər, təqdimatlar...

- Sonda azərbaycanlı gənclərə nə demək istərdiniz?

- Əgər insanın qaşısında bir məqsəd varsa, nə olursa-olsun, ona çatmalıdır. Heç vaxt düşünməsinlər ki, məndə alınmayacaq. Qara, yağışa, ətrafdakıların nə düşünmələrinə fikir vermədən öz məqsədlərinin arxasınca əmin addımlarla getsinlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.