İdman

"Bizim idmançılar varlanıb, "ulduz xəstəliyi"nə tutuldular"

3 Avqust 2017 13:45
0 Şərh     Baxış: 763

Azərbaycanlı Olimpiya çempionu Nazim Hüseynov Rusiya mətbuatına müsahibə verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Barselona-1992-nin qalibi olan cüdoçu 48 yaşı münasibətilə "championat.com"un "Sonun qardaşlığı" layihəsinin qonağı olub.

- 1992-ci ildə təkcə Olimpiadada qalib gəlmək deyil, ora düşmək də çətin idi. Müstəqil Dövlətlər Birliyinin komandasına necə düşdüz?

- Əlbəttə, millidə çox ciddi rəqabət vardı. Təkcə onu demək kifayətdi ki, sabiq SSRİ-nin 15 respublikası cüdo yarışlarına qatılan ölkələrin təxminən 10-da biridi. Amma həmin vaxt bizim komandada yalnız 1 yer vardı. Baş məşqçimiz Vladimir Kaplinin əməyini də qiymətləndirmək lazımdı ki, o, yığmamızı çox yaxşı hazırladı. Həmin vaxt mənimlə çalışıb, dünya səviyyəsinə qaldıran bütün məşqçilərə minnətdaram.

- Çəkinizdə əsas rəqibiniz kim idi?

- Ənənəvi olaraq yüngül çəkilərdə Gürcüstan məktəbi güclü idi. SSRİ dağılsa da, ordakı komanda güclü qalmışdı. Hər çəkidə Olimpiada öncəsi əlavə döyüşlər keçirildi. Hətta 1991-ci ilin dünya çempionu Sergey Kosorotov da Olimpiadadan kənar qaldı. O, son saniyələrdə gürcü David Xaxaleşviliyə uduzdu. Bu da onun üzərinə böyük məsuliyyət qoyurdu. David də finalda əfsanəvi yapon Naoyyu Oqavaya qalib gəldi. Mənim ilk böyük uğurum isə DÇ-1991-də qeydə alındı. Mundialda bürünc medal qazanandan sonra çəkimin liderinə çevrildim. Amma Olimpiadaya getmək üçün gürcü Georgi Vazaqaşviliyə qalib gəlməli idim. Hərçənd əsas rəqibim kimi DÇ-1989-un qalibi Amiran Toçtikaşvilini görürdüm. Onunla da görüşə hazırlaşmışdım. Georgini isə yaxşı tanımırdım. Həmin vaxt Gürcüstan yığmasında anlaşmaz hadisələr yaşandı və rəqibin niyə dəyişdiyini başa düşmədim.

- Olimpiadaya hazırlıq necə keçmişdi?

- Həmin zaman xarici toplanışlar yox idi. Buna heç ehtiyac da duyulmurdu. Biz Podolsk, Kislovodsk və Teodosiyada əla məşqlər keçdik. Bu da bizə çox kömək etdi. Ən çətini həmin yığmaya düşmək idi ki, orda forma yığasan. İdmançının ən böyük ustalığı əsas yarış zamanı optimal formada olmasıdı. Bunun üçün öz orqanizmini bilməlisən. Burda özün müəyyən edirsən ki, nə vaxt məşqi buraxıb, yaxud nə vaxt yüklənməlisən.

- Olimpiya çempionluğunu öz ad gününüzdə Xaxaleşvili ilə birlikdə qazandız. Belə təəssürat yaranmadı ki, özünüzə hədiyyə etmisiz?

- Həmin gün özümü ən xoşbəxt adam sayırdım. Şadamki, bu xoşbəxtliyi Davidlə bölüşdüm. Biz onunla toplanışda dostlaşmışdıq. Baxmayaraq ki, mən ən yüngül, o ən ağır çəkidə idik. İkimiz də qafqazlı olduğumuzdan ortaq dil tapdıq. Bəlkə də həmyerlisi Vazaqaşvilini udduğum üçün o da üzülmüşdü. Amma dost olduğumuz üçün məni təbrik etdi. General olmağı arzulamayan əsgərə pis əsgərdi, deyirlər. Olimpiya çempionluğunu arzulamayan idmançı da pis idmançıdı. Bu, hər birimizin böyük arzusu idi. Çox xoşbəxtəm ki, birləşmiş komandanın heyətində sonunculardan biri, müstəqil Azərbaycanın isə ilk Olimpiya çempionuyam. Çünki fəxri kürsüdə olanda müstəqil Azərbaycan bayrağı qaldırıldı.

- Sonradan Xaxaleşvili Yaponiyaya yollanıb MMA yarışlarında iştirak etdi. Sizə belə döyüşlərə qatılmaq təklif edilmədi?

- Olimpiya çempionu bu adla qalmalıdı. Mən həyatımda heç vaxt belə addım atmaram. Bu mənə heç lazım da deyil. Mən öz sözümü dedim. Davidin isə səhv etdiyini düşünürəm. Veteranların yarışında da iştirak etmək olardı. Necə ki, mən dəfələrlə bunu etmişəm.

- Bu qələbəyə görə sizi necə mükafatlandırdılar?

- Bütün çempionlar kimi mənə də 3 min dollar mükafat verdilər. Həmin vaxt nişanlı olduğumdan bütün pulu toya və ailəmizin təminatına xərclədim.

- Bu uğurunuzu sonradan davam etdirib, ən yaxşı olmağınıza nə mane oldu?

- 1992-ci ildə Barselona Olimpiadasının ən yaxşı cüdoçusu hesab olundum. Bu uğuru davam etdirə bilərdim. Amma müəyyən anda sındım. Bir il sonra dünya çempionluğuna yaxın idim. Lakin finalda hakimlər qalib olmağa imkan vermədilər. Ardınca isə ikinci dəfə Avropa çempionu titulunu qazandım.

- Bu sizin son böyük uğurunuz idi...

- Bundan sonra ağır günlərim başladı. Ermənistanla Qarabağ uğrunda müharibə gedirdi. Ölkəmizdə məşq edib, formamı saxlamaq üçün şərait yox idi. SSRİ vaxtındakı kimi şərait olsaydı, daha bir Olimpiadanı qazanırdım. Amma həmin vaxt sabiq İttifaqın bütün ölkələrində dəhşətli xaos başlamışdı. Hamıya yaşamaq çox çətin idi.

- Sizin həmin dövr - xalqlarımızın eyni dövlətdə yaşadığı vaxt üçün nostaljiniz qalıb?

- Bəli, mən həmin vaxtı geri qaytarmaq istəyərdim. Həmin illər həyatımın ən gözəl illəri idi. Mən indi də bütün postsovet ölkələri, xüsusilə də Rusiya idmançıları üçün həyəcan keçirirəm. Yəni onlara da azarkeşlik edirəm.

- İlk dəfə müstəqil ölkə kimi Olimpiadaya qatılan Azərbaycan yığmasının Atlantadakı bayraqdarı siz olduz. 1996-cı ildə baş tutan Yay Olimpiya Oyunlarındakı mərasimi necə xatırlayırsız?

- Həmin Olimpiada ilə bağlı heç də xoş olmayan xatirələrim var. Çünki qeyd etdiyim səbəblərdən yarışa yaxşı hazır deyildim. Bir neçə il ümumiyyətlə məşq etməmişdim. Olimpiadaya yalnız yarım il qalmış məşqlərə başlamışdım. Yaponiya, Koreya və Fransaya getmək təkliflərindən imtina etmişdim. Mən onda pul haqda heç düşünmürdüm. Belə ağır vaxtda öz ölkəmi atmaq istəmirdim. Xoşbəxtəm ki, ən ağır günlərdə Azərbaycanın bayrağını qaldırmışam. Sevinirəm ki, vaxtı ilə Heydər Əliyev öz müdrikliyi sayəsində bu müharibəni dayandıra bildi.

- İndi həyatınız idmanla nə dərəcədə bağlıdı?

- Mən Azərbaycan Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüyəm. Həmçinin Azərbaycan Cüdo Federasiyasında işləyirəm. Burda indiki rəhbərliyin dövründəki inkişaf xoşuma gəlir. Çünki London-2012-də ən pis nəticəmizi göstərmişdik.

- Axı əvvəlki rəhbərliyin vaxtında, Pekində Elnur Məmmədli Olimpiya çempionu olmuşdu...

- Həmin uğurlardan sonra bizim idmançılar həddən artıq varlandılar, "ulduz xəstəliyi"nə tutuldular. Hətta necə hazırlaşmağı unutdular. Onlar irəli baxmağı, təkmilləşməyi dayandırdılar. Amma insan istənilən vəziyyətdə olduğu kimi qalmalıdı.

- İndi öz təcrübənizi Azərbaycan cüdoçularının gənc nəslinə vermək istəyiniz varmı?

- Bu istək heç vaxt itməyib. İndi planlı şəkildə öz məqsədimə - cüdo məktəbimin açılmasına doğru gedirəm. Düşünürəm ki, bu istək dünya çempionatından sonra gerçəkləşəcək. Əgər evdəki mundialda cüdoçularımız vəzifələrinin öhdəsindən gələ bilməsələr və köməyimə ehtiyac duyulsa, həmişə hazıram. Azərbaycan idmançılarının cüdonun gözəlliyini dünyada göstərməsini istəyirəm. Bizdə perspektivli gənclər var. İnanıram ki, bizim yeni nəsil Tokio Olimpiadasında ən azı bir qızıl medal qazana bilər. Çünki federasiyamızın indiki rəhbərliyi çox məhsuldar işləyir.

- 2 il öncə Bakıda keçirilən Avropa Oyunlarında siz fəxri qonaqlardan biri idiz. Həmin yarışlardan hansı xatirələrinizi bölüşə bilərsiz?

- Bunu təsəvvür belə edə bilməzsiz. Əvvəl belə bir bayramı heç yuxuda da görməzdim. Bu, əsil mini Olimpiadadı. Gələn il bizdə cüdo üzrə dünya çempionatı keçiriləcək. SSRİ vaxtı bunu heç xəyalımıza da gətirməzdik. İslam Həmrəyliyi Oyunları da ölkəmizdə keçirildi. Düşünürəm ki, Azərbaycanın Olimpiada keçirə biləcəyi vaxt gələcək. Belə sevinc xalqı yeni həyata ruhlandırır. Uşaqlarımız, o cümlədən oğlum idmanla aktiv şəkildə məşğul olur.

- Yolunuzla gedən oğlunuzun işləri nə yerdədi?

- Naim bu günlərdə Almaniyada keçirilən yarışda üçüncü olub. Onun hələ 21 yaşı var və 81 kq çəki dərəcəsində çıxış edir. Düşünürəm ki, Tokio Olimpiadasına yaxşı hazırlaşıb, cüdonun vətənində medal qazanmaq iqtidarındadı. Oğlumla fəxr edirəm və onun cüdoda öz sözünü deyəcəyini fikirləşirəm. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.