İdman

"Üçüncü komandanın adını çəkən yoxdu, belə çempionat olmaz" - Böyükağa Hacıyev

1 Avqust 2017 13:44
1 Şərh     Baxış: 1 171
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin apasport.az saytına verdiyi müsahibəniyəqdim edir:

- Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" bu gün "Şerif"lə qarşılaşacaq. Tanıdığınız rəqib haqda nəyi qeyd etmək istərdiniz?

- "Şerif" çox ağır komandadı. Onları "Bakı"da işləyəndən tanıyıram. Çünki "Birlik Kuboku"nda qarşılaşmışıq. Təəssüf ki, 3:4 hesabı ilə uduzmuşduq. Həmin vaxt legionerləri çox idi. Baş məşqçiləri Leonid Kuçuk idi, oğlunu da komandada oynadırdı. Biz onda bəzi futbolçuların səhvindən uduzduq, halbuki qalib gəlməliydik.
 
- Bakıdakı qolsuz heç-heçədən sonra şansları necə dəyərləndirirsiz?

- "Qarabağ" mərhələni keçəcək. Düzdü, indi təmsilçimiz qeyri-sabit oynayır. Yayda bir neçə futbolçunu komandadan göndərməkləri oyunlarına təsir edir. Ən əsası da, Reynaldonu saxlamaq lazım idi. O, "Qarabağ"ın "vuran ayağı" idi. Sürəti hesabına istənilən müdafiəçini çaş-baş salırdı. Ona görə də, "Qarabağ"da boşluq hiss olunur. Buna baxmayaraq, mərhələ keçəcəklərinə inanıram.
 
- İlk görüşdəki qolsuz heç-heçəni rəqib komandanın baş məşqçisinin ayağına yazmaq olarmı?

- Qurban Qurbanovu qınamayın. Çünki bizim çempionatda rəqabət yoxdu. Gərək rəqabət olsun ki, inkişaf üçün də meydan yaransın. Rəqabətsizliyin nəticəsidi ki, çempionat hələ başlamasa da, yenə çempionluq uğrunda "Qarabağ" və "Qəbələ"nin mübarizə aparacağını deyirik. Problem burdan başlayır, halbuki 5-6 il əvvəl "Qarabağ" və "Qəbələ"dən başqa, "Neftçi", "Bakı", "Xəzər Lənkəran", "İnter" də var idi. Atmosfer çox fərqli idi. İndi hər şey aydındı.
 
- Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Panatinaikos"a uduzan (0:1) "Qəbələ"nin mərhələ adlamaq şansı necə, realdımı?

- İlk oyundakı məğlubiyyətə baxmayaraq, şansları 50-nin 50-yə dəyərləndirirəm. "Qəbələ" yay fasiləsində heyətə yeni futbolçular yığdı, amma oyun planında heç nə dəyişməyib. Gözlədiyimiz oyunu hələ göstərə bilmirlər.
 
- Bu, heyətin dəyişməyindən irəli gəlir?

- Bilirsiz, mən "Neftçi" ilə qrup mərhələsinə düşəndə rəhbərlik dedi ki, 3-4 yeni futbolçu alaq. Razılaşmadım. Niyə? Çünki yeni gələn futbolçunun adaptasiya prosesini keçməsinə 4-5 ay vaxt lazımdı. Onlar hazır vəziyyətə gələndə də oyunlar başa çatır.
 
- Bizim klublar niyə məhz avrokuboklar ərəfəsində heyətdə rotasiya edirlər?

- Bu, baş məşqçinin taktikasıdı. Məqsədinin altında nələr dayanır, bilmək lazımdı.
 
- Avrokubokda mübarizəni dayandıran "İnter"lə "Zirə"nin çıxışını necə dəyərləndirirsiz?

- Çox zəif. Düz hərəkət etmədilər. Heç olmasa, üçüncü mərhələdə dayanaydılar. Bunun da hamısı zəif olmalarından irəli gəlirdi.
 
- Çempionatda rəqabətin az olmasının təsiri hiss olunurmu?

- Əlbəttə. Avqustun 12-13-də çempionat başlayacaq. Kimi dindirsən, deyəcək ki, çempion "Qarabağ" və ya "Qəbələ" olacaq. Üçüncü komandanın adını çəkən yoxdu, belə futbol, çempionat olmaz. Gərək ən azı 6-7 komanda bir-biri ilə "cırmaqlaşsın". Bu yoxdu, sabah da hamı Robert Prosineçkinin üstünə düşəcək. Onluq nə iş var? Prosineçki əlinin altında olan "material"dan ən yaxşısını etməyə çalışır. Onun yerində mən də olsam, bundan yaxşısını göstərə bilmərəm.
 
- Yeni çempionat da 8 komandanın iştirakı ilə keçiriləcək...

- Ölkə çempionatında heç olmasa 12 komanda iştirak etməlidi. Onlar da bir-birinə "badalaq" vurmalıdı. Yoxsa 8 komanda....
 
- "Neftçi"ni necə, izləyirsizmi?

- Dəyişən heç nə yoxdu, köhnə hamam, köhnə tasdı. İndi oturublar Avstriyada, bir ucdan futbolçu yığırlar. Kimi qovurlarsa, "Neftçi"yə qaçır. Yaşayıb, görəcəyik. Onların çempionluq üçün şansı yoxdu. "Neftçi"nin çempionluğu Böyükağa Hacıyevin gedişi ilə öldü.
 
- Klublarımızın transfer siyasətini necə qiymətləndirirsiz?

- Hansı legionerlərdən danışırsız? Flavinyo, Vobay, Kanales, Ramos, Mitreski səviyyəsində futbolçu gəlmirsə, hansı legioneri qeyd edə bilərəm.
 
- Yerli futbolçuların üzə çıxması üçün nə etmək lazımdı?

- Bölgə komandalarını artırmaq lazımdı. Naxçıvan kimi şəhərin hökmən komandası olmalıdı. Onda hiss edirsiniz ki, futbol oynayırsız. Təyyarə ilə səfərə çıxırsız, hava limanında komandanı qarşılayırlar, otelə aparırlar. Yoxsa minirlər "marşrutka"ya, deyirlər gedirik "vosmoy"a. Niyə? Oyunumuz var. Bu, futbol deyil, ləzzəti də ola bilməz. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.