İdman

Osman Kulibali: ""Qəbələ"dən qorxmuruq"

24 İyul 2017 18:36
0 Şərh     Baxış: 973
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi "Panatinaikos"un müdafiəçisi Osman Kulibali Yunanıstan mətbuatına müsahibə verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Mali millisinin futbolçusu komandasının hazırkı durumunu və "Qəbələ" ilə matçlardakı şanslarını dəyərləndirib.

- Bu yay keçdiyiniz toplanış sizə nə qazandırdı?
- Özümü çox yaxşı hiss edirəm və meydana çıxmağa hazıram. Builki toplanışın əvvəlində kollektivə qoşulduğum üçün baş məşqçinin nələr istədiyini daha yaxşı başa düşürəm. Ötən il transfer dönəminin son günündə "Panatinaikos"a keçmişdim. Bu da müəyyən problemlərə yol açdı, kollektivə uyğunlaşmağım xeyli vaxtımı aldı. İndi isə komanda yoldaşlarım məni daha yaxşı başa düşürlər.
 
- Baş məşqçi nədənsə toplanış dövründə ağır məşqlərlə sizi çox yormadı...
- Baş məşqçi hansı futbolçuya necə tapşırıq vermək lazım olduğunu yaxşı bilir. Biz futbolçular bəzən meydanda gərəksiz yerə güc sərf edirik. Məşqçimiz nə vaxt qaçmaq, nə vaxt dayanmaq lazım olduğunu başa salır. Təcrübə daha çox artdıqca futbolçular da güclərini 90 dəqiqəyə bölməyi öyrənirlər.
 
- Necə düşünürsüz, "Panatinaikos" Avropa Liqasına hazırdımı?
- Fikrimcə, tam hazır olduğumuzu artıq göstərmişik. Əlbəttə ki, belə matçlarda bir səhvi sığortalamaq üçün vaxtın olmaya bilər. Biz "Qəbələ" ilə oyunların ciddiliyini dərk edirik. Ancaq komandamızın səviyyəsi növbəti mərhələyə adlamağa imkan verir. Mən çox nikbinəm və uğur qazanacağımıza inanıram.
 
- Heyətdəki dəyişikliklərdən sonra "Panatinaikos" güclənib, yoxsa?
- Əlbəttə ki, Berq, Leto, Klonaridis kimi oyunçuların gedişi mütləq təsir edəcək. Ancaq yüksək səviyyəli oyunçuların çoxu qaldı. Həmçinin yeni gələn gənclər də komandaya kömək olacaq səviyyədədilər. Yeni transferlər Altman, Lusiano və Kabezasın komandanı gücləndirəcəyinə şübhə yoxdu.
 
- Yəni ötən mövsümlə müqayisədə indiki "Panatinaikos" daha güclüdü?
- Bu, təkcə oyunçu səviyyəsi ilə yox, digər amillərlə də bağlıdı. Bir çox komandalar güclü transferlər edirlər. Ancaq bəziləri uğur qazanmırlar. Bizim pozitiv məşqçimiz və əlimizdə ötən mövsümün statistikası var. İndi hər şeyə sıfırdan başlayırıq.
 
- 2015-ci ildə "Qəbələ"yə qarşı çıxış etmiş heyətdə olmayan oyunçulardansınız. Bu barədə komanda yoldaşlarınızla söhbət etmisinizmi?
- Əlbəttə, həmin oyun barədə məlumatlıyam. Bu, "Panatinaikos"un çətin dövrləri idi. Bir çox böyük klublarda belə ağır dönəmlər olub. Ancaq futbolda birlikdə irəliləmək vacibdi. "Qəbələ"yə qarşı iki il əvvəlki nəticənin budəfəki matçlara təsir edəcəyini düşünmürəm. Rəqibdən qorxmuruq. Növbəti mərhələyə adlamaq üçün lazım olan bütün hazırlığı görmüşük.
 
- Bəs maliyyə problemlərinin hansısa təsiri ola bilərmi?
- Klubda nələrin baş verdiyini bilirik və burda qalmaq qərarına gəldik. Məşqçilər korpusu yaxşı iş görür. Paltardəyişmə otağında gözəl atmosfer yaranır. Heç bir kənar amil uğursuzluğa səbəb ola bilməz. Bəli, problemlər var, ancaq bunun bir təsiri olmayacaq. Meydana çıxıb, işimizi görəcəyik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.