İdman

Gürcü gimnast: ""AGF Trophy mükafatını almaq mənim üçün çox gözlənilməz oldu"

18 Mart 2017 18:47
Baxış: 313

""AGF Trophy" mükafatını almaq mənim üçün çox gözlənilməz oldu".

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda çıxış edən Gürcüstan gimnastı Konstantin Kuzovkov deyib.

O, bu mükafatı almaqdan məmnunluğunu bildirib. "Heç fikirləşmirdim ki, bu mükafatı ala bilərəm. Böyük yarışlarda bu mənim birinci böyük mükafatımdır. Mənim beynəlxalq çıxışlarım olub, amma Dünya Kuboku səviyyəsində yox. Mən birinci dəfədir ki, Bakıdayam və deyə bilərəm ki, hər şey yüksək səviyyədədir".

Turnirin yüksək təşkilatçılıq səviyyəsini eyni mükafata layiq görülmüş avstraliyalı gimnast Emili Littl də qeyd edib: "Görünür ki, Federasiya hər şeyi yüksək səviyyədə təşkil etmək üçün səylərini əsirgəməyib".

Gimnast xüsusi mükafat üçün də Azərbaycan Gimnastika Federasiyasına təşəkkürünü bildirib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında keçirilən kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-da başa çatacaq. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edir.

Turnirin ilk iki günü təsnifat mərhələləri üzrə yarışlar keçirilib, son iki günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparırlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) çıxış edirlər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alırlar.

Ölkəmizi kişi idman gimnastikası üzrə yarışlarda Murad Ağarzayev, Bense Talas, qadın idman gimnastlarının turnirində isə Yuliya İnşina, Marina Nekrasova, Mariya Smirnova və Yekaterina Tişkova təmsil edirlər.

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.