İdman

Azərbaycan gimnastları: "Tamaşaçıların dəstəyi dünya Kubokunun finalına yüksəlməyə kömək etdi"

16 Mart 2017 20:20
Baxış: 308

"Doğma divarlar arasında tamaşaçıların dəstəyi bizə idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında finala yüksəlməyə kömək etdi".

Milli.Az bildirir ki, bunu Trend-ə bu gün Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarışlarında halqalarla hərəkətlərdə finala çıxmış Azərbaycan gimnastları Yuliya İnşina və Yekaterina Tişkova deyib.

Azərbaycan idmançıları bildirib: "Biz öz çıxışımızı əla qiymətləndiririk, heç bunu gözləmirdik. Hər ikimiz finala çıxdıq və buna görə çox şadıq. Doğma divarlar arasında çıxış etmək üzərimizə əlavə məsuliyyət də qoyur, amma tamaşaçıların dəstəyi də bizə çox kömək etdi".

Qadın komandasının baş treneri Nina Pravdina etiraf edib ki, halqalarla hərkətlərdə finala çıxmağa ümidli deyilmiş: "Belə desək ginmnastikanın bu növündə finala çıxmağa heç ümid etmirdik, bu bizim üçün böyük uğurdur. Bugünkü gün çox yaxşı başa çatdı. Qızlar da yaxşı çalışdılar. Marina Nekrasova da finala çıxdı, bu çox yaxşı nəticədir".

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya Kuboku mərhələsi martın 19-dək davam edəcək. Artıq ikinci ildir ki, paytaxtımızın ev sahibliyi etdiyi bu turnirdə 23 ölkədən idmançılar çıxış edəcək.

Turnirin ilk 2 günü təsnifat mərhələləri, son 2 günü isə ayrı-ayrı alətlər üzrə finallar baş tutacaq. Yeni Olimpiya dövrünün 2017-ci ildən qüvvəyə minən yeni qaydaları əsasında kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

Məşhur kişi idmançılar arasında Olimpiya çempionları Elefterios Petrunias (Yunanıstan), Kristian Berki (Macarıstan), Olimpiya Oyunlarının gümüş mükafatçısı Filip Ude (Xorvatiya) və Avropa çempionu Aleksandr Şatilov (İsrail) peşəkar çıxışları ilə hər kəsi heyran edəcəklər.

Qadın idmançılar arasında isə 3 qat Olimpiya çempionu Katalina Ponor (Rumıniya) və Olimpiya Oyunlarının qızıl medalçısı Oksana Çusovitina (hazırda Özbəkistanı təmsil edir) kimi məşhur gimnastlar yer alacaqlar.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.