İdman

Kazbek Tuayev: "Foqts 10 xal toplasa da, millidə qalmamalıdı"

29 Avqust 2013 16:54
0 Şərh     Baxış: 1 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Kazbek Tuayevin azerisport.az saytına müsahibəsi
  

- "Qarabağ"dan Almaniya "Eintracht"i ilə cavab oyununda nə gözləyirsiz?

- Obyektiv olsaq, rəqib çox güclü komandadı. Mən komandamızın Bakıdakı ilk oyunda yaxşı nəticə qazanacağına ümidli idim. Amma oyun göstərdi ki, biz bu cür komandalarla rəqabət aparacaq gücdə deyilik. Özümüzü aldatmayaq - "Eintracht" bizim səviyyəmizə görə deyil. Ümid edirəm ki, "Qarabağ" cavab matçında layiqli oyun sərgiləyəcək. İstənilən hesablı qələbə isə komandamız üçün fantastik nəticə olardı.
  

- Premyer Liqanın geridə qalan dörd turu ilə bağlı nə deyə bilərsiz?

- Son tur Yuri Syomin və onun "Qəbələ"si üçün üzücü oldu. Komanda "Qarabağ"la oyunda o qədər qol epizodu yaratdı, heç birini vura bilmədi. Mən hələ belə oyun görməmişdim. "Xəzər Lənkəran" da "Neftçi" ilə oyunda xoşuma gəldi. Meydan sahibləri yaxşı, təşkilatlanmış futbol sərgilədilər. Bir qədər müdafiə xəttində problemlər diqqət çəkir. Amma onların həmin oyunda bəxti gətirmədi. Hiss olunur ki, Con Toşak tədricən komandasını formalaşdırır.
 

- Bəs Böyük oyundan sonra baş verənlər barədə nə deyə bilərsiz?

- Bütün bunları dramatikləşdirmək lazım deyil. Belə şeylər xarici çempionatlarda hər tur olur. Digər tərəfdən insanların futbola bu şəkildə maraq göstərməsi, komandalarına görə həyəcan keçirməsi xoşdu. Baxmayaraq ki, bu cür münaqişələrin yaranması da xoşagəlməzdi. Qoy hər kəs öz emosiyalarına sahib çıxsın. Ümid edirəm ki, növbəti oyuna qədər hər şey qaydasına düşəcək.
  

- Gələn həftə Azərbaycan yığmasını DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsraillə oyun gözləyir...

- Mən də bu oyunu səbrsizliklə gözləyirəm. Çox istərdim ki, komandamızın İsrail üzərində qələbəsini görüm.
 

- Amma indiki komanda Bakıda 1:1 hesablı heç-heçə edən İsrail deyil...

- İstənilən halda İsrail orta səviyyəli bir komandadı. Ən azından İsrail Portuqaliya deyil. Əgər Rusiyaya qarşı Moskvada sərgilədiyimiz futbolu təkrarlaya bilsək, hər şey mümkündü.
 

- AFFA rəhbərliyi və Berti Foqts ilin sonunda başa çatacaq müqaviləni yeniləmək fikrində deyil. İcraiyyə Komitəsinin üzvü kimi buna münasibətiniz necədi?

- Mən AFFA rəhbərliyini dəstəkləyirəm. Futbolumuz asta addımlarla irəliləyir. Bizə bu yolda daha yaxşı məşqçi lazımdı. Onun yerli və ya əcnəbi olmasının fərqi yoxdu.
  

- Az qala bütün futbol ictimaiyyəti Qurban Qurbanovu millidə görmək istəyir...

- Ona hələ tezdi. Məşqçiliyə yeni başlayıb. Azərbaycan yığması o qədər də güclü komanda deyil ki, belə gənc mütəxəssisi ona baş məşqçi təyin edəsən. Əgər işləri yaxşı getməsə, necə olacaq? Bu, onu sındıra, ruhdan sala bilər. Qoy hələ təcrübə toplasın, daha da püxtələşsin.


- Yığmamız qalan üç oyunda daha 5-6 xal toplasa, Foqts qala bilər?

- Hətta 10 xal da toplasa, xeyri yoxdu. Məsələn artıq həll olunub və onun getmək vaxtıdı. Neçə ildi bu postdadı, ortada heç nə yoxdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.