Portuqaliyalı ulduz Cristiano Ronaldonun Real Madrid-dəki dövründə yalnız meydanda deyil, həm də xarakteri ilə komanda yoldaşları və işçi heyəti üzərində dərin təəssürat buraxdığı bir daha təsdiqlənib.
Real Madrid-in keçmiş qapıçısı Kiko Kasilya bildirib ki, Ronaldo "Blancos" forması geyindiyi illərdə klubdakı hər kəsə - istər futbolçu, istərsə də personal - "iPhone" və "Apple Watch" hədiyyə edib. Bu jest xüsusilə 2010-cu illərdə ABŞ-dakı mövsümöncəsi toplanış zamanı baş verib.
Milli.Az xəbər verir ki, bu barədə Kasilya "El After de Post United" proqramına verdiyi müsahibədə deyib:
"O, akademiyadan çıxan ən gənc futbolçudan tutmuş, fizioterapevtlər, təhlükəsizlik işçilərinə qədər hər kəsə öz diqqətini göstərirdi. Ronaldo bu hədiyyələrlə heç vaxt öyünmürdü - sadəcə minnətdarlığını göstərmək və ətrafındakılara dəyər verdiyini hiss etdirmək istəyirdi" .
Qeyd edək ki, hazırda 39 yaşlı Ronaldo karyerasını Səudiyyə Ərəbistanında "Əl-Nassr" klubunda davam etdirir.
Fidan
Milli.Az