Cəmiyyət

20 yaşının fərəhini üç gün yaşayan qəhrəman - FOTO

27 Oktyabr 2021 23:10
0 Şərh     Baxış: 483
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, ailəsinə bir ayda iki fərqli duyğu yaşadan qəhrəmanlardan biridir. Oktyabrda fani dünyaya gəldi, oktyabrda da əbədi dünyaya yol aldı. Son doğum gününü - 20 yaşını belə müharibənin od-alovu içərisində qeyd etdi. Yeni yaşın fərəhini üç gün yaşamaq qismət oldu. Gənc yaşda əlçatmaz zirvəyə - şəhidlik zirvəsinə ucaldı.

Məmmədov Fərid Eyvaz oğlu 2000-ci il oktyabrın 12-də Kürdəmir rayonunun Şıxımlı kəndində anadan olub. Vüqar Qurbanov adına Köhnəbazar tam orta məktəbini bitirib. 2019-cu ilin yanvarında həqiqi hərbi xidmətə yollanıb. Ötən il iyulda həqiqi hərbi xidməti başa vurduqdan sonra müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu kimi xidmətini davam etdirib. Müharibə başlayanda 3 ay idi ki MAXE kimi xidmət edirdi.

Milli.Az bildirir ki, şəhidin anası Kifayət Məmmədova AZƏRTAC-ın müxbiri ilə söhbətində oğlu ilə bağlı xatirələrindən danışıb: "İki övladım var idi. Fərid ilk göz ağrımız idi. Fərid əvəzolunmaz, misilsiz, bənzərsiz deməkdir. Oğlum adınalayiq oldu, əvəzolunmaz övlad, misilsiz qəhrəmanlıqlarla yaddaqalan hərbçi.... Kiçik yaşlarından qorxmazlığı, cəsarəti ilə seçilirdi. Ən böyük arzusu hərbçi olmaq, özü də ön xətdə qulluq etmək idi. Heç kim onu həmin arzusundan döndərə bilmədi. Hərbi xidməti başa vursa da, evə gəlmədi. Tərtərdə "N" saylı hərbi hissədə xidmət edirdi. Elə orada da qalıb hərbi sahədə fəaliyyətini davam etdirdi. Son dəfə avqustun sonları beşgünlük məzuniyyətə gələndə gördük. Vətən müharibəsi başlayanda hərbçi kimi ilk sıralarda döyüşlərə qatıldı. Müharibə dövründə iki-üç gündən bir zəng edirdi. Hər dəfə də "hər şey yaxşıdır, narahat olmayın" deyir, heç bir narahatlığı bizə bildirmirdi. Tərtər rayonunun Talış kəndi, Suqovuşan qəsəbəsi və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Suqovuşanla Talış azad ediləndən sonra bizimlə əlaqə yaradanda nə qədər ciddiyyətini qorusa da, səsindəki Qələbə sevinci hiss edilirdi. Əsgərləri, silahdaşları şəhid olduğuna, ağır xəsarət aldığına görə çox sevinə bilmirdi. O, nə qədər qorxmaz olsa da, bir o qədər həssas və düşüncəli övlad idi. Özündən başqa hamını düşünürdü. Oktyabrın 12-də 20 yaşı tamam oldu. Doğum gününün, yeni yaşa qədəm qoymasının xoşbəxtliyini belə yaşaya bilmədi... Müharibənin dəhşətləri yeni yaşının sevincini unutdurmuşdu. Həm də bəlkə ürəyinə dammışdı ki, bu sonuncu ad günüdür... Döyüş yoldaşları onun haqqında o qədər xoş söz deyirlər ki... Yaşının az olmasına baxmayaraq, bütün tapşırıqların öhdəsindən məharətlə gəlir, manqa komandiri kimi əsgərlərini qorumağa çalışırmış.

Son dəfə oktyabrın 14-də telefonla əlaqə saxladıq. Onda da sanki vidalaşırmış kimi danışdı "özünüzdən muğayat olun, hamıya salam deyin". Oktyabrın 15-də isə oğlum Suqovuşanda yaxınlığına minaatan mərmisi düşməsi nəticəsində şəhid oldu. Oktyabrın 16-da Şıxımlı kənd qəbiristanlığında torpağa tapşırdıq. Fəridin ömrü yalnız payızdan ibarət oldu, tək oktyabr ayına sığdı. Amma göstərdiyi qəhrəmanlıq, şücaət 20 yaşını aşdı. Balaca oğlum 10-cu sinif şagirdidir. Onun üçün ən gözəl nümunə elə qardaşının şərəfli həyat yoludur. O da Fərid kimi qəhrəman olmaq istəyir. Bir övladımı Vətənə qurban verdim, digərini də Vətənə, millətə faydalı övlad kimi yetişdirəcəm".

K.Məmmədova "YAŞAT" Fondu tərəfindən məişət şəraitinin yaxşılaşdırılması məqsədilə pul vəsaiti ayrıldığını, səlahiyyətli qurumların ailə ilə maraqlandığını və dövlətin şəhid ailələrinə dəstəyini əsirgəmədiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Fərid Məmmədov ölümündən sonra ölkə başçısının sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.