Cəmiyyət

Böyrək daşı xəstəliyi kimdə inkişaf edir? 10 RİSK FAKTORU

26 Oktyabr 2021 22:01
0 Şərh     Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyrək daşı xəstəliyi zamanı böyrəklərdə (və ya sidik yollarında, və ya sidik kisəsində) tədriclə duz kristalları yığılır, böyüyür və daşlar (konkrementlər) əmələ gətirir.

Bu kifayət qədər yayılmış xəstəlikdir. Saglamolun.az bildirir ki, böyrək daşı xəstəliyi ağrılar, sidikdə qanın olması, tezləşmiş və ağrılı sidik ifrazı, bəzi hallarda ürəkbulanması, qusma, hərarətin artması kimi simptomlarla özünü büruzə verir. Böyrək daşı xəstəliyi mütləq vaxtında müalicə olunmalıdır. Əks halda bu kəskin və ya xroniki piyelonefrit xəstəliyinin inkişafına, daha sonra isə böyrək çatışmazlığına səbəb ola bilər.

Təbii ki, böyrək daşı xəstəliyi bütün insanlarda inkişaf etmir. Bu xəstəliyin müəyyən risk faktorları mövcuddur. Bu risk faktorlarını bilmək olduqca vacibdir. Beləliklə, böyrək daşı xəstəliyinin risk faktorları:

- Kişi cinsi. Kişilərdə bu xəstəliyə qadınlarla müqayisədə 3 dəfə daha tez-tez təsadüf edilir.

- Yaş. Həkimlərin müşahidələrinə görə, bu xəstəlik 20 yaşından 40-45 yaşına kimi olan insanlarda daha tez-tez inkişaf edir.

- İrsiyyət. Bu ən əsas faktorlardan biridir. Lakin bu faktorun olması heç də o demək deyil ki, əgər sizin nəsildə böyrək daşı xəstəliyindən əziyyət çəkənlər varsa, sizdə də bu xəstəlik mütləq inkişaf edəcək. Müəyyən profilaktik tədbirlər (düzgün qidalanma, suyun kifayət miqdarda içilməsi, hərəkətlilik və s.) bu xəstəliyin inkişafının riskini xeyli azaldır.

- Piylənmə zamanı mübadilə prosesləri pozulur ki, nəticədə böyrək daşı xəstəliyinin inkişafı riski artır.

- Mayenin az miqdarda qəbulu. Əgər insan daim az maye qəbul edirsə, bu sidiyin daha qatı olmasına və böyrəklər tərəfindən bu sidiyi daha çətin xaric olunmasına səbəb olur. Nəticədə böyrəklərdə duzlar yığılır, daha sonra isə daşlar əmələ gələ bilər.

- Orqanizmdə kalsiumun az olması. Baxmayaraq ki, daşların əksər hissəsi məhz kalsiumdan ibarətdir. Kalsiumun qida ilə az qəbul olunması da sidik ifrazı sistemində daşların əmələ gəlməsinə səbəb ola bilər. Orqanizmə az miqdarda kalsium daxil olunduqda orqanizmdə qoruyucu mexanizm işə salınır ki, orqanizm kalsiumu saxlamağa çalışır. Nəticədə isə bu daşların əmələ gəlməsinə səbəb ola bilər.

- Orqanizmdə kaliumun az olması. Kaliumun az olması orqanizmdə kalsiumun səviyyəsinin artmasına səbəb olur ki, bu da daşların əmələ gəlməsinə təkan verir. Bu səbəbdən kalium elementi ilə zəngin olan qidalar (əsasən meyvə-tərəvəz) qidalanmanızda daim olmalıdır.

- Orqanizmə duzun çoxlu miqdarda daxil olunması. Adi xörək duzun tərkibinə natrium daxildir. Natriumun orqanizmdə artması kalsiumun artmasına səbəb olur ki, nəticədə artıq kalsium böyrəklərdə yığılmağa başlayır.

- Qidalanmada ətin çox olması. Bu həm böyrək daşı, həm onkoloji, həm ürək-damar xəstəliklərinin riskini artırır.

- C vitaminin həddən artıq qəbulu da orqanizmdə kalsiumun saxlanmasına və daha sonra daşların əmələ gəlməsinə səbəb ola bilər. Burada söhbət qida məhsullarında olan C vitaminindən deyil, dərman preparatları (həblər, damcılar və s.) şəklində qəbul olunan C vitaminindən gedir. Bu vitamini yalnız həkimin məsləhəti ilə qəbul etmək olar.

Əgər sizdə sadaladığımız risk fakorları varsa, orqanizminizə qarşı daha diqqətli olun və xəstəliyin ilk simptomlarında dərhal həkimə müraciət edin. Bütün digər xəstəliklər kimi, böyrək daşı xəstəliyi də ilkin mərhələlərdə daha asan və tez müalicə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.