Cəmiyyət

Autizm nədir və autizmli insanlar kimlərdir?

19 Sentyabr 2021 20:25
0 Şərh     Baxış: 2 185
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər şeydən əvvəl, autizm (autizm spektral pozğunluq) - xəstəlik deyil,  insanın doğuşdan sosial-qarşılıqlı əlaqədə, nitqdə, qeyri-şifahi ünsiyyətdə məhdudluğu və davranışlarda davamlı çətinlikləri əhatə edən, bioloji təbiətə malik kompleks vəziyyətidir.

Autizmli insanlar ətraf aləm haqqında fərqli təsəvvürə malikdirlər. Onların ünsiyyətdə və sosiallaşmada çətinlikləri olduğundan ictimai yerlərdən uzaqlaşıb tək qalmağı üstün tuturlar. Eyni hərəkətləri dəfələrlə təkarlaya bilərlər. Belə insanlar hər şeyi ağrılı şəkildə qəbul edirlər. Autizmin ağırlıq dərəcəsindən asılı olaraq əlamətləri də dəyişir.

- gözlə təmas qurmamaq;

- dar bir maraq dairəsinə və ya müəyyən mövzuya sıx marağa malik olmaq;

- söz və ya ifadələrin, qol hərəkət çevirmə hərəkətlərini təkrarlamaq;

- başqalarına baxmamaq və ya qulaq asmamaq;

- tutulmaq, yaxud qucaqlanmağı rədd etmək;

-nitqi, jestləri, mimikanı, səs tonunu anlamaqda və ya istifadə etməkdə problemlər yaşamaq.

ÜST-ün göstəricilərinə görə dünyada hər 160 uşaqdan biri autizmə mübtəla olur. Oğlanlarda qızlara nisbətən 4 dəfə çox rast gəlinir.

Yaranma səbəbi:

Tam aydın deyil. İrq, etnik mənsubiyyət və ya sosial mənşədən asılı olmadan görülür. Güman olunur ki, uşağın genləri və ya ətraf mühit faktorları daxil olmaqla bir çox amillər autizmə təkan verir. Autizm riski uşaqların pis tərbiyəsi deyil, vaksinlər heç deyil.

Diaqnoz nə zaman və necə qoyulur?

Autizm dərəcəsindən asılı olaraq 0-3 yaşlardan özünü biruzə verir. Autizm üçün xüsusi bir müayinə mövcud deyil. Uşağın həmyaşıdı ilə müqayisəli müşahidəsi, nitqi, hərəki, davranış inkişafı həkim-mütəxəssis  tərəfindən valideyn və ya dayədən ətraflı şəkildə öyrənilib diaqnozu müəyyən müddətə dəqiqləşdirilir. Autizmin diaqnostikasında pediatr, həkim-nevroloq, həkim-psixiatr və uşaq psixoloqu iştirak etməlidir.

Erkən diaqnoz uşağın yaşadığı problemlərə tez yardımçı olmağa, nitq, davranış inkişafı, sosiallaşma bacarıqlarının korreksiyası üçün uyğun müalicə seçməyə əsas verir.

Autizm=dahilik?

Autizmli uşaq və böyüklərin bəziləri incəsənət sahəsində şedevral bacarıq nümayiş etdirə bilirlər, bəziləri fenomenal yaddaşa sahib olaraq elmdə inanılmaz nəticələr göstərirlər. Xarici dil öyrənmək,  musiqi alətlərində məharətlə ifa etmək bacarığı ilə tanınan bu tip insanlar vardır. Belə bacarıq onların eyni şəkilli hərəkətləri təkrarlamaq və hər hansı əşyaya fokuslanmaq qabiliyyəti ilə izah edilir. Autizm əlamətləri olan məşhurlar arasında rejissor Woody Allen, Microsoft qurucusu Bill Gates, musiqiçi Bob Dilan, yazıçı Virginiya Woolf, ABŞ- ın on altıncı prezidenti Abraham Lincoln və rəssam Leonardo da Vinci yer alır.

Müalicəvi yanaşma metodları:

Diaqnostik müşahidə cədvəlinə əsasən müalicə növləri seçilir. Məqsəd autizmli insanları pozitiv davranışa təşviq etmək, mənfi davranışdan çəkindirməkdir.

Uşaqlara görə valideyn optimal şərait yaratmalı, otağında olan hər şey daim eyni yerdə yerləşdirilməlidir. Uşağın kart şəklində ipucları olan ardıcıl gündəlik rejimi tərtib edilməlidir. Bu işlə ya valideyn, ya müəllim, yaxud psixoloq məşğul olmalıdır. Terapiya növləri çoxdur.

Animal (heyvan) terapiyası - delfinlərlə üzmək, atlarda gəzmək. Belə metod uşağın suda, havada öz bədənini hiss etməsini yaxşılaşdırır.

Peşə terapiyası-elementar vərdişləri (geyinib-soyunma, qaşıq, çəngəldən istifadə etmə, diş fırçalama və s) aşılayır.

Nitq terapiyası-verbal vərdişlərə və insanlarla ünsiyyətə kömək edir.

Bunlardan əlavə masaj, aktiv-passiv gimnastika və s.metodlardan istifadə edilir.

Ehtiyac olursa, diqqət problemi, hiperaktivliyə yardımçı olan dərman müalicəsi tətbiq edilir.

Autizmli uşağı olan valideyn autizm haqda mümkün qədər çox məlumat əldə etməli, ardıcıl qurulmuş rutin qaydaları təmin etməli, autizm uşağı olan digər valideynlərlə əlaqə qurmalı, özünə və digər ailə üzvlərinə vaxt ayırmalıdır.

Autizmli bir uşağın olması bütün ailənin həyat keyfiyyətinə təsir edir. Müalicə stressli, vaxt tələb edən və bahalı ola bilər. Bununla belə, ailənin fiziki və emosional sağlamlığına diqqət yetirmək önəmlidir. Hər bir ölkədə belə ailələrə məlumat, dəstək verən qurumlar, təşkilatlar vardır. Onların şüarı da birdir: "Autizmli insanlar xəstə deyil, sadəcə dünyaya fərqli baxırlar".

Tomiris Əlili
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.