Cəmiyyət

"65 yaşın 25-ci aşırımına qayıtmaq istərdim..." - Əliqismət Lalayev - FOTO

3 İyul 2021 14:34
0 Şərh     Baxış: 1 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çoxlarının yaxşı tanıdığı insan haqqında yazmaq həm asandır, həm də çox çətin! Asandır ona görə ki, onun bütün həyatı, fəaliyyəti, arzu-istəkləri, yaşam tərzi dəfələrlə müxtəlif rakurslardan dilə gətirilib, səsləndirilib. Çətindir ona görə ki, sanki hər şey deyilib, yazılıb, sözlər, söhbətlər, xatirələr təkrarlana bilər... Bir yandan da düşünürsən ki, xasiyyətinə, iş üslubuna, ailə-məişət qayğılarına bələd olduğun, ictimai-mədəni aləmində deyəcəklərinə və həyatın ən kritik anlarında belə, "bir ümidin" ətəyindən tutub dirçəlməyi bacaracağına inandığın, güvəndiyin biri ilə həmsöhbət olmağa nə var ki?

Beləliklə, yenə həmsöhbətimiz Əliqismət Lalayevdir. Naxçıvan Muxtar Respublikasının və Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, 6 nəvənin babası, böyük bir nəslin və tanıdığı müxtəlif xarakterli yüzlərlə qohumun, işçinin, tanışın qeydinə qalmağı özünə borc bilən bir insan və nəhayət, mənim illərin sınağından çıxmış əziz, ən çətin anlarda bütün ailə üzvləri ilə bərabər yanımda hazır olacaq dostum.
Onun haqqında 50-sində, 55-ində, 60-ında da yazmışdım. Amma bu dəfə 65-in haqq-hesabını aparmalıyıq, ömrün aqillik, yetkinlik çağında, dünyamızın nigaran, səksəkəli bir dönəmində, təkcə "nə var, nə yoxla?" - kifayətlənmək niyyətində deyiləm. Artıq mən də bəlli bir təcrübə sahibiyəm və onilliklər boyu sadiq qaldığım məsləyimin, necə deyərlər, "sanbalını, çəkisini, brendini" qoruyub saxlamağa borcluyam. Odur ki, Əliqismət Lalayevin 65 illik ömrünün imtahan sualları da bu dəfə bir az fərqli olacaq.

- Fridrix Nitsşenin məşhur "Həyat şərtləri çətindir, ancaq bu barədə çox düşünsən, bədbinləşə bilərsən", - fikrini belə tamamlamaq istərdim ki, bu bədbinlik də sənin əlini-qolunu bağlayıb irəliləyişinə mane olar! Siz necə düşünürsünüz? Həyat nədir?

- Nitsşe çox məşhur alman filosofudur, ağıllı və müdrik olmasaydı, dünya onu çoxdan unutmuşdu. Onun həyat fəlsəfəsi bu qədər sadə və bəsit məntiqə sığışa bilməsə də o yaxşı bilirdi ki, həyatın  onu yaşayanlardan tələbi, haqq-hesabı tamam başqa bir müstəvidə cərayan edir... Mənimçünsə həyat daima hərəkətdir, axtarışdır, mübarizədir, bu əbədi döyüşdə qalib gəlmək də var, məğlub olmaq da! Əsas odur ki, düşəndə qalxmağı, büdrəyəndə tarazılığını qorumağı bacarasan! Həm də həyat ona görə hər kəsə şirin, doyulmaz və maraqlıdır ki, onu hazır reseptlə yaşamaq mümkün deyil. Nə qədər planlı yaşamaq istəsən də, həyat zaman-zaman öz redaktəsini mütləq edəcək!

- Mən əminəm ki, siz də C.Ruminin təbirincə desəm: "Həyata əylənmək üçün deyil, öyrənmək üçün gəlmisiniz!"

- Mən elə bir ailədə doğulub böyümüşəm ki, orada evin ən gözəl, ən qiymətli və özəl bəzəyi kitab, sərvəti məhəbbət, var-dövləti səmimiyyət və hörmət olub. Atam Hümmət Lalayev uzun illər Salyanda rəhbər vəzifələrdə işləyib, bu gün də onu hörmətlə anırlar, ruhuna dua edirlər. O bizi - məni, qardaşımı və bacılarımı da bu ruhda böyüdüb; həyatda qarşılaşdığınız çətinlikləri özünüz dəf etməyə çalışın, minnətli çörək yeməyin, heç kəsin haqqına girməyin, kasıba əl tutun, yıxılanı qaldırın! - onun nəsihəti də, vəsiyyəti də belə olub.

- Pifaqor deyirdi ki, batan günəşin kölgəsində ölçülərinə görə özünü böyük zənn etmə, günəş çəkilən kimi həqiqət üzə çıxacaq!

- Təəssüf ki, bir çoxları Pifaqorun bu müdrik fikirlərindən xəbərsizdir, bəlkə ona görə dünyanın düzəni tez-tez pozulur, insanlar əziyyət çəkir. Mən atamdan eşitdiklərimi, gördüklərimi bu fikirlərə əlavə etmək istəyirəm. Atam deyərdi ki, kimsənin haqqı kimsədə qalmaz, nə bir misqal artıq, nə bir misqal əskik! Ona görə mən həmişə hər kəsə münasibətdə dürüst olmağa çalışmışam, heç kəsə bilərəkdən və ya düşünərək pislik, yamanlıq eləməmişəm.

- Məşhur ingilis milyarderi Riçard Branson belə düşünür ki, "bütün həyatım boyunca öyrəndiyim və həmişə əməl etdiyim dərs - hər zaman cəhd etmək, təslim olmamaqdır." Siz necə düşünürsüz? Öyrənmək həmişəmi lazımdır, yoxsa köhnə biliklərlə təzə dünyadan da rahatca baş çıxarmaq olar?

- Məncə bu gün qlobal dünyanın hər an dəyişən, yenilənən inkişaf sürətinə yetişmək üçün gərək təzədən doğulasan. 21-ci əsr əvvəlki yüzilliklərə bənzəmir. Dünya dəyişir, yenilənir, insanların həyata münasibəti, düşüncə və yanaşma  tərzi əvvəlki illərdən xeyli fərqlidir. Görürürsüz ki, 6-7 yaşlı uşaqlar ən mürəkkəb telefon proqramlarını biz yaşlılardan daha yaxşı mənimsəyir, onun mürəkkəb  iş rejimindən çox qısa zamanda baş çıxarmağı bacarırlar. İndi informasiya almaq, planetin hər hansı bir ölkəsi haqqında, tanınmış insanlar, məşhur  şəxsiyyətlər, baş  vermiş hadisələr barədə məlumat toplamaq çox sadə işdir, yetər ki, əlindəki cihazın bir barmaq toxunuşu qədər asan və əlçatan funksiyalarını mənimsəyə biləsən. Düşünürəm ki, bu gün həyat və yaşamaq uğrunda mübarizə aparmaq daha çətindir.

Təbii ki, şair deməli: "mübarzə bu gün də var, yarın da, biz də onun ön sıralarında! "Mübarizəsiz də heç nə əldə etmək mümkün deyil. Həyatın  mənası, möhtəşəmliyi və gözəlliyi, insanı digər canlılardan fərqləndirən də məhz budur! Həmişə düşünürəm ki, mənim məxsus olduğum ailə 10 milyonluq Azərbaycan ailəsindən heç nə ilə fərqlənmirdi. Sadəcə valideynlərimiz bizə düzgün tərbiyə verə bildilər, əsl insan, əsl vətəndaş, vicdanlı övlad kimi yetişdirməyi bacardılar! Məncə bu dünyanın bütün inkişaf dövründə, həm xoşbəxt, həm də ən gərgin zamanlarında insanlıq üçün vacib keyfiyyət sayılıb və bundan sonra  da belə olacaq!

Biz böyük bir ailəydik. Bu ailənin ağsaqqalı, yolgöstərəni, çörəkgətirəni atam idi. Hər zaman ciddi, tələbkar, el içində hörməti-izzəti olan bir şəxsiyyət! Çörəkverən kişi olub, el qayğısı çəkib, hər kəsə əl tutub, amma heç vaxt əvəz gözləməyib, bizi də gözütox, əliaçıq, dürüst böyüdüb. Atam sərt adam idi, onun güldüyünü, zarafat etdiyini heç xatırlamıram. Sözü bircə dəfə deyərdi və o söz də müzakirə olunmazdı. Çünki özü onu yüz ölçüb, bir biçdikdən sonra ağzından çıxarardı. Lakin övladlarına sevgisi bambaşqa idi. Dərslərimizə nəzarət edərdi, arzu-istəklərimizlə maraqlanardı, ehtiyaclarımızı ödəməyə çalışardı, bizim ən sadə suallarımızı da cavabsız qoymazdı.

Anam! Anamsa... bir mələk idi. Sakit, səssiz, mülayim, ailəcanlı, hər birimizin üstündə yarpaq kimi titrəyən! Qəribədir ki, şəxsən mən onun gücünü, varlığını atamın yoxluğundan sonra daha çox hiss elədim, onun hər addımda yanımızda olduğunu, büdrəyəndə qolumuzdan tutduğunu, xəstələnəndə səhərə qədər yastığımıza dirsəklənən gördüm. Bu yəqin ki, həmişə belə olmuşdu, ancaq mən atamın zəhmi ilə çulğalanmış sevgimin bolluğundan bunu hiss etməmişəm! Sonralar anladım ki, bütün gözəl, qayğıkeş analar kimi mənim anam da bizim üçün öz ömrünü şam edib, ən gözəl arzularını, istələklərini bizə qurban veriblərmiş! Sonra ta həyatının sonunadək gözünü gözümdən, əlini əlimdən ayırmadım! Anamdan sonra mən bildim ki, onun kimi ana, nənə, xanım olmaq hər qadına nəsib olmur... O çəlimsiz, zərif Qadının çox böyük ürəyi, çox güclü iradəsi varmış, yoxsa o boyda ağırlığa, o boyda qarğaşaya dözmək hər xanımın hünəri deyil.

Məncə, indi qızım Əzizə də elə adını daşıdığı nənəsi kimidir; işgüzar, hər çətinliyin öhdəsindən təkbaşına gəlməyə qadir olan bir anadır, həyat yoldaşıdır. Əzizə 4 nəvəmin anası, bacısının da qayğısını çəkməyə vaxt tapan, onun övladlarının da hər işinə yetişən xaladır. Onun əksinə, Nurlana, o qədər zərif, o qədər duyğusal, o qədər nəzakətli və kübardır ki, hərdən anası ilə mən ona deyəcəyimiz hər kəlməni ölçüb-biçməyə çalışırıq. Qızlarım mənim qoşa qanadım, ürəyim, nəfəsim, nəvələrimsə bu dünyada nəslimin davamçıları, arzularımın meyvələridir! Əminəm ki, onlar bu cəmiyyət üçün də faydalı vətəndaş olacaqlar.

- "Bir adamı tanımaq istəyirsənsə, onun haqqında deyilənləri yox, onun başqaları haqqında nə dediklərinə fikir ver!" - bunu da aqillər deyib, - mən sizi tanıdığım bu uzun illər ərzində hər kəs haqqında həmişə yaxşı fikir söyləmisiniz, istər iş yoldaşlarınız olsun, istər rəhbərlik etdiyiniz kollektivlərin üzvləri, istərsə də tanışlarınız, dostlarınız Sizcə, bu gün daha çox dedi-qodu, pıç-pıç xoşlayan cəmiyyətdə bu mümkünmü?

- Həqiqət budur, quru palçıq divara yapışmayan kimi, şər-böhtan da təmiz, səmimi adamın hörmətinə xələl gətirə bilməz. Əgər danışmaq üçün mövzu qıtlığı çəkmirsənsə, ailəni, övladlarını, vətənini, millətini qoruyursansa, hər bir insana da məhz bu yöndən yanaşmalısan! Niyə insanlar qeybət edirlər? Çünki dayaz, tənbəl və bacarıqsız adamlar həmişə özlərinə yoldaş axtrır, layiqli insanlar haqqında şayələr yayır, onların işinə pəl vurur, onların gördükləri işlərin dəyərini azaltmağa can atır. Bu da bütövlükdə və cəmiyyətin inkişafını ləngidir, adamların əlini işdən soyudur.

- Çinlilərin gözəl bir atalar sözü var: "Əgər bir yerdə kiçik insanların kölgəsi böyüyürsə, demək o yerdə Günəş batır". Ancaq Volter də yaxşı deyib: "Abırlı adamı təqib etmək olar, amma hörmətdən salmaq olmaz!"

- Gərək insan Haqqı hər zaman müdafiə etsin ki, anlayan olmasa belə, vicdanına hesabat vermək əzabından xilas olsun! Bilmirəm, bəlkə səhv yanaşmadır, ancaq mən belə düşünürəm.

- Hər bir gözəllikdə pislik axtaranlar korlanmış insanlardır, bu günahdır. Hər bir gözəllikdə onun yüksək mənasını görənlər mədəni insanlardır, əsl insan isə gözəllikdə elə gözəlliyi görməyi bacaranlardır - bunu da  Oskar Uayld söyləyib.

- Mənsə həyatın mənasını yorulmadan işləməkdə və çətinliklərlə döyüşməkdə görürəm.

- Müsahibələrinizdə bir neçə dəfə "ömrümün 25 yaşına qayıtmağı çox istərdim!"- deyirsiz. Sizcə, 65 ilin ən unudulmaz anları oradamı cəmlənib? Axı siz hər zaman, harada işləməyinizdən asılı olmayaraq, vicdanla çalışmısınız, vəzifə borcunuzu layiqincə yerinə yetirmisiz!

- İş mənim üçün heç vaxt saat 9-dan 18-dək davam edən vəzifə öhdəliyi olmayıb. Mən seçdiyim sənətə vurğunluğumu, sevgimi maddi qarşılıqla ödənməsini gözləməmişəm, sadəcə işimi görmüşəm, arzularımı gerçəkləşdirmək fürsəti tapdığım üçün xoşbəxt olmuşam. Təbii ki, 25 yaşda bir gəncə həmişə elə gəlir ki, dünyanı çiynində daşımağa qadirdir. Bəlkə o yaşa bir də ona görə dönmək istəyirəm ki, onda özümə rəqib ola biləcək bir kimsə yox idi yanımda. Enerjili, ürəyi sənət eşqi ilə çırpınan və səhnədə möcüzələr yaradacaq qabiliyyətdə olduğuna inanan bir gənc idim və mənim - qərib bir salyanlı balasının bu iddialı davranışı çoxlarına maraqlı gəlirdi. Bəlkə də həyatın və səhnənin hər üzünü görən yaşlı insanlar ürəklərində mənə gülürdülər o vaxt: "Hə, gəl, bala, gəl, hələ sən bu dünyanı tanımırsan, onun neçə bucaq oduğunu bilmirsən", - deyirdilər. Mən indi onların yaşındayam, bəlkə də çoxundan böyüyəm, amma mənim onlardan fərqli olaraq gəncliyin yoluna kötük itələmək kimi bir məcazım yoxdur. Əksinə, istedad işartısı gördüyüm, kreativ düşüncə qığılcımı sezdiyim, məqsəd və məramını işə çevirib onu sonunadək müdafiə etməyi bacaran gənclərlə işləməyi, eksperimentlər  aparmağı, yeniliklər etməyi xoşlayıram, indi də 25 yaşımın ehtirası ilə işləməyə özümdə həvəs və güc hiss etdiyim üçün sevnirəm. İki yüz dəfə yıxılandan sonra ayağa qalxmağı bacaran gənclərə meydan verdiyim anlarda o dəliqanlı Əliqismət gəlib durur gözümün önündə.

Onda Bakıdan xüsusi təyinatla göndərilmişdim və  Naxçıvana gedən kimi mənə Mədəniyyət Nazirliyində iş vermişdilər. İşimi sevirdim, hər gün yeni bir təkliflə gəlirdim, o vaxt üçün qeyri-adi və çoxlarına qəribə görünən səhnə yeniliklərim, təkliflərim rəhbərliyin xoşuna gəlirdi. Yuxarılardan aldığım təqdirlər, təriflər, mükafatlar məni daha da ruhlandırırdı,  cəsarətləndirirdi. Bu cəsarətimin bir səbəbə də o idi ki, mən Mehdi Məmmədov kimi nəhəng bir pedaqoqun tələbəsi olmuşdum, İnstitutu əla qiymətlərlə bitirmişdim və Naxçıvana da şəxsi arzularımla gəlmişdim. Naxçıvan Televiziyasında veriliş aparırdım,  Muxtar Respublikada keçirilən dövlət tədbirləri mənim rejissorluğumla hazırlanırdı. Mənə etibar edirdilər, güvənirdilər, inanırdılar. Mən də bu inamı doğrultmaq üçün gecə-gündüz çalışırdım.

Onda təzə ailə qurmuşdum, böyük qızım lap körpə idi, bəzən ona belə vaxt ayıra bilmirdim. Özümü bütövlükdə işə vermişdim, hər dəfə yeni bir işə başlayanda yeniliklər axtarırdım, hər nüansı yüz ölçüb, bir biçirdim. Köhnə sterotipləri, tabuları sındırmağa can atırdım.

İşgüzararlığım, qətiyyətim sənətə hörmət edənlərin xoşuna gəlirdi. Radioda da aparıcılıq edirdim, bütün dövlət tədbirlərinin, məhsul bayramlarının quruluşunu verməklə yanaşı həm də aparıcısı idim. Bir sözlə, üzdə olan, yolu gözlənilən, işləri bəyənilən bir yaradıcı gəncə bu boyda inam, etibar, güvənc, özü də bir məsuliyyət idi və mən bu işin öhdəsindən layıqincə gəlməyə çalışdım. Çox çılğın və maraqlı sənət həyatım vardı. İlk yaradıcılıq uğurlarıma, həyata keçirməyə imkan tapdığım kreativ fikirlərimin reallaşmasına şərait yaradan insanları, Naxçıvanın mədəni mühitini indi də minnətdarlıqla xatırlayıram.

Mənə uçmağa geniş səma verdilər, Cavid Poeziya Teatrında tamaşaya qoyulan "Mənim Tanrım gözəllikdir, sevgidir" lirik əsərində dahi şairimizin obrazını oynamaq imkanı yaratdılar. Sonra elə bu teatrın səhnəsində rejissor kimi qüvvəmi sınadım, "Ana", "Uçurum" kimi tamaşalar hazırladım. "Ana" tamaşasına görə "Respublika Lenin Komsomolu" mükafatına layiq görüldüm. O dövr üçün bu, çox prestijli bir mükafat sayıılırdı.

- Və günlərin bir günü "gedirəm", - deyib iynənizi sancdınız yaxanıza, qayıtdınız Salyana, jurnalistika ilə məşğul olmağa başladınız. Sonra da gördünüz ki, yox, teatr, teatr aləmi yenə ahənrüba kimi sizi çəkir özünə, qayıtdınız Bakıya.

- Deyirlər axı üzünə bir dəfə qrim dəyən, teatr səhnəsinin tozunu udan onun sehrindən qurtara bilmir. Mən də eləcə. Birbaşa teatra gəlməsəm də, həm Azərbaycan Dövlət Filarmoniyasında işləyəndə, həm də Mədəniyyət Nazirliyində baş idarə rəisi olanda birbaşa teatr-konsert müəssisələrinin fəaliyyətinə nəzarət edirdim. Həm ölkədə, həm də onun hüdudlarından kənarda keçirilən Beynəlxalq əhəmiyyətli tədbirlərin hazırlanmasında bilavəsitə məsuliyyət daşıyırdım. Sonra da...

- Təkrar teatra qovuşdunuz. Artıq 13 ildir ki Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktorusunuz. Bu illər ərzində teatrla maraqlanan hər kəs inam və fəxarətlə qeyd edir ki, bu teatr təkcə daxili və xarici görünüşünə görə yenilənməyib, həm də repertuar zənginliyinə, tamaşaçı marağına, janr müxtəlifliyinə görə ölkənin öndə gedən teatrına çevrilib.

- Musiqili Teatrın əsri adlayan yaşı, (bu il 111 yaşı tamam olur) təcrübəsi, səhnə ənənəsi olduğu hər kəsə bəllidir. Burada Azərbaycan teatrının azman sənətkarları çalışıb. Tamaşaçılar bir vaxtlar Lütfəli Abdullayevə, Nəsibə xanım Zeynalovaya, Hacıbaba Bağırova, Bəşir Səfəroğluna baxmaq üçün bu teatra gəliblər. Amma razılaşın ki, müasir tamaşaçının nəbzini hiss etmədən, görmək və eşitmək istədiyi mövzulardan yan keçməklə və ya yüngülməcaz gülüşlə onu tamaşa salonuna cəlb etmək, tamaşa bitənədək salonda oturmağa nəcbur etmək qeyri-mümkündür. Odur ki, hər il repertuarımıza əl gəzdiririk, təzə əsərlər hazırlayır, yeni təklifləri müzakirə edirik. Maraqlı və uzunömürlü tamaşa həm də istedadlı icraçılar deməkdir, odur ki, rejissor, aktyor, vokalçı, rəssam, baletmeyster, balet artisti yetişdirmək də vacibdir.

Ona görə də vaxtaşırı müsabiqələr keçiririk, gələn təklifləri dəyərləndiririk, tamaşaçıların tələb və təkliflərini nəzərə almağa çalışırıq. İndi bizim teatrda təkcə musiqili komediya janrında əsərlər oynanılmır, "Paris Notr-Dama ithaf" kimi rok janrlı bir əsər yaratdıq, teatrda bu gün "Mənim günahım" kimi dramatik tamaşa da oynanılır. "Silva" operettası da,  "Fransızsayağı qarnir"də,  "999-cu gecə"də, "Buratino"da, "Balaca şahzadə"də, bir sözlə, müxtəlif zövqlü, müxtəlif yaş qrupundan olan tamaşaçılar üçün repertuarda əsərlər var. Qalır bu pandemiyanın bitməsinə! Sonra yenə tamaşaçı alqışı üçün darıxan teatrımızda yeni bir yaradıcılıq ab-havası başlayacağına əminəm!

- Bilmirəm, fərqində oldunuzmu, söhbətimizin birinci yarısında mən sizə ancaq dahilərin sözləri, həyat və insanlıq barədə müdrik fikirləri ilə müraciət etdim, elə bu ahəngdəcə onu tamamlamaq istəyirəm. "Həyatın ilk 50 ili hadisə, geridə qalanı isə şərhdir"- deyirlər! Ən vacibi də odur ki, şərh etməyə layiq ömür yaşamış olasan! Camal Sürəyyanın məşhur bir fikri çox xoşuma gəlir: "Danışa bilmək ilə danışdığını bilmək arasına böyük fərq var, çox adam təəssüf ki, ikincisini bilməz".

- Mən ikincilərin heç yolumun üstünə çıxmasını istəməzdim, belələri məni çox yorur.

- Və son sualım Əbu Turxandan olacaq: "Yaşlı nəsil gənclikdən narazılıq edəndə onları kimin yetişdirdiyini unudur", - sizcə böyük alim haqlıdırmı?

- Vallah, Əbu Turxan 21-ci əsrdə yaşasaydı, bu fikrini təkrarlayardı ya yox, bilmirəm, amma məlum olan budur ki, bizim övladlarımız valideynlərindən daha çox zəmanəsinə oxşayır, (gülür), elə mənim nəvələrim də zəmanə uşaqlarıdır!

- Bir Çin atalar sözü ilə sizi təbrik etmək və söhbətimizi yekunlaşdırmaq istəyirəm: "Ömrü əbədi həyatmış kimi rahat yaşamaq lazımdır."

- Mənsə, Freydin fikirlərinə kiçik bir əlavə ilə sizə cavab verəcəm:  Bu gözəl həyat təkcə bizim deyil, biz bu həqiqəti anlayıb başqalarına ziyan vermədən yaşamağı öyrənməliyik!

- Əlimdə sehirli çubuğum olsaydı, sizi 25 yaşınıza qaytarardım. Amma maşallah, elə siz 65-inizdə də 25 yaşınızdakı kimi şövqlə, həvəslə, yaradıcılıq həvəsi, həyat eşqi ilə yaşayır, çox sevdiyiniz işlə məşğul olursunuz! Sizə uğurlar arzulayır və sağlıq olsun, 70-inizdə təkrar görüşmək ümidi ilə sizi bir daha təbrik edirəm.

- Təşəkkür edirəm.

Söhbətləşdi: Telli Pənahqızı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.