Cəmiyyət

Oruc tutan deputatlarımız - Siyahı

16 Aprel 2021 17:46
Baxış: 1 361
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Deputatlar xalqımızı Ramazan ayının gəlişi münasibətilə təbrik edib.

Milli.Az xəbər verir ki, modern.az-a verdikləri açıqlamada Ramazan ayının fəzilətlərindən danışan deputatlar Cavanşir Paşazadə və Zahid Oruc oruc tutub tutmadıqları ilə bağlı sualları da cavablandırıb.

Deputat Cavanşir Paşazadə ölkəmizin dünyəvi olduğunu və oruc tutmayanların da normal qarşılandığını vurğulayıb:

"Bütün Azərbaycan xalqını mübarək Ramazan ayını gəlişi münasibətilə təbrik edirəm. Bu bizim torpaqlarımız azad olunduqdan sonraki ilk orucluqumuzdur. Allah xeyir eləsin. Oruc tutmaq hər bir müsəlmanın borcudur. Mən də oruc tuturam. Əhalimizin böyük hissəsi İslam dininə etiqad etsə də, biz modern bir ölkəyik. Tutmayanların olması da normal haldır.  Hər kəsi  bir daha təbrik edirəm".

Deputat Zahid Oruc iş həyatında aktif olan insanların oruc tutanda bəzi çətinliklər yaşadığını bildirib:

"Öncəliklə müqəddəs ayın başlaması münasibəti ilə bütün insanları təbrik edirəm. Oruc tutmaq insanın üzərində bir neçə fundamental tələbləri qoyur. İlk növbədə müfaviq tələbləri özündə icra etməlisən. Buraya göz orucu, qulaq orucu, dil və əl orucu da daxildir. Bu prinsiplərə həm də təkcə Ramazanda deyil, hər zaman əməl etmək lazımdır. İkincisi isə, şübhəsiz ki, bu qidalanma rejimində fərqli bir vəziyyəti meydana gətirir. Bu hal bəzən fəal çalışma həyatında olan insanların fəaliyyəti ilə uzlaşmır". 

Depuatat, özü oruc tutmasa belə, tez-tez möminlər üçün iftar süfrəsi açdığını söyləyib:

"Sadaladığım səbəblərdən ötrü ötən illər ərzində gerçək oruc tutmamışam. Məlum prinsiplər içərisində yaşayan, xalqına xidmətini məhsul tələblər çerçəvəsində gerçəkləşdirən insan kimi fəaliyyət aparmağa çalışıram. Hazırda oruc tutmuram, lakin ailə üzvlərim arasında tutanlar var. Hər bir insanın fikrinə hörmətlə yanaşırıq. Bəzən iftar mərasimlərində oluruq, bir sıra hallarda özümüz xalqımıza iftar süfrəsi açırıq. Düşünürəm ki, Ramazan dünyada sülhə, qarşılıqlı anlayışa, tikəni bölməyə vəsilə olan önəmli bir tarixi ənənəmizdir. Müşahidələr göstərir ki, ölkəmizdə oruc tutanların sayı kifayət qədər çoxdur". 

Deputat Aqil Abbas yaşı ilə bağlı oruc tuta bilmədiyini söyləyib:

"Öncəki illərdə tuturdum lakin hazırda yaşım və səhhətim buna  meyilli deyil. Allah bu gözəl ayda edilən duaları, tutulan orucları qəbul etsin. Allah qazilərimizə tez zamanda şəfa versin. Diləyirəm ki, azad edilmiş ərazilərimizdəki dağıntıları tez zamanda bərpa edək".

Deputat Ceyhun Məmmədov  vətəndaşlara bu ayda pandemiya qaydalarına riayət etməyi və imkansız insanlara kömək əli uzatmağı tövsiyə edib:

"Bildiyiniz kimi Ramazan ayı dinimizdə müqəddəs hesab olunur. Azərbaycanda da hər zaman dövlətimiz milli-mənəvi dəyərlərimizə böyük hörmətlə yanaşıb. İnsanlarımız oruc tutur, ibadət edirlər. Artıq iki ildir ki, bu ay pandemiyaya təsadüf edir. Ramazan ayının ənənələrindən biri də məscidlərdə kütləvi namazların qılınmasıdır. Amma pandemiya şəraitinə görə  bunu edə bilmirik. Xalıqımıza ibadətlərini evdə etmələri tövsiyə olunur. Kütləvi iftar mərasimlərindən mümkün qədər uzaq olmalıyıq.  Əlavə savab qazanmaq istəyən vətəndaşlar isə xeyir işi görə bilərlər. İmkansız insanlara kömək olmaq bu ayın fəzilətlərindəndir. Vətəndaşlarımıza buradan demək istəyirəm ki, pandemiya qaydalarına əməl etsinlər. Əgər biz tezliklə vəziyyətin sonlanmasını istəyiriksə, ilk növbədə özümüzü və yaxınlarımızı qorumalıyıq. Sonda, xalqımızı təbrik edirəm və bütün duaların qəbul olmasını arzu edirəm!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.