Cəmiyyət

38 gündə nələr dəyişdi?

3 Noyabr 2020 15:12
Baxış: 2 772
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən müharibəsi başladığı gündən Azərbaycanda vəziyyət demək olar ki, tamamilə dəyişib. Bu dəyişim həm efirdə yayımlanan verilişlərdə, həm sosial şəbəkələrdə, həm əhval-ruhiyyədə, həm də başqa sahələrdə özünü göstərir. Hazırda Aztv ən çox baxılan kanala çevrilib, Müdafiə Nazirliyinin videoları ən çox paylaşılan görüntülər sırasındadır. Ölkə başçısının xalqa müraciəti zaman sanki Azərbaycanda həyat donur, hər kəs işini atıb, işğaldan azad olunmuş yeni ərazilərin adlarının açıqlanacağını səbrsizliklə gözləyir. Hər zamankından fərqli olaraq sosial şəbəkərlərdə şou-biznes nümayəndələri deyil, daha ciddi məsələlər müzakirə olunmaqdadır. Kafe və restoranlarda səsləndirilən ritmik mahnıları vətənpərvər ruhlu musiqilər əvəzləyib, hər yerdə üçrəngli bayrağımız dalğalanır. Xəbər portallarında ən çox oxunan xəbərlər müharibə ilə bağlı məlumatlarla əvəzlənib, sosial şəbəkələrdə ən çox dövlət adamlarının hesabları izlənilir, onların statusları "retvit" edilir.

Cəbhədə gedən proseslərlə əlaqədar olaraq Azərbaycanda internetin verilməsində müəyyən məhdudiyyətlər qoyulmasına baxmayaraq müharibə dövründə ölkəmizdə ən çox dəyişiklik sosial şəbəkələrdə hiss olunub. Prezident İlham Əliyevin rəsmi Tvitter hesabında işğaldan azad edilmiş torpaqlar barədə müjdəli xəbərləri verməsindən sonra bu şəbəkədə azərbaycanlı istifadəçilərin sayı dəfələrlə artıb. Hətta, bir neçə gün ərzində azərbaycanlıların yaratdıqları həştəqlər dünya üzrə Tvitterdə trend olub. Əvvəllər azərbaycanlılar Tvitteri qeyri-ciddi şəbəkə hesab edirdilərsə, Hikmət Hacıyev və ölkə başçısının tvitlərindən sonra tam ciddi platformaya çevrilib.

Vətən müharibəsi dövründə ciddi şəkildə dəyişiklik hiss olunan növbəti platforma Teleqram-dır. Belə ki, bu ərəfələrdə Teleqram o qədər məşhurlaşıb ki, hətta, çoxlarının əvəzolunmaz hesab etdiyi "Whatsapp"ı belə kölgədə qoyub. Hətta, Müdafiə Nazirliyinin səhifəsi Teleqramda ən çox izləyicisi olan "bot"lardandır. Azərbaycanda bu şəbəkənin də bəxti Tvitter kimi müharibə dövründə açılıb.

Ümumiyyətlə isə cəbhədə baş verənlərlə əlaqədar olaraq hər kəs fərqli duyğular yaşayır. Mülki əhalinin hədəf alınmasına, Gəncədə, Bərdədə törədilən hərbi cinayətlərə kədərlənib, qələbə xəbərlərimizə sevinib, bayrağımızın işğal altından azad edilmiş torpaqlarda dalğalanmasından qürur hissi duyuruq. Bir gün ərzində aldığımız xəbərlərdən həm gülüb, həm ağlayırıq. Hazırda xalqımızda bəlkə də indiyə qədər yaşanmamış birlik yaranıb, müxalifəti, iqtidarı, kasıbı, varlısı, ləzgisi, talışı, yəhudisi, türkü, hər kəs ordu üçün əlindən gələni etməyə çalışır. Azərbaycan ordusu tarix yazır, yerdə qalanlar isə tarixi günlər yaşayır.

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.