Cəmiyyət

Koronavirus pandemiyası ilə mübarizə mövzusunda təşkil etdiyi hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirildi - FOTO

29 Sentyabr 2020 20:00
Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 29-da Milli Kitabxanada Mədəniyyət Nazirliyinin Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda təşkil etdiyi hekayə müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirildi.

"525-ci qəzet"in baş redaktoru, AYB-nin katibi Rəşad Məcid çıxış edərək ölkəmizdə karantin elan edildiyi gündən, uzunmüddətli fasilədən sonra Milli Kitabxanada ilk tədbirin keçirilməsindən məmnunluğunu ifadə etdi. O, həmçinin bu tədbirin Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun yazıçılarla ilk görüşü olduğunu vurğuladı.
Tədbirin Ermənistan silahlı qüvvələrinin cəbhədə növbəti təxribatı və Azərbaycan Ordusunun qələbələri ilə eyni vaxta təsadüf etməsini söyləyən Rəşad Məcid Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın cəbhədən sevindirici xəbərlər aldığını dedi: "Bu gün hər birimiz ordumuza dəstək olmalıyıq. Sevindirici haldır ki, ölkəmizin tanınmış mədəniyyət xadimləri və yaradıcı şəxslər xalqa müraciət ünvanlayıb və xalqımızın Ali Baş Komandanımızın, rəşadətli ordumuzun ətrafında sıx birləşməyə çağırıb".

AYB-nin katibi pandemiya ilə əlaqədar ölkə rəhbərliyinin mütəşəkkil siyasəti sayəsində Azərbaycanın pandemiyadan az itkilərlə çıxan ölkələr siyahısında vurğuladı. Qeyd etdi ki, bu çətin günlərdə dövlət müəssisələri, mədəniyyət ocaqları fəaliyyətini virtual formada davam etdirdi, müxtəlif layihələr həyata keçirdilər. Bu layihələrdən biri də Mədəniyyət Nazirliyi ilə Yazıçılar Birliyinin koronavirusa qarşı mübarizə mövzusunda hekayə müsabiqəsi oldu. Müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemlərin və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizənin ədəbiyyat mövzusuna çevirməklə gələcək nəsillərə bədii formada çatdırılması, özündə sosial məsuliyyəti, epidemiyanın təhlükəsi və infeksiyadan qorunmaq barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi və yaradıcı potensialı olan hər bir kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni hekayələrin yazılmasına stimul vermək idi. 
"Hərbçilərimiz səngərdə döyüşürsə, mədəniyyət xadimlərimizin də öz səngəri, öz mübarizə yolu var".

Mərasimdə çıxış Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov ilk olaraq ölkəmizdə qürurlu günlərin yaşandığını bildirdi. Dedi ki, Ermənistanın ölkəmizə hücumu nəticəsində Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizə aparır və hər an səbirsizliklə şad xəbərlər gözləyirik: "Əsgərlərimiz şəhid olur, dinc sakinlərimiz qətlə yetirilir. Vətənimiz sağ olsun! Vətən yolunda dünyasını dəyişənlərin ailələrinə səbir diləyirik. Prezidentin köməkçisi Hikmət Hacıyevin də vurğuladığı kimi, bu, Vətən müharibəsidir və hər birimiz Ali Baş Komandanın ətrafında birləşib ordumuza dəstək olmalıyıq. Dünən mən Tərtər rayonundan olan musiqi müəllimi ilə əlaqə saxladım. Onun oğlu hazırkı döyüşlər zamanı şəhid olub. Telefon danışığımız zamanı bir daha əmin oldum ki, xalqımız nə qədər mübariz və vətənpərvərdir. Bu gün əgər hərbçilərimiz səngərdə döyüşürsə, mədəniyyət xadimlərimizin də öz səngəri, öz mübarizə yolu var. Hər bir vətəndaşın borcudur ki, ordumuza dəstək olsun. Mədəniyyət nazirliyi olaraq bizim vəzifəmiz bütün imkanlardan istifadə edərək cəmiyyətimizdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsinə töhfəmizi verməkdir. Bununla əlaqədar Mədəniyyət nazirliyi yaxın günlərdə bir neçə yeni layihə təqdim edəcək. Vətənpərvərlik mövzusunda hekayə və şeir müsabiqəsinin keçirilməsi nəzərdə tutulur. Yaxın günlərdə ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək". Anar Kərimov Azərbaycanın haqq işinin beynəlxalq səviyyədə davamlı şəkildə təbliğ olunmasının zəruriliyini diqqətə çatdırdı: "Bu gün Ermənistan tərəfi həqiqətə uyğun olmayan məlumatlar yayır. Münaqişəni bizim torpaqlarımızın azad edilməsi deyil, Azərbaycanın Ermənistan ərazisinə aqressiyası, xristian-müsəlman qarşıdurması kimi qələmə verirlər. Bütün bu fonda bizim üzərimizə böyük məsuliyyət düşür. Mədəniyyət nazirliyi və bütün cəmiyyətimiz sosial şəbəkələrdə düzgün məlumatları əks etdirən paylaşımlar etməli və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan bir mübarizə apardığını yaymalıdır. Nazirlik olaraq bu istiqamətdə iş aparırıq: işğal olunmuş ərazilərimizdə dağıdılan abidələr haqqında məlumatlar yayılır. Son hücumlar nəticəsində Azərbaycanın mülki əhalisinə dəymiş ziyanla bağlı məlumatı beynəlxalq auditoriyaya çatdırmaq da bu missiyanın tərkib hissəsidir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi bizim yolumuz haqq yoludur. Bu yolda mədəniyyət və incəsənət xadimlərinin də rolu danılmazdır. Sənət adamlarının müraciətində ordumuza dəstək fikirləri ifadə edilmişdir və xalqımız həmrəyliyə çağırılmışdır".

Hekayə müsabiqəsinin əhəmiyyətini vurğulayan Anar Kərimov qeyd etdi ki, biz həm də bir neçə aydır ki, başqa bir düşmənlə - koronavirusla mübarizə aparırıq: "Bu prosesdə Mədəniyyət Nazirliyi yaradıcı potensialın gücləndirilməsi istiqamətində layihələr həyata keçirmişdir. Hekayə müsabiqəsi də bu qəbildəndir. Müsabiqəyə kifayət qədər böyük maraq olmuşdur. Belə ki, müsabiqənin keçirildiyi 2 ay ərzində münsiflər heyətinə qiymətləndirilməsi üçün 417 hekayə təqdim olunmuşdur. 29 hekayə müəyyən edilmiş müsabiqə qaydalarına cavab vermədiyi üçün qəbul edilməmişdir. 388 hekayə müsabiqənin iştirakçısı olmuşdur. Qaydalara əsasən, bu hekayələrdən münsiflər 5 hekayəni qalib elan etmişdir. Yazıçılar Birliyinə və müsabiqəyə qatılan hər kəsə təşəkkür edir və qalibləri bir daha təbrik edirəm. 5 qalib hekayədən əlavə ən maraqlı 20 hekayə də münsiflər tərəfindən seçilib və biz yaxın gələcəkdə bu hekayələri kitab şəklində nəşr edib, oxuculara çatdırmağı planlaşdırırıq". 
                                             ***
Anar Kərimov yazarlarımızın marağını cəlb edəcək bir məlumatı da tədbir iştirakçıları ilə bölüşdü. Dedi ki, bu ilin sonunda ölkəmizdə ali ədəbi mükafat hesab olunan "Qızıl Kəlmə" mükafatına əsərlərin qəbuluna start veriləcək. Hazırda bu müsabiqənin nominasiyaları, mükafat fondu və yenidən formalaşdırılacaq münsiflər heyəti üzərində işlər aparılır. Ötən illər üçün mükafatın münsiflər heyəti açıqlandığı üçün şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə yeni münsiflər müəyyənləşdiriləcək və müsabiqə bitənə qədər gizli saxlanılacaq: "Bu gündən elan edəcəyimiz vətənpərvərlik mövzusunda yeni ədəbi müsabiqə Azərbaycanın bugünkü hərbi uğurları, suverenliyi uğrunda rəşadətli döyüşü, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün yeni ədəbi mətnlərin yaradılmasına xidmət edir. Həmçinin bu hadisələrin gələcək nəslə ən gözəl formada çatdırılmasına töhfə olacaq. Bütün qələm sahiblərini bu müsabiqədə yaxından iştiraka dəvət edirəm. Bu günlərdə Azərbaycan Televiziyasında unudulmaz şairimiz Cabir Novruzun "Sevin vətəni" şeirini dinlədim. Bu gün səmimi hisslərlə dolu, Vətən sevgisini özündə əks etdirən bədii nümunələrə ehtiyac var. 
                                                   ***
Təqdimat mərasimində AYB-nin katibi İlqar Fəhmi, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, müsabiqədə birinci yerin qalibi Natiq Məmmədli, xüsusi mükafatın sahibi Reyhan Yusifqızı çıxış edərək ədəbiyyat sahəsindəki yeniliklərin labüdlüyü və Mədəniyyət Nazirliyi ilə birgə layihələrin əhəmiyyətindən söz açdılar. Daha sonra qaliblər mükafatlandırıldı.

Müsabiqədə Natiq Məmmədlinin "Taclı mələklər" hekayəsi I, Sevinc Elsevərin "A quşlarım, getməyin..." hekayəsi II, Cavidanın "Ev" əsəri isə üçüncü yerə layiq görülüb. Reyhan Yusifqızının "Həkimin gündəliyi" və Əkbər Qoşalının "İradə, mən ölürəm..." hekayələri xüsusi mükafat qazanıb.
                                                   ***
Mükafatlandırma mərasimi başa çatdıqdan sonra Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Milli Kitabxana ilə tanış oldu. Direktor Kərim Tahirov kitabxananın şöbələri və fəaliyyəti barədə geniş məlumat verdi. Beynəlxalq əməkdaşlıq şöbəsi, Nadir kitablar muzeyi və "Açıq kitabxana"nın fəaliyyəti ilə tanış olan Anar Kərimov bu sahədə yeni imkan və müasir tələblərə uyğun işin qurulması ilə bağlı müəyyən layihələrin həyata keçirilməsinin mümkünlüyünü ifadə etdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.