Cəmiyyət

Bakının dərdi var...

11 Sentyabr 2020 10:41
Baxış: 2 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər il yay aylarında milyonlarla insan dincəlmək üçün yaşadığı məkanı qısamüddətlik də olsa tərk edərək istirahət zonalarına üz tutur. Bəziləri xaricə, bəziləri digər rayonlara yollanır. Bir çoxu isə işdən uzaqlaşmağı ən böyük istirahət sayır.

Bu il pandemiyaya görə, demək olar ki, hər kəsin məzuniyyət və istirahət planları alt-üst olsa da, bu, Bakının yeni məkanlarının "kəşfi" üçün şərait yaradıb. Son günlər Balaxanı və Böyükşor gölündəki izdihamlar bunu deməyə əsas verir.

Amma Balaxanı və Böyükşordakı izdihamın tək səbəbi insanların rayonlara, xaricə gedə bilməməsi və ya karantin rejimi deyil, bu ərazilərdəki "gecikmiş" restavrasiya işləridir. Belə ki, Bakının ən qədim kəndlərindən olan Balaxanıda və ya başqa bir ərazidə indiyədək Bodrum tipli dizayn işinin aparılmaması bizim elə öz "günah"ımızdır.

Turizm hər zaman ən gəlirli sahələrdən olub. Hətta bəzi ölkələrin gəlirinin əsas hissəsini məhz turizm təşkil edir. Xüsusən, dəniz sahilində yerləşən şəhərlərdə bu sahə xeyli inkişaf edib. Çünki dənizin şəhərin mənzərəsinə təsiri böyükdür. Üstəlik, insanlar isti aylarda dincəlmək üçün çimərliyi olan şəhərlərə üz tuturlar.

Bakı da Xəzər dənizinin sahilində yerləşdiyinə görə daim diqqət mərkəzindədir. Amma liman şəhərimizin milyonlarla turisti özünə cəlb etmək imkanı varkən, şəhərdə ərəb və farslardan başqasını tək-tük görmək olur. Yalnız Avropa oyunları, "Eurovision" və Formula 1 yarışları zamanı şəhərdə avropalı turistlərə rast gələ bilirsən.

Əvvəllər Bakının simvolu təkcə "Qız qalası" idisə, hazırda çox insanın bura gəlməsinə səbəb "Alov qüllələr"dir. Bakının gəzməli, görməli yerləri, sanki, hamısı bir yerə "toplaşıb". Şəhərin cəlbedici yerlərinin, sadəcə, "28 May-da başlayıb, "İçərişəhər"də bitən hissədən ibarət olması təəssüf doğururdu. Buna görə də bu il ərzində Balaxanıda görülən işlər alqışalayiqdir. Artıq Bakı yavaş-yavaş "iki günə gəzib qurtarılan" şəhərlər sırasından çıxır. Həmçinin, plana görə Pirallahı adası gələn ilə qədər Batumi sahili kimi həm çimərlik, həm bulvar olacaq.

Hazırda pandemiyaya görə turizm sahəsində müəyyən qədər durğunluq yaşansa da, karantində çox insanın evdə olmasından yararlanıb şəhərlərimizdə turizm obyektlərinin sayını artırmaq olar. Xüsusən, çimərliklərdə sanitar vəziyyət, fərqli obyektlər yaratmaqla, attraksiyonlar qurmaqla daha çox diqqət çəkə bilərik. Hər yeni turizm obyekti isə yeni iş, çoxlu turist və qazanc yeri deməkdir.

Əgər, sadəcə, divar rəngləmək, yerə daş döşəmək, dibçək düzməklə bu qədər insanın diqqətini cəlb etmək mümkün olursa, niyə bu üsuldan başqa ərazilərimizdə də istifadə etməyək? Unutmayaq ki, turist üçün bulvarın ortasından keçən oyuncaq səsi çıxaran "qatar" yox, həyəcanlı karusellər, lunaparklar, mərkəzi küçələrdən keçən tramvay, rahatlıqla gəzmək və əylənmək üçün şəhərin istənilən nöqtəsində icarəyə verilən velosipedlər, elektrikli skuterlər, seqveylər, Balaxanı, Pirallahı, Atəşgah, Yanardağ, Mərkəzi Park kimi fərqli məkanlar maraqlıdır.

Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.