Cəmiyyət

Gömrük qaydalarına dəyişikliklər sahibkarlar arasında rəqabət qabiliyyətinin daha şəffaf olmasını təmin edəcək

26 Avqust 2020 16:35
Baxış: 2 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na zaman-zaman müvafiq dəyişikliklər edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin qərara son dəyişikliklər 21 avqust 2020-ci il tarixdə həyata keçirilib. Dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi məbləği 800 ABŞ dollarına, poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limiti 300 ABŞ dollarına endirilib. Eləcə də, dəyişikliyə əsasən diplomatik şəxslər tərəfindən ölkə ərazisinə gətirilən avtonəqliyyat vasitələrinə görə hədlər müəyyənləşdirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən gömrük sferasında aparılan genişmiqyaslı islahatlar-kölgə iqtisadiyyatına qarşı mübarizə, şəffaflığın təmin olunması istər gömrük qanunvericiliyində, istərsə də digər qanunvericiliklərdə bu kimi qaydaların yenidən işlənməsi, onlara düzəlişlər edilməsi zərurətini yaradır. Hökumətin müvafiq qurumları ilə birgə müzakirəsi aparılan və razılaşdırılan bu dəyişikliklər zamanın tələbi olmaqla aparılan islahatların mövcud qanunvericilikdə təzahürüdür. Mövcud pandemiya şəraitində gömrük-sərhəd keçid məntəqələrində fiziki şəxslərin gediş-gəlişinin də olmadığını, qərarın 30 gün sonra qüvvəyə minməsini də nəzərə alsaq vətəndaşların bu qaydalarla yaxından tanış olmasına geniş imkanlar var.

Xüsusilə qeyd etmək istərdik ki, şəffaflığın təmin olunması, kölgə iqtisadiyyatı ilə mübarizə, sahibkarların hüquqlarının qorunması, iqtisadi təhlükəsizliyin təmin edilməsi məqsədilə qəbul edilən bu qərarın təşəbbüskarı Dövlət Gömrük Komitəsidir və bu dəyişikliklər uzun müddətli müzakirələrdən, hökumətin müvafiq qurumlarının razılığı ilə həyata keçirilmişdir.

Sosialyönümlü olan bu qərarda qaçaqmalçılığa qarşı mübarizənin daha effektiv aparılması üçün müəyyən sərtləşdirmələr mövcuddur. Lakin ölkənin fiskal siyasətinin həyata keçirilməsinə cavabdeh qurumlardan biri kimi dövlət büdcəsinə əlavə vəsaitlərin toplanması da bu qərarla mümkün olacaq.

Dəyişikliyə əsasən, fiziki şəxslər tərəfindən kommersiya məqsədi üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilmə limiti bugünkü qaydalarla 800 ABŞ dolları həcmində müəyyənləşdirilib. 2013-cü ildəki qərarla bugünkü dəyişiklikləri müqayisə etsək, o zaman fiziki şəxslər üçün nəzərdə tutulan 1500 dollar limiti manat ekvivalenti ilə 1160 təşkil edirdi. Yəni alıcılıq qabiliyyəti ilə 2013-cü ildə 1160 manat təşkil etdiyi halda bugünki 800 dollar limiti 1360 manat ətrafındadır. Bu da 200 manata qədər əlavə artım deməkdir. Bütün qərarlar, normativ sənədlər məlum devalivasiyalar olduqdan sonra ona uyğunlaşdırılmışdır. 2013-cü illə 2020-ci il arasında, manat ifadəsi ilə, alıcılıq qabiliyyətində heç bir dəyişiklik baş vermir. Bu qərarın qəbul edilərkən inkişaf etmiş ölkələrin, eləcə də qonşu dövlətlərin təcrübəsi təhlil edilərək öyrənilib.

Aparılmış iqtisadi təhlilin nəticəsi olaraq müəyyən edilib ki, son illər fiziki şəxslərin özləri tərəfindən, gömrük ərazisinə gətirilən malların ayrı-ayrı kənar şəxslərin adına rəsmiləşdirilərək Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində keçirilməsinə cəhd göstərilməklə həmin mallar üçün qanunvericilikdə nəzərdə tutulmuş gömrük ödənişlərindən yayınma, həmçinin qeyd olunan malların qaçaqmalçılığı halları artıb.

Bununla yanaşı, müəyyən edilmiş hədlər və miqdar daxilində idxal olunan malların gömrük ödənişlərindən azad olunması daxili bazarda həmin malların dövriyyəsinin artması ilə yanaşı, ölkə üzrə illik idxal dövriyyəsinin azalmasına, bəzi hallarda analoji malları rəsmi qaydada idxal edənlərin müflisləşməsinə səbəb olurdu.

Bundan əlavə fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar şəklində gömrük ərazisinə güzəştli qaydada gətirilmiş mobil telefon və digər simsiz rabitə avadanlıqlarının ticarət şəbəkələrinə yönəldilməsi hallarının çoxalması və nəticədə gömrük ödənişlərindən yayınmaqla qeyri-qanuni ticarətə meyllərin artması, həmçinin mobil telefonlarının daimi olaraq qaçaqmal şəkilində ölkə ərazisinə gətirilməsi cəhdlərinin tam aradan qaldırılması məqsədilə müvafiq qabaqlayıcı tədbirlərin görülməsi zərurəti yaranmışdı. Sadəcə administrativ qaydada aparılan tədbirlər nəticəsində mobil telefonların idxalını nəzarətə götürərək 70 milyon manatdan artıq vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub. Qeyd edək ki, bu sadəcə bir mal mövqeyində əldə olunan nəticələrdir.
Məqsəd bütün mal mövqeləri üzrə hər bir vətəndaşın malını rəsmiləşmədən sonra proses olaraq əməliyyat tədirləri keçirib nəzarətə götürmək, bunu kütləvi hal şəklinə salmaqdan ibarət deyil, daha çox inzibati qaydada tənzimlənmənin tərəfdarıyıq. Məhz bu qərar sosialyönümlü qərara çevrilməlidir ki, işbazlar, dırnaqarası iş adamları sui-istifadə hallarına yol verməsinlər. Qərarda müvafiq limitlərin 800 və 300 ABŞ dollarına endirilməsinin əsas mahiyyəti və səbəbilərindən biri də budur. Bəzi vətəndaşlar mövcud limitlərin azaldılmasından narazılıq ifadə edirlər. Fiziki olaraq azalma həyata keçirilib. Lakin sosialyönümü ilə qərar bu gün maraqlı tərəflərə deyil, sosial ehtiyacı olan insanların rifahına yönəlib. Dörd nəfərdən ibarət bir ailə ölkə ərazisinə 5440 manat məbləğində şəxsi istifadə üçün ayda bir dəfə mal və məhsullar gətirə biləcək ki, bu da yetərincə bir ailə üçün normaldır.

Qərarın vergitutma bazasının müəyyənləşdirilməsinə də diqqət yetirsək görərik ki, bu proseslərdə, təxminən 70-100 milyon arasında vəsait dövlət büdcəsindən yayınır. Məhz bu yayınmalar qaçaq yolla fiziki şəxslərin adlarından istifadə edərək ölkəyə idxal olunan məhsullardan qaynaqlanır. Aparılan araşdırmalar zamanı məlum olub ki, dünyasını dəyişən insanların belə adlarına məhsullar idxal ediblər.
Bu qərar qəbul edilərkən beynəlxalq təcrübə də nəzərə alınıb. Avropa İttifaqına daxil olan ölkələrin qanunvericiliyinə əsasən fiziki şəxslər tərəfindən Birliyə daxil olan ölkələrə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ümumi məbləği 300 avroyadək təşkil edir.

Dünya praktikasına nəzər yetirdikdə fiziki şəxslər tərəfindən poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üçün müəyyən edilmiş güzəşt limitinin də kifayət qədər aşağı olduğu görünür. Belə ki, bəzi ölkələrə nəzər yetirdikdə güzəşt məbləğinin Rusiya Federasiyasında 200 avro, Belarusda 200 avro, Gürcüstanda 300 Lari (125 dollar) və 30 kiloya qədər çəki, Moldovada 200 avro (30 kilo), Ukraynada 100 avro (31 kilo), Türkiyədə isə 150 avro olduğu müşahidə olunur.
Avropa Birliyinin əksər ölkələrində isə 22 avroya qədər poçt bağlamaları heç bir gömrük ödənişi olmadan ölkə ərazisinə gətirilə bilər. Dəyəri 22 avro ilə 150 avro arasında olan poçt bağlamaları üçün isə yalnız ƏDV tutulur. Bu miqdar Yunanıstanda 15-20 avro, İspaniya və Fransada isə 50 avrodur. Əgər bağlamanın dəyəri 150 avrodan çoxdursa, o zaman ƏDV və qeydiyyat rüsumlarına əlavə olaraq malların kateqoriyasından asılı olaraq gömrük rüsumları da tutulur.

Eləcə də, aparılan hesablamalardan məlum olur ki, qərarın qüvvəyə minməsindən sonra 70 -100 milyon manat vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin oluna biləcək. Və eyni zamanda, bu qərarla sahibkarlar arasında rəqabət qabiliyyətinin daha şəffaf olması təmin olunacaq. Elektron idarəetmə sistemləri vasitəsilə bu qərarın icrası çox ciddi nəzarətə də götürülüb. Və hesab edirik ki, hər bir vətəndaş yaxın zamanlarda istifadəyə verəcəyimiz yeni mobil xidmət vasitəsilə sadələşmiş qaydada gömrük bəyannamələrini ölkəyə gəlmədən də təqdim edə biləcək . Və ya ölkəyə gəldikdən sonra da bu prosesi həyata keçirə biləcək. 300-ə yaxın daşıyıcı şirkətlərlə də müvafiq danışıqlar aparılır ki, beynəlxalq təcrübələr nəzərə alınaraq vətəndaşın gömrük orqanlarına gəlmədən bağlamasının ünvanına çatdırma xidmətini də gerçəkləşdirsinlər.

Eyni zamanda, Nazirlər Kabinetinin 305 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na edilən dəyişikliklərə əsasən qərarın 2.1.4-cü yarımbəndində beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən dedikdə, yəni vətəndaş tərəfindən bəyannamənin bir dəfə verilməsi nəzərdə tutulur. Əgər vətəndaş ay ərzində bir dəfə deyil, bir neçə dəfə 300 ABŞ dolları ekvivalenti məbləğini keçməmək şərtilə mal gətirirsə burda vətəndaşa seçim hüquqları verilir. Vətəndaş daşıyıcı şirkətlə razılaşmaqla ay ərzində bir neçə dəfə sifariş etdiyi məhsulu gömrük və ya daşıyıcı şirkətə məxsus anbarda saxlamaqla bir dəfəyə bəyan edə bilər, yaxud gömrük orqanına sadələşdirilmiş bəyannamə təqdim etməklə hissə hissə bu prosesi həyata keçirə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.