Cəmiyyət

Azərbaycanda cinayət prosesində hal şahidləri institutunun fəaliyyətinə zərurət varmı?

23 Dekabr 2011 17:42
0 Şərh     Baxış: 2 282
Ekspertlər hal şahidlərinin qeyri-formallığı, bir şəxsin çoxlu sayda cinayət işlərində hal şahidi kimi cəlb olunması, bir sıra hallarda hal şahidlərinin baş verənləri tam və düzgün qavraya bilməməsi və s. pozuntuların olduğunu bildirirlər.

Həmçinin, cəmiyyətdə də hal şahidləri ilə bağlı məsələyə yanaşma fərqlidir. Belə ki, vətəndaşlar bir sıra hallarda hal şahidi olmaqdan imtina edir, müxtəlif bəhanələr gətirərək prosesə qoşulmaq istəmirlər.

Bu problemləri nəzərə alan bəzi fikir sahibləri isə bu institutun cinayət prosesindən çıxarılmasının tərəfdarıdır.

Qanunvericiliyin tələbinə görə, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması məqsədilə istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər.

Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər.

Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır.

Vəkil Fuad Ağayev Trend-ə bildirib ki, hal şahidləri institutunun ləğvi istintaq orqanları tərəfindən özbaşınalıq hallarının artmasına səbəb ola bilər.

Bu institutun fəaliyyətində ciddi nöqsanların olduğunu istisna etməyən Ağayev deyib ki, təcrübədə hal şahidlərinin cəlb olunmasında sui-istifadə hallarına rast gəlinir, yalançı hal şahidləri prosesə cəlb olunurlar.

"Bu halların olmasına baxmayaraq, hal şahidlərinin olması istintaq orqanlarının özbaşınalığından qorunmağa müəyyən dərəcədə təminat yaradır", - o vurğulayıb.

Vəkil Vüqar Xasayev bildirib ki, bu institut daha da inkişaf etdirilməlidir.

"Hal şahidləri müstəntiqin, təhqiqatçının, əməliyyatçının "adamı" olmamalıdır. Obyektiv olmalı, hadisəni qavramalıdırlar", - Xasayev deyib.

Onun sözlərinə görə, hal şahidi kimi cəlb olunan şəxslərə proses zamanı hüquq və vəzifələri izah olunmalıdır.

"Bu institutun düzgün tətbiqi vətəndaşların hüquqlarının pozulması hallarının qarşısını alar və vəzifəli şəxslər tərəfindən sui-istifadə hallarına yol verilməsinə şərait yaratmaz", - vəkil deyib.

Ali Məhkəmənin sabiq hakimi, Sumqayıt Apelyasiya Məhkəməsinin Aparat rəhbəri Müzəffər Ağazadə bildirib ki, təcrübədə bir şəxsin bir neçə hadisədə, xüsusən də narkotik cinayətlərində hal şahidi kimi cəlb olunması halları çoxdur.

"Əksərən həmin hal şahidləri istintaq zamanı eyni ifadələri verirlər. Bu formallıq aradan qaldırılmalı, qanun düzgün tətbiq olunmalıdır", - Ağazadə deyib.

O da hal şahidlərinin cinayət prosesinin iştirakçıları sırasında saxlanılmasının tərəfdarıdır.

Vəkil Abbas Atakişi bildirib ki, bu sahədə əsas problem bir çox hallarda "ştatda" olan hal şahidlərindən istifadə olunması, hal şahidi kimi dərketmə qabliyyəti olmayan şəxslərin seçilməsi ilə bağlıdır.

"Bir sıra hallarda qanunda nəzərdə tutulmayan hallarda belə hal şahidlərindən istifadə olunmasına cəhdlər var. Əgər belə halda hal şahidinin cəlb olunması ilə bağlı qanunvericiliyin tələbi pozulmazsa, ciddi problemlər yaranmaz", - o deyib.

Hal şahidi institutunun bir növ ictimaiyyətin istintaq orqanının fəaliyyətinə nəzarəti olduğunu deyən vəkilin sözlərinə görə, qanunda nəzərdə tutulan tələblərə uyğun hal şahidinin tapılması və istintaqa cəlb olunması çox vaxt aparır.

"Amma belə hal şahidləri tapmaq olar. İstintaq prosesində şəffaflığı təmin etmək üçün belə hal şahidlərinin cəlb edilməsi vacibdir", - o deyib.

Vəkil hesab edir ki, cəmiyyətdə hal şahidlərinə münasibət də dəyişməlidir.

"Onların təkrarən bir çox cinayət işlərində istintaqa cəlb olunması, onların istintaqa, məhkəməyə dəfələrlə çağırılıb dindirilməsi insanları hal şahidi olmaqdan çəkindirir", - Atakişi deyib.

Ali Məhkəmənin cinayət işləri üzrə kollegiyasının hakimi Fərhad Kərimov Trend-ə müsahibəsində bu sahədə müəyyən nöqsanların olduğunu istisna etməyib. Onun sözlərinə görə, hal şahidləri istintaqın obyektivliyi, şəffaflığını təmin edən əsas vasitələrdən biridir.

"Bu institutun ləğvi vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına ciddi ziyan vura bilər. Bu institutun şəffaf, obyektiv fəaliyyəti istintaqı aparan şəxslərin qanunun aliliyinə necə hörmətlə yanaşmasından çox asılıdır", - Ali Məhkəmənin hakimi deyib.

Fərhad Kərimov təcrübədə bu institutun fəaliyyətində rast gəlinən problemlərin aradan qaldırılması, onun şəffaf fəaliyyətinin təmin olunması məqsədilə müdafiə institutunun möhkəmləndirilməsini zəruri sayır.

"Əgər prosesdə müdafiəçi normal iştirak etsə, digər problemlər də vaxtında həllini tapar. Hər bir halda qanunvericilik istintaqı aparan şəxsin hərəkətlərindən, qərarlarından şikayət vermək imkanları yaradıb. Müdafiəçi proses zamanı qanunsuz hesab etdiyi hər bir məsələyə müdaxilə edib onları üzə çıxarmaq və vaxtında aradan qaldırmaq imkanına malikdir. Ona görə də müdafiə institutu, müdafiəçilər güclənməlidir ki, bu problemlər olmasın", - Kərimov vurğulayıb.

Onun fikrincə, müdafiəçinin nəzarəti bu institutun formallığını aradan qaldıra bilər.

"Hətta istintaqda hal şahidlərinin iştirakı formal təmin olunsa belə, yol verilən nöqsanları aşkar etmək mümkündür. Prosesə hal şahidləri cəlb olunmazsa, istintaqda arxayınlıqla nöqsanlara yol vermək mümkündür", - Kərimov deyib.

Milli.Az
loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.