Cəmiyyət

Cərimə yazılmasın deyə taxılan maska

6 Avqust 2020 14:23
Baxış: 3 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət əvvəl Bakıdakı apteklərin birində növbə gözləyərkən qarşıda dayanan şəxsin satıcıya "sizdə cərimə yazılmasın deyə taxılan maskadan var?" sualını verməsinin şahidi oldum. Sualı ilk dəfə eşidəndə üzümdə təbəssüm yaransa da, dərindən fikirləşəndə məsələnin heç də gülməli olmadığını dərk edirsən.

Görünür, hələ də, koronavirusa inanmayan, məsələnin ciddiliyini dərk etməyən və ya bunu anlamaq istəməyənlər var. İnamsızlıqdan irəli gələrək onlar tibbi maskadan özlərinin, başqalarının sağlamlıqlarını qorumaq üçün yox, sadəcə cərimə yazılmasın deyə istifadə edirlər.

Koronavirusa inamsızlığın səbəbi isə müxtəlifdir. Bir müddət əvvəl bu virusdan qorxanlar da artıq koronavirusun mövcudluğuna inanmamağa başlayıblar. Onlar müxtəlif arqumentlər gətirərək özlərinə haqq qazandırırlar.

Hətta qohumları, tanışları koronavirusdan ölənlər arasında da artıq bu virusa laqeyd yanaşanlar çoxalıb. Səbəb insanların bu virusa, virusla bağlı xəbərlərə öyrəşməsi, yoluxan, ölən sayının adiləşməsi, uzunmüddətli karantin rejiminin tətbiqi, maddi vəziyyətinin çətinləşməsi, tətil, toy planlarının alt-üst olması və başqa məsələlərdir.

Avqust ayının 5-dən etibarən karantin rejiminin yumşaldılması isə insanlarda daha da arxayınlıq yaradıb. Onsuz da, taclıvirusun varlığına inanmayan şəxslər yoxlamaların azalmasını fürsət bilərək ictimai nəqliyyatda tibbi maskadan istifadə etməməyə başlayıblar. Artıq hər gün avtobuslara maskasız minən və ya minib içəridə polis olmadığını gördükdən sonra maskanı çıxardan sərnişinləri görmək mümkündür.

Metronun bağlanması səbəbindən avtobuslarda sərnişin sıxlığının yaranması isə vəziyyəti daha da gərginləşdirir, yoluxma sayının artmasına birbaşa təsirini göstərir. Buna görə də ictimai nəqliyyatda tibbi maskadan və dezinfeksiyaedici məhluldan istifadə etməyə xüsusi diqqət etmək zərurəti yaranır.

İnsanların iqtisadi vəziyyəti, psixoloji gərginliyi nəzərə alınıb karantin rejimi müəyyən dərəcədə yumşalırsa, nəzarət zəifləyirsə, polislər artıq hər avtobusa minib maska taxmayanları cərimələmirsə bu koronavirusun bizi tərk etməsi demək deyil. Bu virus hələ də bizim aramızdadır, uzun müddət də bizimlə yaşayacaq. Peyvənd tapılsa belə, bu, yoluxmayan insanlar üçün faydalı olacaq. Ona görə də, hazırda tək çarə, tibbi maska taxıb, gigiyenik qaydalara əməl etməkdir. Ən azından peyvənd tapılanadək...

Bəxtiyar Umarlı
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.