Cəmiyyət

Bakıda təxribat etmək istədilər: onlar kimlər idi?

15 İyul 2020 16:33
Baxış: 7 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ordumuza dəstək məqsədilə ölkənin müxtəlif məkanlarında, o cümlədən Bakı və Sumqayıtda keçirilən aksiyalar, düzənlənən yürüşlər cəmiyyətdə vətənpərvərlik ruhunun çox yüksək olduğunu bir daha göstərdi. Bu, yaxşıdır, gərəklidir və mütləqdir.

Heç yaxşı olmayan isə dövlətimizlə xalqımıza qənim kəsilənlərin bu aksiyalardan öz maraqlarına yararlanmaq istəklərinə xidmət edən şəxslərin təxribatçı əməlləridir. Daha doğrusu, bu əməllər aşkar cinayət və provokasiya idi.

... Dünən Bakının mərkəzi küçələri aşıb-daşırdı. Heydər Əliyev prospekti ilə yürüyən yüzlərlə, minlərlə insana polis əsla müdaxilə etmədi. Dövlətinə, Ali Baş Komandanı və Prezidenti İlham Əliyevə, Ordusuna tam dəstəyini ifadə edən, Qarabağ uğrunda savaşa can atan, düşmənin cavabını vermək istəyi qəlbi vuran insanlarla polis də yüryüyürdü. O insanlardan idi polis, sadəcə, asayişi, nizamı təmin edirdi, kimsənin qarşısını almırdı, müdaxilələr etmirdi.

Onlarla YouTube kanalı, yüzlərlə Facebook istifadəçisi olay yerindən canlı reportajlar yayırdılar. Və yüz minlərlə insan sosial şəbəkələr vasitəsilə həmin kadrlara baxırdı.

Canlı yayımda.

Küçələrə axışan xalq Şəhidlər Xiyabanına çatdı, Milli Məclisin binası qarşısında bir araya gəldi.

Müxalifətdəki partiya sədrlərindən bəziləri yürüşdə olsalar da, onlardan kimsə xalqın qarşısına çıxmadı. Çıxmaq istəmədi, çıxa bilmədi. Çünki toplaşanlar onların elektoratı, sosial və ya siyasi bazası deyildi.

Yürüşə qatılanlar bu adamlara dəstək vermədilər, onlar Ali Baş Komandana üz tutmuşdular. Ümid, əminlik və inam ünvanı qismində.

Yığışanlar kütlə də deyildi: onların hər biri Millət adlanan dəryanın zərrəsi idi ki, birləşərək çırpınırdılar.

Onların tam əksəriyyəti "Şəhidlər ölməz, Vətən bölünməz!", "Qarabağ bizimdir!" şüarları söyləyirdi. Və gecəyarısı da aksiyanı tərk edib evlərinə yollandılar.

Qalanlar isə aşkar təxribatçılardı.

Həmin şəxslər gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

Milli Məclisin birinci mərtəbəsinə, foyeyə toplaşan bu adamlar dağıntılar törədiblər, parlamentin mülkiyyətinə və inventarına ziyan vurublar.

Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb.

Yürüş iştirakçıları polis tərəfindən Milli Məclisin inzibati binasından çıxarıldıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarova yaranmış vəziyyətlə yerində tanış olub.

Olayla bağlı Milli Məclisin yaydığı açıqlama deyilir: "Azərbaycan Respublikasının Milli Məclisi olaraq Xalqımıza, Dövlətimizə, Ordumuza dəstək yürüşünə ehtiramımızı və həssas yanaşdığımızı ifadə edirik. Orduya dəstək yürüşünü həyata keçirən vətəndaşlarımızın bir amal uğrunda birləşdiyi halda bəzi təxribatçıların dağıdıcılığa və ziyan vurmağa istiqamətlənən addımlarını qəti şəkildə pisləyirik. Bu çətin günlərdə Dövlətin Ali Qanunverici orqanının binasına qanunsuz olaraq daxil olmaq və orada dağıntılar törətmək şəhidlərin müqəddəs ruhuna hörmətsizlikdir və qətiyyən yolverilməzdir".

Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində döyüşlər getdiyi bir vaxtda, hamının bir nəfər kimi birlik nümayiş etdirdiyi bir zamanda xüsusi həssaslıq göstərilməsinin və ehtiyatlı davranmağın vacibliyinii bir daha təkrar etməyə ehtiyac varmı?

Ehtiyac varmı ki, yazaq: xalqımız, dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləf olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və dinc sakinlərin ruhları qarşısında məsuliyyət daşıyırıq hamımız?

Bir daha vurğulayıram: iyulun 14-15-də Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilmiş aksiya cəmiyyətimizdə vətənpərvəlik ruhunun yüksək olduğunu bir daha nümayiş etdirdi. Aksiya iştirakçılarının vətənpərvərliyi, onların səfərbərlik elan olunması istəyi, ordu sıralarında qulluq etmək niyyəti sevindirici və qürurverici haldır.

Orduya dəstək hər bir vətəndaşın borcudur və bu məqsədlə müxtəlif tədbirlər, aksiyalar keçirilə bilər.

Bununla yanaşı, dünən gecə saatlarında yaradılmış şəraitdən sui-istifadə halları müşahidə edildi, prosesə siyasi məzmun verməyə, onu nəzarətdən çıxarmağa, neqativ emosiyaların formalaşdırılmasına cəhdlər göstərildi. Eyni zamanda sosial şəbəkələr vasitəsilə həm cəbhə xəttində, həm də paytaxtda arzuolunmaz proseslərin baş verməsi barədə yalan məlumatlar yayıldı.

Hazırda sərhəddə hərbi əməliyyatlar getdiyi bir vaxtda bir qrup şəxsin Bakının küçələrində iğtişaş yaratmaq cəhdləri, Milli Məclisin binasına girərək vandallıq törətməsi, polislərə qarşı zor tətbiq olunması vətəndaşlıq mövqeyinə və qanunlara ziddir, ən əsası şəhidlərin ruhuna hörmətsizlikdir.

1990-cı illərin əvvəllərində baş verən gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos bizim yaxın tariximizdir və hələ də yaddaşlardan silinməyib. Bəzi siyasi qrupların, şəxslərin bir daha hərc-mərclik yaratmaq, ölkəmizi yenidən o dövrə qaytarmaq cəhdləri ciddi qınanılmalı, cəmiyyətimiz, ziyalılarımız, fəal ictimaiyyət nümayəndələrimiz bu pozucu fəaliyyətə lazımi qiyməti verməlidirlər. 

Azərbaycan güclü dövlətdir, əldə olunmuş təhlükəsizlik, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah müstəqillik dövrümüzün ən böyük nailiyyətləridir. Biz xalqımızın əyilməz iradəsi, uzun illərin əziyyəti və zəhməti, şəhidlərimizin qanı bahasına qazandığımız uğurları hər vəchlə qorumalı, inkişaf etdirməli və istənilən pozuculuğa qarşı öz vətəndaş mövqeyimizi nümayiş etdirməliyik.

Buna görə də istər pandemiya ilə mübarizədə, istərsə də cəbhədə düşmənə qarşı milli birlik, həmrəylik, güclü milli iradə nümayiş etdirmək zəruridir. Hər birimiz məsuliyyətlə davranmalı, nizam-intizama riayət etməli, cəmiyyətimizdəki mövcud təhlükəsizliyi və sabitliyi qoruyub saxlamaq üçün bütün səylərimizi səfərbər etməliyik.

Güclü Azərbaycan Ordusu düşmənin istənilən təxribatına, həmləsinə layiqli cavab vermək iqtidarındadır. 2016-cı ilin aprel döyüşləri, hazırda Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr bunu bir daha təsdiq edir.

Qayıdaq dünən gecə yaşananlara.

Milli Məclis binasının qarşısına yığışmış vətəndaşlar dağılışmağa, evlərinə yollanmağa başlayandan sonra bir qrup fəallaşdı. Onlar parlament binasına girdilər. "Allahu əkbər!" qışqıran kim, "Dağıdın buranı!" bağıran kim, "Polislər nə istəyir bizdən?" hayqıran kim...

Bu yaramazları xaricxdə mənzillənmiş "müstəqil bloqer"lərin YouTube kanallarının və Facebook səhifələrinin alabaş xəbərdaşıyanları yaxından çəkirdilər.

Beləcə, hər şeyin əvvəlcədən hazırlanmış plan üzrə gerçəkləşdirildiyi bəlli olurdu.

Çünki canlı yayımda reportajlar artıq "Bakıda müharibəyə etiraz aksiyası" (?!) kimi təqdim olunurdu. Tam yalan, başayaq formada.

Orduya və Ali Baş Komandanına tam dəstək verən insanlar sanki müharibə istəməyən, dövlətin qərarlarından narazı insanlar toplusu kimi göstərilirdi.

Milli Məclis binasının önündə artıq istəyində və hisslərində səmimi insanlar qalmamışdı: onların əvəzində məkr daşıyıcıları vardı. Onlar Bakıdakı yürüşün ölkə sərhədlərindən kənarda diametral tərs formada qavranmasına, anlaşılmasına can atırdılar.

Təbii ki, Sevinc Osmanqızı, "HamamTimes", "Azad Söz", "Meydan TV" və s. dəridən-qabıqdan çıxdılar, isnanlarımızın pak və ülvi hisslərini çirkaba bulaşdırmağa çalışdılar.

Və heç təsadüfi deyil ki, həmin kanalların, Facebook səhifələrində Milli Məclis önündəki olaydan, sonra da foyesindəki qarğaşadan videoyayımlarına ermənilər axışmışdılar. Ermənilər arasında bəyənən kim, "smaylik" atıb sevinən kim, Azərbaycanı və azərbaycanlıları aşağılayıb lağa qoyan kim.

Sözügedən resurslar bu gecə faktiki olaraq erməni təbliğatının ruporuna və düşmən təşviqatının platformasına çevrilmişdilər.

Milləti, dini, şərəfi bilinməyən adamların cəbhə bölgəsindən "etdikləri paylaşım"ları, daha doğrusu, feyk məlumatları və yalanları sözügedən səhifələrlə həvəslə yayırdılar.

O saxtakarlıqlar isə Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaq, xof və qorxu üstə köklənmiş ab-havanın hakimliyinə nail olmaq məqsədi güdürdü.

Bir qədər də keçdi, sosial şəbəkələrdə ermənilər həmin videogörüntüləri paylaşmağa başladılar.

Görüntüləri yayan resurslarda videoların altında dövlətə, hakimiyyətə, mövcud konstitusion quruluşa qarşı çağırışlar gedirdi. Vətəndaş qarşıdurması, xaos, qanlı qırğın istəkləri bir-birlərini əvəzləyirdi.

Az sonra Milli Məclisin binası önündə polis avtomobilini aşırdan kritik başıpozuq dəstə parlament binasına soxuldu və orada "Allahu əkbər!" sədaları eşidilməyə başladı.

Bu isə aşkar, məqsədli və çox çirkin təxribat idi.

Dünən xalq sözünü dedi, yürüdü, Ali Baş Komandana və Orduya dəstəyini izhar etdi.

İndi xalqımız bir dəstə alabaş təfəkkürlü başıpozuq dəstəyə sözünü deməlidir.

Xalq aksiyasını təxribata çevirməyə çalışanlar müəyyənləşdirilməli, qanun qarşısında cavab verməlidir.

Erməni toplumuna onu hansı perspektivin gözlədiyini nümayiş etdirirdi...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.