Cəmiyyət

“Bəzi qadınlar onları “saxlayan” kişilərlə öyünürlər, üzdəniraqlar isə…” - Baş kulinar ilə MÜSAHİBƏ

12 İyul 2020 18:45
Baxış: 3 238
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az bildirir ki, Əməkdar mədəniyyət işçisi, Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti, "Kulina" jurnalının baş redaktoru Tahir Əmiraslanov musavat.com-un suallarına cavab verib.

Onunla karantin günlərindən, düzgün qidalanma qaydalarından və sosial şəbəkələrin yaratdığı mənfi nüanslardan danışdıq.

- Tahir bəy, karantin günlərini necə keçirirsiniz? Özünüzü koronavirusdan necə qoruyursunuz?

- Bütün qaydalara evdə də, işdə də əməl edirik. Karantin yeni başlayandan işçilər işə saat 9-da deyil, saat 10-da gəldilər. Axşam da 5-də evə getdilər ki, basabasa düşməsinlər. İşçilərin bir hissəsini evdən işləməyə yönləndirdik. Bir balaca otaqda iki işçi varsa, növbə ilə işə getdilər. Azyaşlı övladı olanlar evdən işlədi. Hamilələr, ümumiyyətlə, işə çağırılmadı. İşə maska, spirtlə gəlirlər. Dövlət hər şeyi bir-bir deməməlidir. Bizim özümüz düşünməliyik, öz evimizdə, iş yerimizdə qaydalara uyğun davranıb, xəstəlikdən mümkün qədər qorunmalıyıq. Hazırda dövlət də çox çətin vəziyyətdədir, dövlətin də yükü ağırlaşdı. Neftin qiyməti birdən-birə aşağı düşdü. Atanın pulu yoxdursa, övladlarına nə xərcləyəcək? Amma dövlətimiz yenə də vətəndaşının yanındadır.

- Gündəlik koronavirusa yoluxan xəstələrin sayı 500-dən aşağı olmur. Amma yenə də virusa inanmayanlar, qaydaları pozanlar var.

- Bir ateist və dindar söhbət edir. Ateist deyir ki, Allah yoxdur. Dindar da deyir ki, əgər sən deyəndirsə, mən Allaha inanaraq, dini qaydalara əməl edərək heç nə itirmirəm. Amma mən deyən düzdürsə, gör sən nələr itirirsən. Özünü ehtiyatlı tutan igidin anası ağlamaz. Kimdir günahkar, koronavirusdan pul qazanırlar, bunu Bill Qeyts edibdir, həkimlər səhv edir, dövlət günahkardır, ya yox və s. söhbətləri bir kənara qoyub qaydalara əməl etmək lazımdır. Koronavirus olsa da, olmasa da, əllər yuyulmalıdır, maska ilə ağzımızı örtsək, digər xəstəliklərdən də qorunmuş oluruq. Burada pis heç nə yoxdur. Bizdə növbəyə durmaq mədəniyyəti yoxdur. Avtobusda, kassa önünüdə sıra gözləmirlər. İnsanlara çətin qadağa qoyulmayıb. Başqa vaxt evdən çıxmayanlar indi hay-küy qaldırırlar. Polislər, əsgərlər qalın formada günün altında çalışırlar. Onlara haqsızlıq etmək doğru deyil. Onlar da bizim atamız, qardaşımız, anamızdır. İnsanları qadağalarla, cəzalarla qorxutmaq olmamalıdır, hər kəsin öz düşüncəsi olmalıdır ki, qaydalara əməl etməliyik. Polisə atılan zibil, butulkalar onun başına dəyib öldürə bilərdi. Sonra iki balası yetim, ailəsi başsız, valideyni övladsız qalacaqdı. Belə etmək olmaz.

- Deyirlər ki, evdə oturmaq, günəş şüalarından, təmiz havadan uzaq olmaq immuniteti aşağı salır. İnsanların çoxu aylardır ki, evdədir.

- Günəş şüası bədəndə D vitaminini artırır. Ona görə dəniz sahilində, təmiz havada, günəşli gündə gəzmək orqanizmə faydalıdır. Amma sosial məsafə də qorunmalıdır. Yəni bir yolla insanlar açıq havada olmalıdır. Yəqin ki, həkimlər, aidiyyatı orqanlar bu haqda düşünüb, insanların sağlamlığı üçün bir yol tapacaqlar. Bəlkə də, dəniz o qədər çirklidir ki, dənizdən uzaq dursaq, yaxşıdır. Hər şey bizim yaxşılığımız üçündür. Kimin bağ evi varsa, ora getsin. Balkona zibil atmaq üçün yox, günəşləmək üçün çıxsınlar.

- Karantin günlərində necə qidalanmağı məsləhət görürsünüz? Hansı qidaları qida rasionumuza daxil edək, hansılardan imtina edək?

- Hazırda meyvə-tərəvəz nə qədər istəsəniz var. Qida rasionumuza meyvə-tərəvəz, zülal tərkibli qidalar əlavə etsək, sağlam olarıq. Hərdən də ət, balıq, toyuq, yumurta yeyilməlidir. Göy-göyərtidən vitaminləri almalıyıq. Kəpəkli çörək yemək lazımdır. Tərkibində C vitamini olan qidalara üstünlük verməliyik. Yaxşı qidalanmaq lazımdır. "Özümü arıqladacağam" deyib, qidalardan imtina etmək olmaz.

- Arıqlamaq demişkən, son vaxtlar insanlar arıq olmaq üçün mədəkiçiltmə və bədən şəkilləndirmə əməliyyatları edir. Onlara münasibətiniz necədir?

- Çox axmaq işlər, axmaq hərəkətlərdir. Adam hansı çəkidə sağlamdırsa, cəlddirsə, orqanları sağlamdırsa, çəkisi odur. Biz xoşbəxt olduq. Amma nəticələrimiz, belə getsə, silikonla evlənəcəklər. Bədənə edilən müdaxilələr insanlıqdan çıxmaqdır, bədbəxtlikdir. Bugünkü gün xolesterin qəbul etməmək beyininin inkişafını saxlamaqdır. Bundan sonra böyrəküstü vəzilər işləməyəcək, testosteron əmələ gəlməyəcək, sonsuzluq yaranacaq, nəsil dayanacaq.

- Sosial şəbəkələrdə də tez-tez cür əməliyyatların reklamına rast gəlirik.

- Bunlar hamısı reklamdır. Demirəm ki, insan həddindən artıq kök olmalıdır. Amma qadının qarın, yan nahiyələrində piy olmalıdır ki, analıq qorunsun. Piy bədəndə yeganə şeydir ki, radiotiv maddələri qəbul etmir. Arıqlıq dəbdən düşsə, arıqlama dərmanlarını kim alacaq? Şirkətlərin milyardları batacaq. Arıqlamaq üçün evlərə idman alətlərini kim alacaq? Fitnes zallarına kim gedəcək? Bunlar satılmayacaq. Bədəni formaya salmaq üçün milyardlarla pul xərclənir. Kim əməliyyata gedəcək? Kim bədənini formaya salmaq üçün silikon alacaq? Bütün bunları insanlara sırıyıblar. Bunun nəticəsində xərçəng, şəkər kimi xəstəliklər yaranır. Bu, düşünülmüş biznesdir.

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan insanların həddindən artıq təhqir olunmasını əsas gətirərək sosial şəbəkələrin məhdudlaşdırılmağını, qapadılmasını təklif edir. Bu isə birmənalı qarşılanmayıb.

- Əvvəl 3 sarı mətbuat vardı, sosial şəbəkələr yox idi. İndi mətbuatın 90 faizi sarı mətbuatdır. Sosial şəbəkələr insanlara pis nümunə olur. Hər şey reklamın başındadır. Hamı əzələləri olan manekenin əynindəki maykadan istəyir. Hər kəs onun kimi bədən quruluşu istəyir. İdmançı, müğənni kimi yaşamaq istəyir. İnsanlara xeyir verməyin, sağlamlığın, gözəlliyin, həqiqətin vacibliyi çatdırılmır. Müəyyən şeylərdə senzura lazımdır. Mətbuat 20 yaşlı qızın villasını paylaşmasa, nəyin hesabına bunu almasını yaymasa, camaat haradan qıcıqlanacaq? Kim onun kimi olmaq istəyəcək? Əxlaqsızlığı rahat, lüks, gözəl həyat kimi təbliğ edirlər. Bizim analarımız var ki, 70 yaşında əlindən, ayağından işıq gəlir, çağırsınlar onları, nümunəvi həyatlarından danışdırsınlar. İndi uşaqlar utanır atasının fəhlə olduğunu deməyə. Gərək desinlər ki, atam gömrükdə işləyir. İndi universitetə ali təhsil almaq, gözəl peşə sahibi olmaq üçün getmirlər. Düşünürlər ki, harada işləsəm, rüşvət alan məmur olaram. 30 ildə bizdə belə ideologiya yarandı.

Mən kənddə olanda bir dəfə görmədim ki, bir qadın ərini, kişi arvadını adı ilə çağırsın. Ya deyirdilər filan kişinin qızı, ya deyirdilər uşaqların atası. O qədər müqəddəs şey sayılır ailə. Amma indi 2 gün sevgili olan kimi şəkillərini hər yerdə paylaşırlar, 2 gün sonra da ayrılıb, silirlər. İki insanın arasında olan intim şeyləri heç kim duymamalı, bilməməlidir. Əvvəllər qıza, qadına biz müqəddəs varlıq kimi baxırdıq. İndi qadına, qıza şəxsiyyət kimi baxmırlar, cinsəl obyekt, alət kimi baxırlar. Niyə evlənmədiyini soruşanda da ya deyir, təmiz qız axtarıram, ya deyir, təmiz oğlan axtarıram. Artıq təmizlik heç nə yoxdur. Bəlkə də, mən geridə qalmışam. Bizdə bir üzdəniraq var. Onu tez-tez efirə çıxarırlar. Camaat onunla şəkil çəkdirir, o da üzdəniraq olmağı ilə fəxr edir, murdarlar üzdədir. Bəzi qadınlar onları saxlayan kişilərlə öyünürlər. Qadın belə şey danışar? İndi də "oğlan"lar onları saxlayanlarla fəxr edirlər. O vaxt efirdə kimsə kiminsə əri ilə qaçmağını demirdi. Cavan qızlar çıxıb pullu sevgililərindən danışmırdılar. Seriallarda gəlin qaynı ilə bir-birini sevir. Seriallarda niyə bir qız üstə 3-4 oğlan mübarizə aparmır? Gərək başqasının arvadını sevələr? Bu cür şeyləri adiləşdirmək olmaz. Bunların qarşısı alınmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.