Cəmiyyət

Tramp sosial şəbəkələrdəki xaosdan bezdi: qanunsuzluq azadlıq ola bilərmi?

31 May 2020 10:29
Baxış: 2 523
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp ölkədə sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalayıb. O, həmçinin "Twitter"in bağlanmasının mümkünlüyünü də istisna etməyib.

Donald Trampın sosial şəbəkələr üzərində nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq qərar qəbul etməsi, əslində, bu platformalarda hazırda mövcud olan informasiya xaosuna nizam gətirmək cəhdidir.

Çox sadə məntiq və faktlar var: "sosial şəbəkə" adlandırdığımız internet resursları hüquqi baxımdan ayrı-ayrı şəxslərin özəl biznes strukturlarıdır.

Hazırkı qlobal informasiya cəmiyyəti fonunda isə onların fəaliyyəti elə qlobal xarakter daşımaqla özəl olmaqdan çoxdan çıxıb, sosial-iqtisadi və ictimai-siyasi həyatımızın bütün sferalarına nüfuz edən mühüm təsir vasitələrinə çevrilib. Hətta vəziyyət o həddə çatıb ki, bu şəbəkələr ictimai etimadı, siyasi etibarı, siyasi dünyagörüşü, sosial davranışları təyin edən instutisional quruma çevrilib.

Bu gün sosial şəbəkələrdə qeyri-etik davranışlar, terrora, qarşıdurmaya çağırışlar təhlükəli həddə çatıb. Buna görə dəfələrlə sosial şəbəkələrə iradlar olub. Sosial şəbəkələrdəki dezinformasiyalar müəyyən ölkələrdə sabitliyin pozulması prosesinə gətirib çıxarıb. Məlumdur ki, bu gün təkcə ABŞ deyil, bütün ölkələr bu problemlə üz-üzə qalıb.

Nəinki ölkəmizdə, hətta ölkədən kənarda insanlar Azərbaycan dilini yaxşı bilən müəyyən qrupların tapşırığı ilə yalan və böhtan yaymağa, vətəndaş qarşıdurması yaratmağa çalışırlar. Bunlar yolverilməz məsələlərdir. Bunlar müzakirə edilməlidir. Sosial şəbəkənin Azərbaycan seqmentində kifayət qədər bu cür hallara rast gəlirik. Böhtan, yalan, qarayaxma, uydurma müxalif dairələrin əlində bir alətə çevrilib.

Eyni zamanda, istənilən hakimiyyət təmsilçisinin fəaliyyətini qiymətləndirərək onu ictimai fikrə təqdim edən də sosial şəbəkələr və mediadır. Həqiqət isə ondan ibarətdir ki, sosial şəbəkələr və medianın formalaşdırdığı ictimai-siyasi obraz, ya da siyasi portret bir çox hallarda heç də obyektivə uyğun olmur.

Beləliklə, ictimai şüurla manipulyasiya hadisəsi baş verir. Hələ bu da problemin hamısı deyil. Sosial şəbəkələr bəzən mənəvi sferadan başlamış mədəni - etik seferaya qədər hər yerdə dəyərləri aşağılayır, əxlaqi keyfiyyətlərin lazımi əsaslarda formalaşmasına mənfi təsir göstərir və s. Ona görə də sosial şəbəkələrdə formalaşmış ictimai münasibətlərin mütləq hüquqla tənzimlənməsi zərurəti yaranır.

Azərbaycan dəfələrlə xarici anti-Azərbaycan qüvvələrinin sosial şəbəkələr, onlayn platformalar vasitəsilə qərəzli kampaniyalarına məruz qalıb, ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam edir.

İnternet azadlığı heç bir halda digər azadlıqları məhdudlaşdırmamalıdır, burada balansın əldə olunması üçün hüquqi tənzimlənmələr qaçılmazdır: "Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı müzakirələr getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələr olunduğu, yeni qanunların qəbuluna hazırlıqlar getdiyi bir vaxtda Azərbaycan bu qlobal prosesdən kənarda qalmamalı və ümumi işə öz töhfəsini verməlidir

Nə baş verib və verir?

... Twitter Donald Trampın Minneapolisdəki etirazlarla əlaqədar yazdığı bir tvitlə bağlı xəbərdarlıq edərək bunun "zorakılığa şöhrət qazandırdığı" üçün platformanın qaydalarını pozduğunu bildirib.

Twitter sosial şəbəkəsinin aktiv istifadəçisi olan Tramp şirkətlə bu həftənin əvvəlindən mübarizə aparır. Belə ki, şirkət Trampın seçki bülletenlərinin poçtla göndərilməsi ilə bağlı iki tviti ilə əlaqədar faktların yoxlanılması xəbərdarlığını yerləşdirmişdi.

Xəbərdarlıq edilən üçüncü tvit isə etirazların baş qaldırdığı Minnesota ştatının qubernatoruna dəstək məqsədi ilə yazılıb. Ştatda artıq üç gündür ağ polisin dizini onun boynuna qoyduğu zaman nəfəs almaq üçün yalvaran əlləri qandallanmış qaradərili Corc Floydun ölümü ilə əlaqədar böyük etiraz askiyaları keçirilir.

Tramp yazdığı tviti bu sözlərlə bitirib: "Hər hansı çətinlik olsa, nəzarəti öz üzərimizə götürəcəyik, lakin talanlar başlayırsa, atəş də başlayacaq".

Twitter həmin tviti platformadan silməyərək gizlədib və onun əlçatan qalmasının ictimaiyyətin marağında olduğunu bildirb. Şirkət bunu yalnız seçki yolu ilə seçilmiş hökümət rəsmiləri üçün edir. Trampın səhifəsinə baxan istifadəçilər tvitin üzərinə basmaqla onun orijinalını görə bilər.

ABŞ prezidenti addımın "Amerika xalqının azad söz hüququnun qorunması və dəstəkləməsi" məqsədi daşıdığını deyib.

"Sosial media şirkətləri hazırda qalxana malikdirlər. Lakin bu sərəncamdan sonra onların qalxanı olmayacaq," - Tramp Oval Ofisdə jurnalistlərə bildirib.

Biz bunun davam etməsinə imkan verə bilmərik. Bu, çox böyük ədalətsizlikdir.

Sərəncam Federal Rabitə Komissiyasından "Kommunikasiya Dürüstlüyü Aktı"nın bir maddəsini aydınlaşdırmağı tələb edir. Həmin maddə onlayn şirkətləri istifadəçilərin yazdıqlarına görə hüquqi məsuliyyətdən azad edir. Sərəncam habelə Ağ Ev Digital Strategiya Ofisinə onlayn senzura ilə bağlı şikayətlərin araşdırılmasını gücləndirməyi və həmin şikayətləri Federal Ticarət Komissiyasına və Ədalət Departamentinə yönəltmək barədə göstəriş verir.

D.Tramp Oval ofisindəki brifinq zamanı sosial media şirkətlərini monopolist kimi təsvir edərək onların qəzet və telekanallardan daha nüfuzlu hala gədiyini deyib.

"Biz bunun davam etməsinə imkan verə bilmərik. Bu, çox böyük ədalətsizlikdir," Tramp bildirib.

Prezidentin qəzəbi, əsasən, bu həftənin əvvəlində onun yazdığı iki mesajı fakt yoxlanışından keçirən və bu barədə xəbərdarlıq qoyan Twitterə yönəlib.

Twitter barədə danışan Tramp "Qanuni olaraq onu bağlamaq mümkün olsaydı, mən bunu edərdim" deyib.

Prezidentin sözlərinə görə, Twitter, Google, Facebook və digər platformalar arbitrar şəkildə istədikləri postları araşdırır, digərlərini isə "siyasi fəallıq" nümunəsi olaraq qulaqardına vurmağa qərar verir.

"Əminəm ki, onlar məhkəməyə verəcək", - Tramp bildirib.

ABŞ prezidenti Donald Tramp Twitter və Facebook kimi sosial media nəhənglərini hüquqi toxunulmazlıqdan məhrum etməyə yönəlik fərman verib.

Trampın mayın 28-də imzaladığı fərman hökumət nazirliklərinə sosial media şirkətlərinə yeni qaydalar qoyulması mümkünlüyünün öyrənilməsini həvalə edir.

Lakin ekspertlər Konqresin qərarı olmadan bu sahədə hər hansı dəyişikliyin edilə biləcəyinə şübhə ilə yanaşırlar.

Onların fikrincə, bu fərmanın məhkəmə çəkişməsindən keçməsi də ağlabatan görünmür.

Tramp bildirir ki, yeni qaydalar sosial media şirkətlərinin artıq neyral forumlar olmaması və "siyasi fəallığa" qoşulması ilə əlaqədar zəruridir.

O, habelə sosial media şirkətlərini, onların postlarına "fakt yoxlanmalıdır" nişanı qoymaqla və ya bu postları tamamilə silməklə mühafizəkarlara qarşı qərəzli olmaqda ittiham edib.

"Biz artıq cana doymuşuq", - deyən Tramp iddia edib ki, onun fərmanı ifadə azadlığını müdafiə edəcək.

Tramp-ın bu fərmanından əvvəl Twitter prezidentin iki postuna "faktlar yoxlanmalıdır" xəbərdarlığı qoymuşdu.

Tramp bu tvitlərdə məktubla səsverməni "fırıldaqçı üsul" adlandırmış və demişdi ki, əgər ştatlar koronavirus pandemiyası ilə bağlı bu üsulla səsverməyə keçsələr, poçtla göndərilən səslər "oğurlanacaq".

Twitter bu postların altına faktları yoxlayan saytlara aparan linklər qoymuşdu.

Bu saytlarda poçt səslərinin oğurlanacağına dair iddiaları rədd edən materiallar yerləşdirilmişdi.

"Azadlıq" radiosunun məlumatına görə, bu fərmanı imzalamazdan əvvəl Tramp bəyan etmişdi ki, sosial media şirkətləri indiyədək "fərdi vətəndaşlar və ya geniş ictimai auditoriyalar arasında faktiki olaraq istənilən kommunikasiya formasını senzura etməkdə, məhdudlaşdırmaqda, redaktə etməkdə, dəyişdirməkdə və gizlətməkdə tamamilə nəzarətsiz olublar".

Birləşmiş Ştatların prezidenti əlavə edib ki, Amerika tarixində hələ heç vaxt bu qədər az sayda şirkət "insan ünsiyyəti" üzərində bu qədər nəzarətə malik olmayıb.

ABŞ-ın hazırkı qanunları sosial media platformalarını onlarda dərc edilən materiallara görə məsuliyyət daşımaqdan azad edir, çünki bunlar naşir yox, forum hesab olunur.

Trampın fərmanında qeyd olunur ki, bu şirkətlərin sosial media postlarına müdaxiləsi onları forumdan naşirə çevirir.

Fərmandan məqsəd Twitter və Facebook kimi platformalar üzərində rəsmi nəzarətin artırılmasıdır.

Hələ bu fərman verilməzdən əvvəl, mayın 27-də Twitter şirkətinin baş icraçı direktoru Jack Dorsey yazmışdı ki, onun təşkilatı "qlobal miqyasda seçki barədə doğru olmayan və ya mübahisəli informasiyaları işarələməkdə davam edəcək".

O əlavə etmişdi ki, bu, Twitter-i "həqiqət hakimi" etmir və o sadəcə olaraq, mübahisəli informasiyaları işarələməklə adamların bu barədə öz hökmlərini verməsinə kömək edir.

Facebook şirkətinin başçısı Mark Zuckerberg Fox News kanalına deyib ki, onun platformasının siyasəti Twitter-dən fəqlənir:

"Mən çox güclü şəkildə inanıram ki, Facebook adamların internetdə söylədiyi hər şey üçün həqiqət hakimi olmamalıdır".

Fərmanda nə deyilir?

Qərar bəzi hallarda Facebook, Twitter və YouTube kimi onlayn platformalara hüquqi mühafizə verən ABŞ-ın "Rabitə Dürüstlüyü Qanununa" aydınlıq gətirmək məqsədini daşıyır.

Qanunun 230-cu maddəsinə əsasən, sosial şəbəkələr istifadəçilər tərəfindən yerləşdirilən məzmuna görə məsuliyyət daşımır, əksinə ədəbsiz, təcavüzə səsləyən və ya zorakı məzmunu silmək kimi işlə məşğul ola bilərlər.

Hazırkı qanuna görə sosial media platformaları hüquqi məsuliyyət daşıyan "yayımçı" deyillər və bu fərman qüvvəyə minərsə, belə platformalar istifadəçilərin yüklədikləri məlumatlara görə "məsuliyyət" daşımalı olacaqlar.

BBC bildirir ki, Trampın son fərmanının məhkəməsinə çıxarılması gözlənilir.

Tramp çərşənbə günü SpaceX şirkətinin kosmik gəmisinin startına baxmaq üçün (pis hava şəraitinə görə uçuş sonradan təxirə salınıb) Floridaya getməzdən əvvəl də sosial şəbəkələri qərəzlilikdə ittiham etmişdi.

Mövzunu özünün Twitter profilində davam etdirən Amerika prezidenti paylaşımlarından birini bu cümləylə bitirib: "Onlar artıq tamam DƏLİ OLUBLAR. Hadisələrin davamını izləyin!!!"

Tramp Twitter administrasiyasının faktlara uyğun hesab etmədiyi paylaşımlarda poçtla səsvermənin genişləndirilməsinin böyük saxtakarlıqlara yol aça biləcəyini yazmışdı. Ancaq ABŞ-da bu cür səsvermə praktikasıyla bağlı araşdırmaların hamısında fırıldaqçılıq hallarına nadirən rast gəlindiyi qeyd olunub.

Daha sonra Tramp eyni məzmunda statusu "Facebook"da da yazıb. Bu şəbəkədə ona xəbərdarlıq edən olmayıb.

Öz platformasında saxta profillərə və dezinformasiyanın yayılmasına imkan yaratdığına görə Twitter sürəkli tənqid olunur.

ABŞ-ın tənzimləmə orqanları bu ölkənin "Apple", "Google", "Facebook" və "Amazon" kimi texnologiya nəhənglərində monopoliya hallarının və istifadəçi təhlükəsizliyinin qorunması səviyyəsiylə bağlı araşdırma aparırlar.

Trampa gəldikdə isə onun belə qərar qəbul etməsinin səbəbləri var. Daha doğrusu, Donald Tramp sosial şəbəkələrdəki qanunsuzluqlar, aqressiya, xaos və radikallıqdan usanıb.

Sosial şəbəkə xaosuna son qoyulmalıdır

Dünyanın ən demokratik ölkələrindən, dünya siyasətini müəyyənləşdirən güc mərkəzlərindən biri olan ölkənin birinci rəsmi şəxsinin - yəni prezidentinin söylədiyi fikirləri qeyri-dəqiq ola biləcəyi etiketi ilə yaymaq həmin prezidenti, əslində, etibarsızlaşdırmağa cəhd etməkdir. Ona görə də burada hüquqi məsuliyyət yaranır və hüquqi tənzimləmənin zəruriliyi bir daha aktuallaşır. Göründüyü kimi, bu müzakirələr və təsbitlər Trampın qərarının, əslində, düzgün olduğunu göstərir. Məsələ ondadır ki, sosial şəbəkələrin fəaliyyəti təkcə ABŞ-da dediyimiz halların yaranmasına səbəb olmur, eyni zamanda, dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da müəyyən mənfi fəsadlara gətirib çıxaran informasiya aləti rolunu oyanayır.

Bəzi vətəndaşlarımızın sosial şəbəkələri mənəvi - siyasi terror vasitəsinə, qeyri-ciddi və qeyri-obyektiv informasiya ruporuna çevirməsi buna əyani sübutdur. Ona görə də hər hansı bir formada mütləq sosial şəbəkələrdə olan bütün növ ictimai münasibətlərin hüquqla tənzimlənməsi vacibdir. Hazırkı vəziyyətdə isə Trampın belə bir qərar qəbul etməsi sosial şəbəkələrin hüquqa dəvət edilməsi istiqamətində atılan ilkin addımlardan biri kimi qiymətləndirilməlidir.

Ancaq, şübhəsiz ki, sosial media və sosial şəbəkələr qlobal informasiya cəmiyyətini yaradan əsas mübadilə platformasıdır və hazırkı mərhələdə sosial və hüquqi məsuliyyətini artırmaqla öz fəaliyyətində yeni keyfiyyət mərhələsi yaratmalıdır.

Elçin Alıoğlu
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.