Cəmiyyət

"İnformasiyaların qeyri-müəyyənliyi və çoxluğu da insanlara mənfi təsir göstərən məsələlərdəndir" - Psixoloq

26 May 2020 14:21
Baxış: 1 417
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk öncə, onu qeyd etmək istəyirəm ki, bütün kürəsəl epidemiyalar hər zaman insanlar üçün qorxulu olub. "Nəzərə alsaq ki, insanların əksəriyyəti bu situasiya ilə ilk dəfə qarşılaşırdı və karantin vəziyyətində qalırdılar, bu, normal olaraq, hər bir insanda qorxu, qayğı və stress yaratdı.

Bunu Milli.Az-a psixoloq Fidan Azərqızı söyləyib.

O bildirib ki, bu normal haldır: "Çünki qeyri-müəyyənlik var idi, pandemiya haqqında, tam olaraq, mütləq bir fikirdə deyildilər. Pandemiyanın nə zaman bitəcəyi haqqında hər hansı informasiyaların olmaması insanlarda stressi bir az da artırırdı.

"İnsanlar bu duruma fərqli yanaşdılar. Hər birimizin müşahidə etdiyi kimi, bir qrup insanlar bunu tamamilə normal qəbul edərək, rəsmi məlumatlara əsaslanaraq həyatlarını davam etdirdilər, qaydalara əməl etdilər, bir qrup isə xəstəliyə ciddi yanaşmadılar, laqeydlik etdilər və qaydalara əməl etməkdən çəkindilər. Üçüncü qrup insanlar isə tamamilə stress hissi keçirib və panikaya düşdülər.

İnsanların pandemiyaya yanaşmasının individual olduğu kimi karantin dövrünə də yanaşmaları fərqli olub. Karantin dövründə bir neçə mərhələdən keçdik. İlkin mərhələdə bu, bir qrup insan tərəfindən maraqla qarşılandı. Bir çoxları üçün uzun müddət sonra evdə qalıb istirahət etmək imkanı yarandı. Bəzi insanların əksəriyyətində bezginlik hissi yarandı, onlar bu durumdan sıxılmağa başladılar. İnsanların bir qismində depressiv epizodlar müşahidə etməyə başladıq. Belə ki, onlar bu halı qəbul etmiş və depressiv hal yaşayırdılar. Təbii ki, bu da başa düşülən idi.

Çox insanlar soruşur ki, "pandemiya dövründə insanlarda hansı psixoloji proseslər baş verdi?" Bunu tam olaraq qeyd etmək mümkün deyil. Bir müddət sonra bu sualın cavabını dəqiq vermək olar. Amma insanların davranışlarında, düşüncələrində müəyyən dəyişikliklər oldu".

O bildirib ki, pandemiya ilə bağlı tətbiq olunan karantin rejiminin müsbət tərəfləri də olub: "İnsanlar arasında yardımlaşma mədəniyyətinin yenidən aktual olmasına gətirib çıxartdı, bəzi insanlar özləri ilə bağlı müəyyən kəşflər etdilər, uzun müddətdir dincələ bilməyən şəxslər üçün istirahət etmək imkanı yarandı. Amma bunu hər kəsə aid etmək olmaz, çünki tamamilə, bunun əksini yaşayanlar da oldu.

Həyəcan, təşviş pozuntusu yaşayan pasiyentlərimiz var idi ki, onlarda bu hal özünü daha da çox, başqa simptomlarla biruzə verməyə başladı. Hər hansı narahatlığı olmayan insanlarda da bu duruma gətirən təşviş, həyəcan yaşandı"

Psixoloq karantin rejiminin ailədaxili münasibətlərə təsiri barədə də danışıb. O bildirib ki, bu da insanlardan asılı olaraq dəyişir. Bir qism insanın münasibətləri bu ərəfələrdə möhkəmlənsə də, digər qism arasında gərginliyin artmasına səbəb olub.

Psixoloqun fikrincə, insanların yeni qaydalara adaptasiya prosesi müxtəlif olacaq:

"Hər bir kəs ilk olaraq qeyri-müəyyənliyi azaltmaq üçün çalışmalıdılar ki, məlumatları doğru informasiya mənbələrindən əldə etsinlər. Çünki informasiyaların qeyri-müəyyənliyi və çoxluğu da insanlara mənfi təsir göstərən məsələlərdəndir. Bunu karantin dövründə də müşahidə etdik".

O, sonda insanlara sosial məsafəni qorumağı, tibbi maskalardan istifadə və gigiyenik qaydalara riayət etməyi tövsiyə edib.

Bəxtiyar Umarlı
Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.